Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paşinyanın sərsəm bəyanatı gərginlik yaradıb

Paşinyanın sərsəm bəyanatı gərginlik yaradıb

İşğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu il avqustun 5-də Azərbaycanın işğal edilmiş ərazilərindəki çıxışı bu ölkənin onsuz da ağır olan vəziyyətini daha da gərginləşdirirb. Baş nazirin sərsəm fikirlərini sonradan başqa istiqamətə yönəltməyə çalışan, guya Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında sülh variantına üstünlük verdiyini zorla da olsa, sübut etmək istəyən Xarici İşlər Nazirliyinin bütün ümidlərini müdafiə naziri Zöhrab Mnatsakanyanın səsləndirdiyi fikirlər alt-üst etdi. Artıq beynəlxalq birliyə də məlum oldu ki, işğalçı ölkənin həm baş naziri, həm də müdafiə naziri münaqişənin nizamlanmasında danışıqlar prosesinin üstündən birdəfəlik xətt çəkərək işğalçı siyasəti davam etdirmək fikrindədirlər.

Məlum olduğu kimi, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan “Bu ölkənin Dağlıq Qarabağın mənsubiyyəti ilə bağlı rəsmi mövqeyi nədir?” – sualına cavab verərkən baş nazir Nikol Paşinyanın təxribatçı ifadəsini təkrarlayıb. Xarici işlər nazirinin bu təxribatçı cavabından sonra Azərbaycanın Xarici İşlər Nazirliyi BMT–nin və ATƏT–in baş katiblərinə, habelə ATƏT-in Minsk qrupunun həmsədrlərinə və bu qrupun digər üzv ölkələrinin xarici işlər nazirlərinə məktublar ünvanlayaraq, Nikol Paşinyanın bəyanatları səbəbindən meydana gələn təhlükəli vəziyyətlə bağlı mövqe bildirib. Ermənistan rəsmilərinin işğalçı mövqeyi beynəlxalq qurumları, xüsusilə ATƏT-in Minsk qrupunu hərəkətə gətirmək əvəzinə, həmin qurumların hələ də susqunluq nümayiş etdirmələri başa düşüləndir. İkili standartlar mərəzi hələ də bir sıra nüfuzlu beynəlxalq təşkilatların ən çox əziyyət çəkdikləri “sağalmaz xəstəliyə” çevrilib.
 Nikol Paşinyanın Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Xankəndi şəhərində səsləndirdiyi absurd bəyanatı, əslində, onu beynəlxalq birlik, xüsusilə də ATƏT-in Minsk qrupu həmsədrləri qarşısında pis vəziyyətə salıb. Belə məsuliyyətsiz bəyanat beynəlxalq hüquqa və münaqişənin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürmüş beynəlxalq təşkilatın – Minsk qrupunun mövqeyinə tamamilə zidd olsa da, Ermənistan öz işğalçı yolundan dönmür və beynəlxalq təşkilatların susqunluğu bu ölkəni daha da həyasızlaşdırır.
Qeyd edildiyi kimi, N.Paşinyanın Qarabağda səsləndirdiyi “miatsum” şüarı münaqişənin sülh yolu ilə tənzimlənməsinə yönələn bütün səyləri heçə endirir. Bu təxribatçı şüar Ermənistan tərəfinin əsl simasını üzə çıxardı və danışıqlar prosesinin pozulmasına yönələn rəsmi mövqeyini ortaya qoydu. Əsində, baş nazirin bu sərsəm fikri Ermənistanın işğalçı ölkə olduğunu rəsmən təsdiqlədi və bu, beynəlxalq təsisatların diqqətinin cəlb edilməsi üçün ciddi bir fakt olmalıdır. 
Ölkəmizin ərazilərində fəaliyyət göstərən cinayətkar qurumun iştirakı ilə keçirilmiş tədbirdə Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışı, təmsil etdiyi ölkənin Azərbaycana qarşı hərbi təcavüz siyasəti apardığını bir daha nümayiş etdirdi. Nikol Paşinyanın həyata keçirdiyi işğalçı siyasəti və hərbi təcavüzü açıq şəkildə səsləndirməkdən belə çəkinməməsi, əslində, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlikdir. Paşinyan Azərbaycanın beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti tərəfindən tanınan suveren ərazisinin–Dağlıq Qarabağın Ermənistana aid olduğunu bəyan etməklə münaqişə barəsində tamamilə məlumatsız olduğunu və işğal siyasətini davam etdriməsini bir daha təsdiqləyib. Nikol Paşinyanın bu bəyanatı, üstəlik, xarici işlər nazirinin baş nazirini işğalçı mövqeyinin müdafiəsinə qalxması, əslində, Ermənistanın əsl niyyətinin məhz işğal siyasət olduğunu açıq şəkildə ortaya qoydu. Baş nazirin, o cümlədən Dağlıq Qarabağdakı cinayətkar rejim tərəfindən indiyə qədər səsləndirilən “öz müqəddəratını təyin etmək hüququ” işğal siyasətinin arxasında gizlənməkdən başqa bir şey olmadığını təsdiqlədi. 
 Onu da qeyd edək ki, Azərbaycanın işğal edilmiş ərazilərində təşkil olunmuş “idman oyunları” doğma ata-baba torpaqlarından qovulmuş azərbaycanlıların hüquqlarının pozulması və etnik təmizləmənin bariz nümunəsidir. Bu oyunların keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Eyni zamanda, həmin “tədbirdə” Ermənistanın dövlət rəsmilərinin iştirakı və çıxışı beynəlxalq ekspertlər, xüsusilə ATƏT-in Minsk qrupu həmsədr dövlətlərinin siyasi xadimləri tərəfindən kəskin tənqid olunur və etirazla qarşılanır. Məsələn, amerikalı analitikin: “ABŞ, Azərbaycan da daxil, keçmiş sovet respublikalarının ərazi bütövlüyünü tanıyır...” fikrini səsləndirməsi baş nazir Nikol Paşinyanın sərsəm fikirlərinə etirazdır. 
Tanınmış amerikalı sabiq diplomat, Vaşinqtondakı “Atlantic Council” (“Atlantika Şurası”) Analitik Mərkəzinin Avrasiya bölümünün direktoru Con Herbest 1 in.am erməni portalına verdiyi açıqlamada bildirib ki, Nikol Paşinyanın “miatsum” sərsəmləməsini sülhə xidmət etməyən gediş kimi qiymətləndirib və baş nazirin bu fikirlərinin sırf daxili auditoriyaya hesablandığını bildirib. Politoloq deyib ki, SSRİ dağılanda Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olub: Ermənistan son 30 ildə, təəssüflər olsun ki, Dağlıq Qarabağla bağlı inadlı mövqeyi ucbatından özünü təcrid edib. Bu mövqe açıq-aşkar həm Azərbaycan–Ermənistan münasibətlərini qəlizləşdirib, həm də Ermənistanın ən qüdrətli qonşusu olan Türkiyə ilə problemin nizamlanmasını daha da qəlizləşdirib". 
Politoloq Dağlıq Qarabağ məsələsində sərt mövqeyin Ermənistana baha başa gələcəyinə əminliyini ifadə edib. 
Minsk qrupunun digər həmsədr dövlətlərindən olan Rusiya Federasiyasının rəsmisi–Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova da Paşinyanın məlum açıqlamasına münasibət bildirərkən deyib ki, Dağlıq Qarabağın yekun statusu Bakı və İrəvan arasında danışıq yolu ilə müəyyən olunmalıdır: “Yekun qərarı Bakı və İrəvan danışıqlar prosesində verməlidir. Hamı bilir ki, danışıqlar aparılır. Rusiya, ABŞ və başqa ölkələr bu prosesdə iştirak edirlər ki, nəticə əldə olunsun. Əlbəttə, aydındır ki, son 25-30 ildə bu proses elə də uğurlu olmayıb. İstənilən halda yaxşıdır ki, dinc danışıqlar prosesinin fasiləsizliyi qalır”. 
Tanınmış rusiyalı politoloq, Avrasiya İdeyalar Emalatxanası Elmi Araşdırmalara Dəstək Fondunun Ekspertlər Şurasının sədri Qriqori Trofimçukun Nikol Paşinyanın Xankəndidə səsləndirdiyi bəyanatla əlaqədar verdiyi açıqlama da diqqət çəkən məqamlardandır. Politoloq bildirib ki, bu bəyanat uzun illərdir Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesinin üzərindən xətt çəkir. O, haqlı olaraq ATƏT-in Minsk qrupunun bu bəyanata laqeyd münasibətini kəskin tənqid edərək deyib ki, Ermənistanın baş nazirinin Xankəndidə səsləndirdiyi bəyanata ilk reaksiya ATƏT-in Minsk qrupu həmsədrlərindən gəlməli idi. O, beynəlxalq müşahidəçilərin də məlum bəyanata münasibət bildirməmələrindən təəssüfləndiyini bildirib. Politoloq deyib ki, Minsk qrupunun həmsədrləri Paşinyanın bəyanatına mütləq münasibət bildirməlidirlər. Çünki bu bəyanat məhz onların vasitəçiliyi ilə aparılan danışıqların üzərindən xətt çəkir. Əks halda, Dağlıq Qarabağ ətrafında vəziyyət daha da gərginləşər.
Göründüyü kimi, Ermənistanın dövlət idarəçiliyindən tamamilə bixəbər və siyasi təfəkkürü olmayan baş naziri qeyri-ciddi açıqlamaları ilə onsuz da ağır vəziyyətdə olan ölkəsində siyasi böhranı daha da dərinləşdirib. Artıq tanınmış politoloqların açıqlamaları beynəlxalq təşkilatları hərəkətə gətirib. 
Bu arada rəsmi Vaşinqtonun Ermənistanın iki şirkətinə sanksiya tətbiq etməsi işğalçı ölkədə vəziyyəti daha da mürəkkəbləşdirib. Bu, Nikol Paşinyanın ABŞ-a səfəri ərəfəsində ona yaxşı “sürpriz” oldu. Xəbər verildiyi kimi, ABŞ-ın Ticarət Nazirliyinin “qara siyahı”ya saldığı ölkələrin sırasında Ermənistanın da adı var. Sanksiyalar siyahısında Ermənistanın iki şirkəti yer alıb: İrəvan Elmi-Tədqiqat Rabitə İnstitutu QSC (İrNİSS) və “Markel” QSC. 

 

Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”

16 2019 22:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə