Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Radikal müxalifətin “donosbazlıq yarışı”

Radikal müxalifətin “donosbazlıq yarışı”

Otuz ilə yaxındır ki, eyni şüarlar, mitinqlərdə “köhnə bayatılar” səsləndirən, “biz hakimiyyətə gələcəyik” – deyib insanlara yalan vədlər verən radikal müxalifət meydan hərəkatı dövründən qalmış düşüncə tərzindən hələ də əl çəkə bilmir. Onlar  bu müddət ərzində “bəlkə də qaytardılar” xülyası ilə yaşayır, müxtəlif vasitələlərə hakimiyyəti ələ keçirmək istəyirlər. Ancaq  1992-ci və 1993-cü ilin birinci yarısına qədər ölkəyə rəhbərlik etdikləri dövrdə baş verənləri nədənsə unudurlar. Halbuki,  AXC-Müsavat hakimiyyəti dövründə baş verən özbaşınalıq, anarxiya və xaos heç vaxt unudulmayacaq.

Yenicə bərpa olunmuş dövlət müstəqilliyimizi uçurumun bir addımlığına yaxınlaşdıran radikal müxalifət rəhbərləri son anda canlarını qurtarmaq üçün ulu öndər Heydər Əliyevə yalvarıb-yaxardılar. Əslində, onları xalqın taleyüklü məsələlərindən çox, öz aralarında birincilik uğrunda yaranmış silahlı qarşıdurmadan sağ-salamat qurtarmaları  maraqlandırırdı. Nə yaxşı ki, xalqın təkidli xahişindən sonra Heydər Əliyev ölkəyə rəhbərlik etməyə razılıq verdi. Həm parçalanma və vətəndaş müharibəsi həddinə çatmış Azərbaycan xilas oldu, həm də Surət Hüseynovun silahlı dəstəsi qarşısında təslim olmaq həddinə çatmış AXC-Müsavat iqtidarı.
Son vaxtlar radikal müxalifət nümayəndələri arasında yenidən canlanma yaranıb. Antiazərbaycan qüvvələrin əlaltılarına çevrilmiş həmin ünsürlər daha çox qrant əldə etmək üçün sanki bir-biri ilə” donosbazlıq yarışı”na giriblər. AXCP sədri Əli Kərimli, onun himayəsində olan, adı olub, özü olmayan qondarma Milli Şuranın sədri Cəmil Həsənli, digər tərəfdən özünüreklam kampaniyasına keçən “REAL” adlı təşkilatn sədri İlqar Məmmədov, son zamanlar “mən də varam” deyib səsini çıxarmağa cürət edən  Müsavat partiyasının  başqanı  Arif Hacılı ölkəmiz haqqında yalan və böhtanlar uydurur, guya “siyasi məhbus”ların sayının getdikcə artdığı, insan hüquq və azadlıqlarının pozulduğu barədə xarici ağalarına və Avropanın müxtəlif ölkələrinə göndərdikləri milli xəyanətkarlara “faktlar” ötürürlər.  Donosbazlığı özlərinə peşə seçən radikal müxalifət nümayəndələri bu yolla  ermənipərəst dairələrə sadiqlik nümayiş etdirirlər.
Sosial bazası və ictimai dəstəyii olmayan  radikal müxalifət nümayəndələri yaratdıqları saxta profillərlə böhtan kampaniyasını davam etdirirlər. Xüsuilə, AXCP sədri Əli Kərimlinin yazdığı “statuslar” onun siyasi etikanın bütün sərhədlərini aşdığını açıq şəkildə nümayiş etdirir. Ə.Kərimli və onun ətrafında olanlarda öz xalqına, Vətəninə, millətinə nifrət hissi, kin-kidurət o dərəcədə çoxalıb ki, hətta erməni şovinistləri  belə Azərbaycana qarşı  onun qədər aqressiv deyil. 
Radikal müxalifətin Avropadakı əlaltıları da özləri kimi, sanki öz xalqına, millətinə qarşı  düşmən kəsiliblər. Orduxanlar o dərəcədə satılıblar ki, hətta sığınacaq tapdıqları ölkələrdə  bir dəfə də olsun  işğalçı Ermənistanın, onun rəhbərinin əleyhinə etiraz səslərini qaldırmayıblar. Belələri az da olsa, öz xalqının təəssübünü çəksəydi, Ermənistanın işğalçı siyasətindən, bir milyondan artıq soydaşımızın doğma ata-baba yurdlarından zorla qovulmasından yerli əhaliyə məlumat versəydi, ermənilərin ifşa olunmasında   zəhmətləri olardı. Ancaq nədənsə, bütün bunların əvəzində, onları Azərbaycanın sürətli inkişafı, əhalinin sosial rifahının getdikcə yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, pensiyaların, əməkhaqlarının, sosial müavinətlərin artırılması, Qarabağ əlillərinə, şəhid ailələrinə və digər təbəqədən olan insanlara pulsuz evlər verilməsi daha çox qıcıqlandırır. Sanki dərk etmirlər ki, sosial müavinətlərin, pensiyaların, əməkhaqlarının artırılması onların da yaxınlarına, qohumlarına, doğmalarına şamil olunur.
Ermənistanda baş verənləri “demokratiyanın təntənəsi” kimi xalqa sırımaq istəyən radikal müxalifət, görünür, işğalçı siyasəti, günahsız insanların qətlə yetirlməsini, cəbhəboyu ərazilərdə törədilən təxribat əməllərini demokratik proses hesab edir. Bu günlərdə Xankəndidə keçirilən mitinqdə çıxışına “miatsum” şüarı ilə başlayan Nikol Paşinyanın  Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi çağırışına, ümumiyyətlə, münasibət bildirməyən radikal müxalifət nümayəndələri susmaqla düşmənə dəstək verdiklərini nümayiş etdirdilər. Hətta Dağlıq Qarabağda yaşayan bəzi ermənilər  özgə dövlətin  ərazisini Ermənistana birləşdirməyə çağıran Paşinyanı qınasalar da, nə Əli Kərimli, nə İlqar Məmmədov, nə Cəmil Həsənli, nə Arif Hacılı, nə də qeyriləri etiraz səslərini çıxardılar. Ancaq küçədə  avtomobil qəzası baş verəndə və ya təbii fəlakətlər, yanğınlar zamanı bəyanatı bəyanat ardınca verir, özlərini ziyan dəymiş sahibkarlara, zəlzələdən, daşqınlardan evləri dağılmış insanlara, bütövlükdə, xalqa canıyanan kimi göstərirlər. Eləcə də konkret cinayət törətmiş, hətta məhkəmə istintaqı zamanı cinayətini etiraf etmiş məhkumdan “siyasi məhbus” düzəltmək üçün cilddən-cildə girir, sonra da “milçəkdən fil düzəldib” xarici ağalarına “qatı açılmamış fakt” göndərirlər. Burada da radikal müxalifətin “yarışması” özünü açıq şəkildə büruzə verir: kim yalanı hansı formada təqdim edəcək?
 Bu yerdə radikal müxalifət nümayəndələrinə Dağlıq  Qarabağda yaşayan ermənilərin Nikol Paşinyanın   işğal altında olan Azərbaycan ərazisinin Ermənistana birləşdirilməsinə etiraz əlaməti olaraq yaydıqları bəyanatdan bəzi məqamları xatırlatmaq istərdik ki, onlar terrorçu erməninin “qəhrəmanlaşdırılmasına” dəstək verməkdənsə, bəzi ermənilər kimi, heç olmasa, doğma ərazilərimizin işğalına da etiraz səslərini qaldırsınlar. 
İşğalçı ölkənin baş nazirinin “miatsum” şüarına etiraz edən ictimai xadim Artur Ağacanovun başçılıq etdiyi Dağlıq Qarabağın erməni icmasının nümayəndələrinin bəyanatında deyilir ki, Nikol Paşinyanın Azərbaycanın Yerevan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi ilə bağlı çağırışları yolverilməzdir və bu, Ermənistan–Azərbaycan münaqişəsində yeni gərginlik yarada bilər. 
30 ildən sonra Xankəndidə, yenidən həmin meydanda keçirilən mitinqdə “miatsum” çağırışının səsləndirilməsindən qeyzlənən xaricdə yaşayan ermənilər bunu yolverilməz hesab edirlər. Bizim radikal müxalifət isə Paşinyanı demokratik fikirli insan kimi təqdim edir. Erməni icmasının əksər üzvləri sülh istədiklərini bəyan etdiyi və Dağlıq Qarabağın gələcəyini Azərbaycanın tərkibində gördüklərini bildirdiyi halda,  bəs Azərbaycanın da oturub təhlükəsiz, qorxusuz, rahat yaşayan radikal müxalifət nümayəndələri nə düşünürlər?  Onlar ölkəmiz haqqında donosbazlıq etmək üçün yeni “faktlar” axtarır,” siyasi məhbusların” sayını artırır, yeni maliyyə imkanları əldə etmək üçün  ölkəmizin inkişafını gözü götürməyən istənilən xarici təşkilatın əlində  alətə çevrilməyə hazır olduqlarını nümayiş etdirirlər.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

16 2019 22:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə