Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zaqatala: Aqrar sektorun ənənəvi sahələri sürətlə inkişaf edir

Zaqatala: Aqrar sektorun ənənəvi sahələri sürətlə inkişaf edir

Avqustun 31-də Prezident İlham Əliyevin yanında  sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə dövlət başçımız bu iki istiqamətin mövcud vəziyyəti ilə bağlı kifayət qədər nikbin danışmışdır. Prezident qeyd etmişdi ki, kənd təsərrüfatında bu il rekord göstərici əldə edilib…Bu, aparılan islahatlar nəticəsində mümkün olub. Müxtəlif istiqamətli addımlar kənd təsərrüfatında canlanmaya gətirib çıxarıb. Əlbəttə ki, dövlət dəstəyi hər zaman olduğu kimi, bu il də göstərilir, bundan sonra da göstəriləcək. Bu istiqamətdə atılan addımlar artıq real nəticələr verir və kənd təsərrüfatı uğurla inkişaf edir. 

Bunun  nəticəsidir ki, respublikamızda, bu sahə uğurla inkişaf edir. Amma, insaf naminə deyək ki, Zaqatalada  uğurlar daha böyük, inkişaf daha sürətlidir. 
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə görüşümüzdə də bu barədə ətraflı söhbət getdi. Həmin söhbətdə öyrəndim ki, zaqatalalı bir fermer bu il bir tondan artıq barama istehsal edib. Rayon rəhbəri dedi: “Aqrar  sektorda həyata keçirilmiş  tədbirlər sayəsində  rayonda  2019-cu ilin birinci yarısında 41 milyon 90 min manat kənd təsərrüfatı məhsulları istehsal edilib, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 418,4 min manat çoxdur. 
 Rayonda bütün imkanlar səfərbər olunaraq kənd təsərrüfatı işləri aqrotexniki müddətlərdə və keyfiyyətlə icra edilib,  fermer təsərrüfatlarına güzəştli qaydada 1143,9 ton mineral gübrələr və 913,2 litr pestisidlər satılıb. Cari ilin məhsulu üçün əkilmiş 10 min 990 hektar taxıl sahəsindən  23 min 425 ton buğda, 9744 ton arpa biçilib. Yazlıq əkinlər üzrə 6600,5 ton kartof, 2513 ton tərəvəz, 304 ton bostan məhsulu, 1543 ton meyvə, 18 ton yaşıl çay yarpağı istehsal olunub”. 
Həmsöhbətim qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların özünü maliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması, idxalı əvəzedən və ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması və inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq Zaqatala rayonunda məqsədyönlü tədbirlər davam etdirilir.
Məsələn, tütünçülüyü inkişaf etdirmək məqsədilə  fermerlər arasında tütünçülüyün ixrac potensiallı olması barədə geniş maarifləndirmə tədbirləri davam etdirildiyinin nəticəsidir ki,  cari ildə 615,20 hektar sahəyə tütün əkilmiş və 1842 nəfər mövsümi işə cəlb edilmişdir. Tütün yığımı, qurudulması və tədarükü uğurla davam edir.                  
Rayonda mövcud olan fındıq bağlarının sahəsinin iki dəfə artırılması ilə əlaqədar müvafiq tədbirlər davam etdirilir. Bu ilin yaz mövsümündə 255 hektar sahədə yeni fındıq bağları salınaraq mövcud fındıq bağları 19 min 760 hektara çatdırılmışdır.
Rayonda barama istehsalı ötən illə müqayisədə 4846 kiloqram  və ya 8 faiz artırılaraq “Şəki-İpək ASC”-yə 52,95 ton yaş barama  təhvil verilmişdir.
Zaqatala  üçün ənənəvi və ixrac potensialı yüksək olan sahələrdən biri də gülçülükdür. Bu il  “AzRose” MMC tərəfindən əlavə 20 hektar sahədə gül tingləri əkilərək qızılgül sahəsi 144,79 hektara, lavanda sahəsi isə 36,18 hektara çatdırılmışdır.  Bar verən sahələrdən  280 ton qızıl gül, 26 ton lavanda ləçəyi tədarük edilmiş, müəssisə tərəfindən 70,5 kiloqram qızılgül yağı və 1034 kiloqram lavanda yağı istehsal olunmuşdur.
 Ölkəmizdə arıçılıq sahəsinə dövlət qayğısının təzahürü olaraq “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 
2018-ci il 5 mart tarixli 3747 nömrəli sərəncamının icrası məqsədi ilə rayonun inzibati ərazi dairələri üzrə 2019-cu il mövsümü üçün sənədlərini təqdim etmiş 1250 nəfər arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları 28825 arı ailəsinə (pətəyə) görə  288 min 250 manat subsidiya hesablanıb.
Bütün bunlar kənd əməkçisinin alın təri, gərgin əməyi nəticəsində əldə edilmiş uğurlar olduğuna görə, bizim üçün də dəyərlidir və təqdir edirik. Barama istehsalında fərqlənən iki-üç nəfər zaqatalalı fermerin adını öyrənmək istədim. Mənə böyük bir siyahı təqdim etdilər.  Orada qeyd edilirdi ki, Lahıc kəndindən olan fermer Rəhman Bayramov bu il 1039 kiloqram, Maqov kəndinin sakini Məmmədkamil Qardaşov 821 kiloqram, Çobankol kəndindən Hacı Həşimov 688 kiloqram, Muxaxdan  Pirdovus Abdullayeva 516 kiloqram, Aşağı Taladan İlham Lələyev 426 kiloqram … məhsul verib. 
Lahıclı fermer, bir tondan artıq ( 40 ilə yaxın olan jurnalistlik fəaliyyətim dövründə belə faktı ilk dəfə eşidirdim) barama istehsal etmiş Rəhman Bayramovu bu uğur münasibətilə təbrik etdim və ürək sözlərini eşitmək istədim. Maraqlı fikirlər eşitdim: 
–Barama qurdunun bəslənməsi müddət etibarilə az olsa da,  çox məsuliyyətli və zəhmət tələb edən işdir. Ona görə də həmin günlərdə bu zəhməti heç kəsə arzulamırdım. Ancaq keçən il, zəhmətimin nəticəsini görəndə, baramanın pulunu alanda  ürəyimdən keçdi ki, Allah kəndimizin bütün sakinlərinə belə bərəkətli əmək, xoş nəticələri olan zəhmət versin. Dövlət başçısına  və rayon rəhbərliyinə də minnətdaram ki, bizə bu şəraiti yaradıblar. 
Maqov kəndinin sakini – 821 kiloram barama istehsal etmiş  Məmmədkamil Qardaşov isə başqa mətləblərdən söz acdı: 
–İndi barama istehsal etmək istəyən kənd sakinlərinin çoxalmasının bir neçə səbəbi var. Birincisi  odur ki, baramanı bizdən  əvvəlki kimi qəpik-quruşa deyil, normal qiymətə alırlar. İkincisi, əvvəllər alacağımız vəsaiti aylarla gözləyirdik. İndi o problem yoxdur. Üçüncüsü , əvvəllər baramanı təhvil vermək üçün nəqliyyat problemi ilə qarşılaşır,  başqa rayona aparırdıq. İndi o problem də yoxdur. Belə olduğuna görə də əvvəlki illərdə 150-200 kiloqram barama istehsal edənlər indi istehsalı 650-700 kiloqrama çatdırırlar. Söhbət bundan gedir.
Fermer Hacı Həşimovun məntiqi isə daha fərqlidir: 
–Barama istehsalı bizim üçün yeni məsələ deyil. Nə zamansa olmuş, sonra unudulmuş istehsal sahəmizdir və  Allah bu sahəni dirçəldənlərin atasına rəhmət eləsin! Kənd camaatının dolanışığına kömək edən istənilən addım alqışlanmalıdır.
Yeri gəlmişkən, elə kənd təsərrüfatı naziri İnam Kərimov da iyulun 31-də Prezidentin yanında keçirilən müşavirədə xatırlatdı ki, bu il bizim qarşımızda duran əsas vəzifələrdən biri daim fermerlərin  yanında olmaq, onların üzləşdikləri problemlərin həllində yaxından iştirak etməkdir. 
Bu qeydlərimə son  nöqtəni  qoymazdan əvvəl Prezident İlham Əliyevin 2017-ci il avqustun 3-də Zaqataladakı  “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olarkən söylədiyi fikirlərə diqqət yönəltmək istəyirəm. Dövlət başçımız o zaman demişdi: “Zaqatala rayonu və qonşu rayonlar da hazırda çox sürətlə inkişaf  edir. Ənənəvi kənd təsərrüfatı sahələri bərpa edilir, o cümlədən tütünçülük, baramaçılıq, fındıqçılıq geniş vüsət alıb. Biz gələcək illərdə dövlət proqramlarının qəbulu və icrası nəticəsində əkin sahələrini böyük dərəcədə artıracağıq və beləliklə, çox güclü kənd təsərrüfatı potensialı yaradılacaqdır.
Qızılgül yağı isə bizim üçün ənənəvi olan sahədir. Mütəxəssislərin rəyinə görə, bu yağı istehsal etmək üçün ən münbit şərait, torpaq, iqlim məhz Zaqatala rayonundadır. Ona görə, bu gözəl yeni müəssisə burada yaradılıb. Görürəm ki, artıq böyük sahədə qızılgül kolları əkilib. Əminəm ki, siz–burada işləyənlər yaxşı çalışacaqsınız, həm özünüz, həm dövlət üçün xeyir gətirəcəksiniz”.

 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

16 2019 22:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə