Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Antiazərbaycan qüvvələrə və saxta müxalifətçilərə xatırlatma

Antiazərbaycan qüvvələrə və saxta müxalifətçilərə xatırlatma

Siyasi liderin populyarlığı və nüfuzu onun ölkə daxilində, xalq arasında qazandığı nailiyyətlərdən asılıdır. Liderin rəhbərliyi dövründə sosial, iqtisadi və siyasi sahələrdə apardığı işlərin nəticələrinə görə, insanların müəyyən rəyləri formalaşır. 
Müşahidələrim nəticəsində tam əminliklə deyə bilərəm ki,  cənab İlham Əliyevə xalq tərəfindən verilən dəstək  bir həqiqəti sübut edir: Azərbaycan cəmiyyəti öz liderinin apardığı daxili və xarici siyasəti dəstəkləyir və onun yanındadır. 

Son illər ərzində rəsmi Bakının qarşısında duran ən vacib məsələ dövlətçiliyin güclənməsi olub. Bu gün Azərbaycanın coğrafi baxımdan kiçik ölkə olmasına baxmayaraq, böyük, qlobal layihələrlə məşğuldur. Bu layihələrin həyata keçirilməsi kənardan asan görünsə də, olduqca çətin prosesdir. Çünki bu proseslərdə dünya güclərinin, müxtəlif siyasi qrupların, elitaların rəyləri də vacibdir. Regional layihələrin reallaşmasında qlobal oyunçuların və ayrı-ayrı maraq sahiblərinin təsir, təzyiq və maneə imkanlarını xüsusilə vurğulamaq lazımdır. Belə layihələrin bizim regionda həyata keçirilməsi üçün möhkəm iradə, yaxşı düşünülmüş strateji siyasət vacibdir. Təsadüfi deyil ki, son 2 il ərzində Prezident İlham Əliyevin iradəsi ilə baş tutan Bakı – Tbilisi – Qars, “Şimal – Cənub”, TAP, TANAP və digər qlobal layihələr Azərbaycanı istəməyən qüvvələr, o cümlədən, dünya erməniləri tərəfindən ciddi qısqanclıqla qarşılanır. Həmin qüvvələr Azərbaycanın enerji və nəqliyyat layihələrinin reallaşmasına ciddi əngəl törətmək istəsələr də buna nail olmayıblar.
Görülən işlərin nəticəsidir ki, Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusu İlham Əliyevin yenə də öz seçicilərinin yüksək etimadına malik olduğunu təsdiq etdi. Sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Yay aylarında da aparılan sosioloji sorğular onu göstərir ki, Azərbaycanı istəməyən, özünü müxalifətçi adlandıran bir qrup saxta “vətənpərvərin” sosial şəbəkələrdə tamamilə başqa “havanı” çalmalarına baxmayaraq, xalq öz Prezidentinin yanındadır.
Eyni zamanda, hər bir dövlətin inkişafı üçün dünyada cərəyan edən proseslərdən ciddi nəticə çıxararaq, siyasi kurs aparmaq çox vacibdir. Son zamanlar dünyadakı siyasi proseslər baxımından, demək olar ki, bütün bölgələr üçün həyəcanlı günlər keçir. Rusiya – ABŞ münasibətlərinin pik həddədək pisləşməsi, Suriyada davam edən münaqişə, Ukraynada və ümumiyyətlə, bütün Avropada gedən proseslərdə Vaşinqton və Moskvanın maraqlarının toqquşması, Çinlə ABŞ arasında soyuq – iqtisadi müharibə, Trampın İranla bağlı sanksiyalara start verməsi, qardaş Türkiyənin milli maraqları uğrunda mübarizəsi, Qara dənizdə faktiki olaraq Rusiya və NATO hərbçilərinin üz-üzə durması, Rusiya və ABŞ arasında orta və yaxınmənzilli raketlərlə bağlı müqavilədən imtina və başqa amilləri buna misal göstərmək olar. Bununla yanaşı, Avropa İttifaqının (Aİ) aparıcı dövləti olan Fransada “sarı jiletlilər” aksiyası bir daha sübut etdi ki, Paris kimi zəif olmayan beynəlxalq aktorlar belə, xarici və daxili siyasi davranışlarını yüz ölçüb, bir biçməlidirlər. Göründüyü kimi, regionda təhlükəli proseslərin getməsinə, beynəlxalq vəziyyətin daha da gərginləşməsinə baxmayaraq, ölkəmizdə sabitliyin, təhlükəsizliyin təmin edilməsi heç də asan deyil.
ABŞ, Rusiya, İsrail, Səudiyyə Ərəbistanı, Türkiyə, İran və Aİ dövlətlərinin maraqlarının toqquşduğu Azərbaycanda sabit siyasət yürütmək, respublikanı regionun çox vacib beynəlxalq aktoruna çevirmək, ölkə daxilində iqtisadi inkişafa və hərbi gücə sahib olmaq heç də hər liderə müyəssər olmur. Bu gün Ukraynada, Suriyada, Liviyada və bizə yaxın və uzaq olan digər dövlətlərdəki ağır ideoloji, daxili, xarici vəziyyət göz qabağındadır.
Son illər dünyada yeni iqtisadi və siyasi idarəçilik modellərinin tətbiq edilməsinin şahidiyik. Təbii ki, siyasi və iqtisadi proseslər daim dəyişməkdədir. Belə olan təqdirdə hər bir siyasi hakimiyyət qarşısında idarəetmədə effektivlik ön plana çıxmaqdadır. İnnovativ idarəçilik, çevik iqtisadi və sosial siyasət tələbi dünyada cərəyan edən böhranlar zamanı xüsusilə böyük əhəmiyyət kəsb edir. Ölkəmizdə ötən il keçirilən prezident seçkiləri yeni institusional islahatlar üçün impuls rolunu oynadı. 2019-cu ilin əvvəlindən biz, Azərbaycanda bütün sahələrdə baş verən yeniliklərin, islahatların şahidi olmaqdayıq. Bura idarəetmə, vergi, aqrar, sosial, məhkəmə sahələrindəki islahatları da aid edə bilərik.
Qısa zamanda əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması, aztəminatlı və şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə, veteranlara dövlət qayğısının, pensiya və təqaüdlərinin, maaşların, o cümlədən minimum əməkhaqlarının artırılması istiqamətində atılan addımlar buna bariz nümunədir. Prezident tərəfindən son dövrlərdə imzalanan fərman və sərəncamlardan cəmiyyətin  bütün sosial kateqoriyalardan olan vətəndaşlar yararlana bildilər. Bütün bu addımlar Prezident tərəfindən həyata keçirilən kompleks sosial islahatlar paketinin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

 

Zaur Məmmədov,
Bakı politoloqlar klubunun sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru 

16 2019 13:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə