Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İstehlak bazarında bahalaşma olması barədə iddialar əsassızdır

İstehlak bazarında bahalaşma olması barədə iddialar əsassızdır

Mərkəzi Bankın “Pul siyasəti” icmalına (yanvar- iyun) əsasən, istehlak səbətində qiyməti artan və azalan məhsul və xidmətlərin sayındakı fərqin dəyişən dinamikasını göstərən diffuziya indeksi ilin əvvəlindən etibarən azalıb. Başqa sözlə, 6 ay ərzində 520 adda mal və xidmətdən 114-nün qiyməti aşağı düşüb, 50-nin qiyməti isə dəyişməz qalıb.  

Bahalaşan məhsulların 68 faizində qiymət artımı 2 faizdən aşağı olub. Keçən ilin 6 ayında məcmu tələbin genişlənməsi və bir sıra qeyri-monetar amillərin qiymətlərə artırıcı təsirinə baxmayaraq, ikitərəfli və nominal effektiv məzənnənin dinamikası, inflyasiya gözləntilərinin faktiki inflyasiya səviyyəsindən aşağı qərarlaşması, həmçinin monetar siyasət inflyasiyanın hədəf çərçivəsində qalmasını şərtləndirib. 
Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsullarının qiymət dəyişimi nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2019-cu ilin yanvar-iyun aylarında 2,7 faiz təşkil edib. Orta illik baza inflyasiyanın ümumi infyasiyanı üstələməsi başlıca olaraq qaz təchizatı üzrə istifadə limitinin artırılması ilə bağlı olub.  
Sözügedən dövr ərzində inflyasiyanın hədəf diapazonunda qərarlaşmasına təsir göstərən amillərdən birini gözləntilər təşkil edib. Aşağı faktiki inflyasiya fonunda inflyasiya gözləntiləri sabit qalıb.
Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələrinə əsasən, 2019-cu ilin yanvar-iyun aylarında növbəti 3 ay üzrə qiymət gözləntiləri emal sənayesində azalıb, ticarət sektorunda, tikinti və xidmət sektorunda isə artıb.  
Qiymət gözləntiləri emal sənayesinin tikinti materiallarının istehsalı, tekstil, maşınqayırma, plastik kütlə və qeyri-metal mineral məhsulların istehsal sahələri üzrə azalıb, yeyinti, kimya və metallurgiya sahələri üzrə isə artıb.  
Mövsümi amillər iyul ayında və avqustun ötən günlərində də ərzaq inflyasiyasına azaldıcı təsir edib. Onu da deyək ki, 2019-cu ilin sonuna inflyasiyanın hədəf daxilində qalacağı proqnozlaşdırılıb.
Statistika Komitəsinin məlumatına əsasən, 2019-cu ilin yanvar-iyun aylarında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində 1,9  faizlik artım müşahidə olunub. Eyni dövrdə qiymətlər heyvandarlıq məhsulları üzrə 4,2 faiz artıb, bitkiçilik məhsulları üzrə isə 2, 3 faiz azalıb. Bununla yanaşı, meşə təsərrüfatı məhsulları üzrə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri dəyişməyib.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi  Firdovsi Fikrətzadənin bildirdiyinə görə, hazırda dövlət kənd təsərrüfatı məhsullarının istehsal vasitələri ilə təminatının yaxşılaşdırılması üçün müvafiq dəstək verir. Bunun nəticəsində artıq kənd təsərrüfatı məhsullarının istehsalında yüksək artım dinamikası müşahidə olunur.
F.Fikrətzadə bu ilin 6 ayı ərzində, ümumilikdə, kənd təsərrüfatı məhsullarının  istehsalında yüksək artım dinamikası müşahidə olunduğunu nəzərə çatdırıb. Bildirib ki, bu artım dinamikası həm də onu göstərir ki, hər bir fermerin istehsal edərək bazara çatdırdığı məhsulun həcmi artıb. Builki mövsümdə kənd təsərrüfatı məhsulları bazarının perspektivli tərəfi odur ki, fermerlər üçün bazar şərtləri daha əlverişli olub.  
Nazirlik nümayəndəsinin sözlərinə görə, bazarda qiymətlərin mövsümdən asılı olaraq müxtəlif səviyyələrdə dəyişmələri var. O, bu fikrini əsaslandırmaq üçün vurğulayıb ki, iyun ayında faraş məhsullar yetişib qurtarandan sonra iyulda hava şəraitinə görə bəzi məhsulların, məsələn, açıq sahədə olan pomidorun bazara daxil olmasında iki həftə gecikmə oldu. Ancaq indi pomidorun qiyməti çox sabitdir, keçən ilki mövsümdə pomidor hansı qiymətdə idisə, bu il də o səviyyədədir. Digər tərəfdən, bu il taxıl məhsullarının qiyməti də regionumuzda taxıl təchizatçısı olan Rusiya və Qazaxıstanın qiymətlərinə uyğun formalaşıb. Məsələn, əvvəllər daxili bazarda taxılın qiyməti fərqli idi, çünki ərzaqda göstəricisi aşağı idi. Amma indi emal müəssisələrimiz, dəyirmanlarımız yerli istehsalçıların istehsal etdikləri taxılın böyük miqyasda alışını həyata keçirir. Nəticə etibarı ilə bu mövsümdə fermerlər öz məhsullarını regionun digər fermerləri ilə eyni qiymətə sata biliblər. Bu, cari il üçün spesifik, fermerlərimiz üçün isə əlverişli haldır.
F. Fikrətzadənin bildirdiyinə görə, dövlətin aqrar bazar infrastrukturunu, yəni logistika, topdansatış bazarlarının genişlənməsi istiqamətində apardığı dəstək tədbirləri özəl sektorun inkişafına müsbət təsir göstərir: “Bu, ümumilikdə, kənd təsərrüfatı bazarında qiymətlərin həm istehsalçı, həm də istehlakçı üçün əlverişli olması baxımından tələb edilən əsas şərtdir. Logistika, topdansatış bazarlarının genişlənməsi istiqamətində siyasətin davam etdirilməsinə ehtiyac var. Xüsusən, kənd təsərrüfatı məhsulları üzrə topdansatış bazarının daha müasir infrastruktura malik olmasına, genişləndirilməsinə ehtiyac yaranıb. Bu istiqamətdə dövlətin dəstək təbirləri davam etdirilir”.
Bütün bunlar göstərir ki,  bu il kənd təsərrüfatı məhsullarının qiymətində bahalaşma olması barədə iddialar əsassızdır. Qiymət artımları sırf mövsümi xarakter daşıyır. Məsələn, pomidorun qiymətində artım ona görə baş vermişdi ki, yığım hava şəraiti ilə bağlı iki həftə gec başladı. Yaxud, deyirlər ki, taxılın qiyməti qalxıb. Bu, tamamilə yanlışdır. Sadəcə, Azərbaycanda taxılın keyfiyyət göstəriciləri yüksəldiyinə görə dəyirmanlar yerli taxılın alışını artırdı. Bu il taxıl məhsullarının bazarda qiyməti regionda Rusiya və Qazaxıstanın təklif etdiyi keyfiyyətli ərzaq buğdası ilə eyni səviyyədə formalaşmağa başladı. Səbəb isə odur ki, yerli fermerlərin məhsulları dəyirmanlar üçün daha çox keyfiyyətlidir.  

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

 

16 2019 22:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə