Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan mədəniyyəti: İnkişafın yeni mərhələsi

Azərbaycan mədəniyyəti: İnkişafın yeni mərhələsi

Ölkəmizdə mədəniyyət siyasəti uğurla həyata keçirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, mədəniyyət sahəsində böyük investisiya proqramları reallaşdırılıb, paytaxtda və regionlarda bir sıra mədəniyyət mərkəzləri, teatr binaları, sərgi salonları, rəsm qalereyaları tikilib istifadəyə verilib, habelə mövcud mədəniyyət obyektlərinin müasir standartlara uyğun təmiri, maddi- texniki bazanın gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində bir sıra işlər görülüb. 

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti xalqımızın milli dəyərlərini qorumağa, təbliğ etməyə yönəldilmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin hakimiyyəti dövründə də mədəniyyət sahəsində əsaslı islahatlar aparılmış, milli-mənəvi dəyərlərimizin inkişafı diqqət mərkəzində saxlanılmışdır.
Mədəniyyətin müxtəlif sahələri ilə bağlı qəbul olunmuş dövlət proqramları və Prezident sərəncamları bir daha təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, milli- mənəvi dəyərlərin qorunub saxlanılmasına həqiqətən böyük qayğı var. Prezident İlham Əliyevin 14 fevral 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” sonrakı dövr üçün ölkənin mədəni həyatının müasir tələblər səviyyəsində qurulmasına əsaslı stimul vermişdir.
Konsepsiyanın qəbul edilməsindən sonra mədəniyyət sahəsində islahatlar daha intensiv xarakter almışdır. Bundan sonra milli- mənəvi dəyərlərimizin qorunması, təbliği və inkişafı istiqamətində əsaslı tədbirlər reallaşdırılmağa başlanmışdır. 
Xalqımızın əsrlər boyu yaratdığı və tarixən milli mənəviyyatın və mədəniyyətin inkişaf özəyini təşkil edən qədim və rəngarəng qeyri-maddi mədəni irsi hər bir azərbaycanlının qürur mənbəyidir. Azərbaycan xalqına məxsus qeyri-maddi mədəni irs nümunələri– Azərbaycan muğamı, aşıq sənəti, Novruz bayramı, xalçaçılıq, tar sənətkarlığı və ifaçılığı UNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, Çövkən–Qarabağ atüstü oyunu UNESKO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-maddi Mədəni İrs üzrə Siyahısına daxil edilmişdir.
Ölkəmiz mədəniyyət də daxil olmaqla, bütün sahələrdə yeni islahatlar dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin və Birinci vitse-prezident ­Mehriban xanım Əliyevanın bu il ­­
martın 1-də mədəniyyət xadimləri ilə görüşü də bu islahatların yeni konturlarını yaratmaq baxımından olduqca əhəmiyyətli idi. Görüşdə mədəniyyətimizin müxtəlif sahələrində çalışan sənət adamları --aktyorlar, rejissorlar, musiqi xadimləri, arxitektorlar, yaradıçılıq ittifaqlarının rəhbərləri iştirak edirdilər. 
Cənab Prezident həmin görüşdəki nitqində demişdir: “O ki qaldı mədəniyyət sahəsinə, mən elə bu gün istərdim ki, sizinlə bu məsələlərlə bağlı fikir mübadiləsi aparım və bundan sonra görüləcək işlər haqqında danışaq. Çünki əvvəlki illərdə bir çox işlər görülüb. Mən Prezident kimi çalışırdım ki, həmişə bu sahəyə öz diqqətimi göstərim. Hesab edirəm ki, görülmüş işlər qiymətləndirilməlidir. Bizim əsas teatrlarımız–Milli Dram Teatrı, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Musiqili Teatr əsaslı təmir olundu. Bölgələrdə teatrlar tikildi və əsaslı təmir edildi, yeni teatrlar yaradıldı. Muzeylərimiz, Bakı şəhərinin muzeyləri, demək olar ki, tam şəkildə əsaslı təmir edildi–Tarix Muzeyi, Nizami adına Muzey, Muzey Mərkəzi. İncəsənət Muzeyinin iki binası və Xalça Muzeyi tikildi. Müasir İncəsənət Muzeyi fəaliyyətə başladı, digər muzeylər, mən indi hamısını xatırlaya bilmərəm. Hər bir şəhərdə tarix-diyarşünaslıq muzeyləri fəaliyyətə başladı”. Mədəniyyət işçiləri ilə görüşdən dərhal sonra Prezident sərəncamı ilə dövlət sifarişi ilə cəkiləcək filmlərin istehsalı üçün Mədəniyyət Nazirliyinə 5 milyon manat vəsait ayrıldı. Eyni zamanda, yaradıcılıq ittifaqları və birliklərinin gələcək fəaliyyətinin təmin olunması üçün də vəsait ayrılmışdır. Bu yaxınlarda isə cənab Prezident mədəniyyət işçilərinin bir qrupuna Prezident təqaüdü, Prezident mükafatı verilməsi ilə bağlı sərəncamlar imzalamışdır. 
Bu gün Azərbaycan incəsənəti dünya miqyasında ölkəmizi daha geniş miqyasda tanıtmaqdadır. UNESKO və ­İSESKO kimi nüfuzlu beynəlxalq təşkilatlar artıq Azərbaycanı sivilizasiyalı bir ölkə kimi tanıyır. Bizim bir çox mədəniyyət abidələrimiz UNESKO-nun maddi və mənəvi irs siyahısına salınmışdır. Hər iki beynəlxalq təşkilatın xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse –prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanınmasında rolu çox böyükdür. Xüsusilə, görkəmli sənət adamlarının — şairlərimizin, bəstəkarlarımızın, elm xadimlərimizin yubileylərinin UNESKO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinə, incəsənətinə verilən yüksək qiymətin nümunəsidir. 
Bu yaxınlarda Müasir İncəsənət Mərkəzinin açılışı, İncəsənət Muzeyinin bərpa edilərək yenidən istifadəyə verilməsi, muzeyə əlavə korpusun tikilməsi əlamətdar hal kimi qiymətləndirilməlidir. Prezident ­İlham Əliyev və Birinci vitse-prezident ­Mehriban xanım Əliyeva İncəsənət Muzeyinin yeni korpusunun açılış mərasimində iştirak etmişlər. 
Muzeylərimizin bir çoxunda bu cür əsaslı təmir işləri aparılır. Elə Tarix Muzeyinin təmir edilərək yenidən istifadəyə verilməsi, görkəmli şəxsiyyətlərin ev muzeylərinin yeniləşməsi də dediklərimizə misaldır. Bütün bunlar yenilik, müasirlik, güclü ənənəvi dəyərlər əsasında irəliyə atılan addımlardır.
Dövlət başçımızın mədəniyyətimizə göstərdiyi qayğının bir nümunəsi də görkəmli sənət adamlarının yubileyləri ilə bağlı xüsusi sərəncamlar imzalamasıdır. Ötən il Xalq rəssamı Tahir Salahovun yubileyi ilə bağlı keçirilən tədbirlər buna misal ola bilər. Prezident Tahir Salahovla görüşdü və yubiley münasibətilə onu təbrik etdi. Eləcə də digər sənətçilərlə belə görüşlər çox olub.
Dövlət başçısı xalqımızın böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdır. Prezidentin digər sərəncamı ilə 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan olunmuşdur. Artıq yubileylə bağlı tədbirlər nəinki ölkəmizdə, beynəlxalq miqyasda da geniş şəkildə qeyd olunur.
Prezidentimiz mədəniyyətin bütün sahələrinə olduğu kimi, rəssamlığa da böyük önəm verir. Rəssamlar İttifaqının yubileyi münasibətilə möhtərəm Prezident rəssamlarımızdan bir qrupu ilə görüşdü, onlara yaradıcılıqlarında böyük uğurlar arzuladı. Dövlət başçımız sərgilərdə iştirak etmiş, rəssamlarımıza fəxri adlar, Prezident təqaüdləri verilməsi ilə bağlı sərəncamlar imzalamışdır. Rəssamlarımızdan çoxunun yaradıcılıq emalatxanası vardır. Onların əsərlərinin tez-tez sərgiləri təşkil olunur. Əlbəttə, bu gün Mədəniyyət Nazirliyi bütün bu işlərin təşkilində əhəmiyyətli rol oynayır. Mədəniyyət naziri Əbülfəs Qarayev belə tədbirlərdə vaxtaşırı iştirak edir, rəssamlarımızın sosial vəziyyəti ilə mütəmadi olaraq maraqlanır. Bütün bunlar ölkəmizdə rəssamlıq sənətinin inkişaf etməsinə güclü stimul yaradır. İndi Azərbaycan rəssamlarının əsərləri xarici ölkələrin nüfuzlu muzeylərinin eksponatına çevrilir, müxtəlif ölkələrdə keçirilən beynəlxalq sərgilərdə nümayiş etdirilir.
Bu il Azərbaycan iki mühüm beynəlxalq mədəni tədbirə evsahibliyi etdi. Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Bu, çox əhmiyyətli tədbir idi. Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dünyanı insanlar üçün ən təhlükəsiz məkana çevirmək məqsədilə, ölkələri sülhü, dinlərarası harmoniyanı, mədəni dialoqu gücləndirmək işində birliyə çağırdı: “Biz qədim tariximizlə fəxr edirik... Dünyanı təhlükəsiz etmək üçün biz sivilizasiyalar, mədəniyyətlər və müxtəlif etnik qrup və dinlərin nümayəndələri arasında dialoqun təşviqi sahəsində çox fəal olmalıyıq”. Bu forum haqqında dünyanın məşhur politoloqları, ictimai xadimləri, mədəniyyət xadimləri yüksək fikirlər söyləmişlər. 
Bu yaxınlarda isə Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirildi. Sessiyanın açılışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva iştirak edib. Mehriban xanım Əliyeva çıxışında deyib: “Bu ayın əvvəlində biz Azərbaycanın UNESKO-dakı üzvlüyünün 27-ci ildönümünü qeyd etdik. Bu illər ərzində biz mədəniyyət, təhsil, elm, kommunikasiya, gənclər və idman kimi bir çox sahələrdə uğurlu əməkdaşlıq qura bildik. Bu gün biz fəal təmsilçilik və verdiyimiz töhfələrlə UNESKO-nun proqramlarında iştirak edirik. Dünyanın mədəni irsinin qorunması Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. Eyni zamanda, bizim tarixi, dini və memarlıq abidələrimizin qorunması, bərpası və saxlanması Azərbaycanın dövlət siyasətinin mərkəzində dayanır.” 
Yüksək səviyyədə təşkil olunmuş bu sessiyda Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESKO-nun Dünya İrs Siyahısına salındı. 
Əlbəttüə, bütün bunlar Azərbaycanın mədəniyyət siyasətinin yüksək səviyyədə təntənəsi idi. 

 

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

16 2019 22:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə