Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Babək” filmi 40 ildir dünyanı dolaşır

“Babək” filmi 40 ildir dünyanı dolaşır

Milli kino sənətimizin qiymətli əsərlərindən olan “Babək” filminin ekranlara çıxarılmasından 40 il ötür. Filmdə Azərbaycanın qəhrəman oğlu, görkəmli sərkərdə və siyasi xadim Babəkin xalqımızın azadlığı uğrunda apardığı mübarizə öz əksini tapmışdır. SSRİ Dövlət Kinematoqrafiya Komitəsi filmin yaradılması üçün 650 min rubl, Azərbaycan isə 1 milyon rubl vəsait ayırmışdı. Filmə quruluş vermək öncə kinorejissor Həsən Seyidbəyliyə həvalə edilmışdi. Çünki bu rejissorun tarixi film çəkmək təcrübəsi var idi. Lakin filmin çəkilişi ərəfəsində məlum olmayan səbəblərlə bağlı Həsən Seyidbəyli sənət həyatında ilk dəfə olaraq qadağa ilə üzləşdi. Filmin çəkiliş prosesi ondan alınaraq kinorejissor Eldar Quliyevə tapşırıldı. 

“Babək” filminin çəkilişləri Naxçıvanda aparılırdı. Çəkilişlər üzüm yığımı vaxtına təsadüf etdiyindən kütləvi səhnələrə yerli əhali də cəlb olunurdu. Bunun üçün isə Naxçıvan rəhbərliyinin yardımı vacib idi. Ancaq rəhbərlik üzüm yığımı ilə əlaqədar camaatı tam səfərbər edə bilmirdi. Belə bir məqamda Azərbaycan KP Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev işə qarışır. O, Naxçıvan rəhbərliyinə tapşırıq verir ki, "Babək" filmi üçün lazım olan bütün şərait yaradılsın, hətta "eybi yox, Naxçıvan bu il üzümü az yığsa da olar" deməyi də unutmur.… Filmin Bəzz qalası çəkilişləri Naxçıvanla Culfa arasında olan məkanda çəkildi. Filmdə görünən o möhtəşəm Bəzz qalası dekorasiya idi. Çəkiliş vaxtı yalnız Azərbaycanda deyil, Gürcüstanda, Daşkənddə, Moskvada 16 fabrik film üçün 1500 dəstdən artıq paltar tikmişdi. Zavodların əksəriyyəti yaradıcı qrupa təmənnasız olaraq qılınc, qalxan və digər lazım olan silahları hazırlayaraq bağışlamışdı. Beş mindən artıq adam çəkilişlərdə iştirak edirdi. Moskvadan "Mosfilm"in "Kavaler polku"ndan 170 atlı gətirmişdilər. Film 1-ci kateqoriya aldı. "Babək"in bir il ərzində 35 milyon tamaşaçısı olub. Film 60-a yaxın ölkə tərəfindən alınmışdır.
Filmin ssenari müəllifi Ənvər Məmmədxanlı, quruluşçu operatoru Rasim İsmayılov, bəstəkarı Polad 
Bülbüloğlu, dirijoru Rauf Abdullayev, direktoru Tələt Rəhmənovdur. Rollarda Rasim Balayev, Şahmar Ələkbərov, Həsənağa Turabov, Amaliya Pənahova, Hamlet Xanızadə, Ənvər Həsənov, Hacımurad Yegizarov, Səməndər Rzayev, Muxtar Manıyev, Mikayıl Mirzə, Süleyman Ələsgərov və başqaları çəkilmişlər.
Babək rolunda Xalq artisti Rasim Balayev çəkilmişdir. R. Balayev həmin anları xatırlayaraq deyir: "Xəbər tutdum ki, "Babək" filmi çəkilir. Məni də sınaq çəkilişlərinə dəvət etdilər. Sınaqda bəyəndilər və filmə təsdiq olundum. Filmin çəkilişləri bir neçə aya qədər davam etdi. Haradasa bir ilə hazır oldu. Çəkilişlər, əsasən, Naxçıvanda, Ramana qalasında, kinostudiyanın pavilyonunda, Suraxanıdakı "Atəşgah" məbədində aparılıb. Filmin Bəzz qalası çəkilişləri Naxçıvanla Culfa arasında olan məkanda lentə alınıb. Ekranda görünən Bəzz qalası, əslində, dekorasiya idi, quruluşçu rəssam Mayis Ağabəyov tərəfindən taxtadan hazırlanmışdı. O qədər dəqiqlik, ustalıqla tikilmişdi ki, dekorasiya olduğu hiss edilmirdi.”
“Babək” filmi haqqında yazılmış resenziyalardan birində deyildiyi kimi: “Filmin emosional təsir gücü tamaşaçını heyrətləndirməklə yanaşı, həm də təəccübləndirir. Bir çox kadrlar, demək olar ki, Babəkin azadlıq ideyasına, insan sevgisinə köklənib. Lakonik, məntiqli dialoq və monoloqların cəmində, dövr hadisələrinin mahiyyətini cilalayan kadrların sferasında Babəkin ideyası, həyat amalı hiss olunur, diktə edilir. Babək obrazı ssenariyə uyğun olaraq tematik şəkildə yalnız tarixi qəhrəman kimi bütləşdirilməyib. Eyni zamanda o, kasıb, əliyalın, acınacaqlı durumda olan insanların yanında olan, onların halına yanan, dərdinə şərik çıxan, xilas yolu axtaran cəmiyyətin bir üzvü, xalqın qəhrəman oğlu kimi xarakterizə edilib.”
Filmin ekranlara çıxarılmasından 40 il ötməsinə baxmayaraq, bu gün də sevilə-sevilə baxılır, gənclərə vətənpərvərlik hissləri aşılayır.

 

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti” 

16 2019 22:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə