Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmiz informasiya müharibəsində gözlənilməz sürprizlərə hazırdır

Ölkəmiz informasiya müharibəsində gözlənilməz sürprizlərə hazırdır

Bizə qarşı hücumların əksəriyyətinin arxasında erməni lobbisi və onlarla müttəfiq olan bəzi yerli, özünü müxalifət adlandıran qruplaşmalar durur. Onların hədəfi Azərbaycanı ləkələməkdir, Azərbaycan haqqında təhrif edilmiş yalan məlumatlar yaymaqdır. Bu, informasiya müharibəsinin bir növüdür. Biz öz siyasətimizlə bütün bu yalanları, bütün bu böhtanları darmadağın edirik və etməliyik. Çünki bu gün Azərbaycan reallıqları onu göstərir ki, ölkə inamla, sürətlə inkişaf edir.
İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti


Dünya alimləri insanların daha firavan, daha xoşbəxt yaşaması üçün çoxsaylı yeni variantlar düşünür, elmi-texniki tərəqqinin ən son nailiyyətlərini bu istiqamətə yönəltməyə çalışırlar. Sadə bir misal: Əlli il qabaq 3 min nəfərin işlədiyi zavodu indi informasiya texnologiyalarından başı çıxan 60-70 mütəxəssis işlədir. Bu tendensiya cəmiyyət həyatının bütün sahələrini əhatə edir. Yaxud, dağdakı çoban istənilən an ölkənin hər hansı nöqtəsindəki qohumu, dostu ilə həmsöhbət ola bilir.

Ancaq çox təəssüf ki, informasiya texnologiyalarının sürətlə inkişaf etməsi bədniyyətli qüvvələrə hansısa qərəzli planlarını maneəsiz olaraq həyata keçirmək imkanı da yaradır. Mütəxəssislərin “informasiya müharibəsi” adlandırdığı həmin bəla qara kabus kimi bu gün dünyanın bütün ölkələrinin başı üzərində fırlanır və bir çox dövlətlərin inkişafına mane olur.
Mütəxəssislər yazırlar ki, "kontaktsız müharibə" adlandırılan informasiya müharibələrinin əmələ gəlməsi informasiyanın cəmiyyətdəki rolunun artması ilə bağlıdır. Tətbiqinə 1940-cı illərdən başlanan informasiya müharibələrinə tam keçidin 2010-cu ildə başa çatacağı proqnozlaşdırılırdı. Bu isə o deməkdir ki, bu gün dünya həmin müharibənin fəsadları ilə üz-üzədir. 
Ekspertlər yazırlar ki, informasiya tədricən təminedici üsuldan çıxaraq döyüş “alətinə” çevrilir. Bildirilir ki, düşmən üzərində üstünlük informasiyaların alınması, onlara çevik reaksiya verilməsi, real vaxt çərçivəsində düşmənin iqtisadi və müdafiə obyektlərinə atəş və informasiya zərbələrinin vurulması ilə əldə olunur. 
Bütün bunları oxuduqca gözümüz qarşısına müasir Azərbaycan həqiqətləri, daha konkret desək, antiazərbaycan qüvvələrin ölkəmizə qarşı apardığı amansız informasiya müharibələrinin məkrli səhnələri gəlir. Xalqı “Məhsul” stadionuna çağırmaq istəyənlərdən, “Milli Şura” deyilən qondarma qurumdan, din pərdəsi arxasında gizlənən təxribatçılardan tutmuş, dünyanın müxtəlif ölkələrində oturaraq daha güclü antiazərbaycan dairələrin vəsaiti ilə dövlətimizə qarşı iftira, şər, böhtan yağdıranlaradək, təbii ki, başda erməni ideoloqları, işğalçılığı və separatçılığı dəstəkləyən qüvvələr olmaqla böyük bir quduzxislətlilər var ki, onlara dünya xəritəsində qüdrətli Azərbaycan dövlətinin olması qətiyyən sərf etmir. 
Təbii ki, bütün bunlar faktdır və o da faktdır ki, Azərbaycan dövləti istənilən qüvvənin bizə qarşı apardığı informasiya müharibəsinin layiqli cavabını həmişə verib və bu proses uğurla davam edir. Elə bu yazının əsas məqsədi də həmin suala cavab verməkdir. 
Özü azərbaycanlı olsa da, düşmənin maliyyə dəstəyi ilə, ölkəmizə qarşı şər-böhtan yağdıran nankorlar yazırlar ki, Azərbaycanda iqtisadiyyat inkişaf etmir, xalqın güzəranı pisdir və sair. Yəni əsl düşmənçilik edirlər və həqiqi müharibəyə çıxıblar. Məqsəd aydındır. Beynəlxalq təşkilatlar öz tədbirlərini Bakıda keçirməsinlər və Azərbaycana turist gəlməsin. 
Əlbəttə, biz gedib Avropanın hansısa zirzəmisində gizlənmiş həmin adamları tapa bilmərik. Amma Prezident İlham Əliyevin dediyi kimi, daha sivil, daha müasir cavablarımız, mübarizə üsullarımız vardır. Biz öz konkret fəaliyyətimizlə və dövlətin qətiyyəti ilə həmin hədyanların başdan-ayağa əsassız olduğunu bütün dünyaya sübut edirik. Dünya ictimaiyyəti görür ki, ölkəmiz bütün istiqamətlər üzrə sürətlə inkişaf edir. Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan uğurla fəaliyyət göstərir. Biz beynəlxalq aləmdə layiqli yerimizi tuta bilmişik.
Düşmənin dəyirmanına su tökənlər hansısa televiziya kanalının “canlı efir”inə çıxaraq üstümüzə çirkab püskürürlər ki, Azərbaycan öz qonşusu olan günahsız ermənilərə qarşı düşmənçilik edir. Hər il ölkəmizə gələn yüz minlərlə əcnəbi turistin xeyli hissəsi öz ölkəsinə qayıtdıqdan sonra yazır ki, Azərbaycan qonşu ölkələrlə əlaqələri daha yüksək səviyyədə qurub. Bu ölkənin qonşu dövlətlərlə həm siyasi, həm iqtisadi və digər sahələrdə birgə apardığı işlər bölgədə sabitliyi daha da möhkəmləndirir. Dünyada gərginliyin, risklərin, təhdidlərin artdığı bir dövrdə Azərbaycan sabitlik məkanıdır. 
Düşmənin puluna tamahsınanlar bədxahcasına yazırlar ki, Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı zəifləyir. Dövlət başçımız isə başqa fikirdədir: “Biz Avropa İttifaqı ilə əlaqələrimizi daha da möhkəmləndirmişik. Bu il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədi bu münasibətlərin nə qədər yüksək səviyyədə olmasının təzahürüdür. Bu sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı haqqında çox aydın fikirlər öz əksini tapıb və bir daha onu göstərir ki, Avropa İttifaqı Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində düzgün mövqedədir”.

 

Düşmən süfrəsinin tör-töküntüləri ilə “bəslənənlər” yazırlar: “Azərbaycan Ordusunun qüdrəti barədə deyilənlər yalandır”. Ən dəhşətlisi odur ki, bunu ermənilər yox, erməniyə satılmış azərbaycanlılar deyirlər. Fakt isə ondan ibarətdir ki, ölkəmizin hərbi qüdrəti ildən-ilə deyil, aydan –aya güclənir. Məhz bunun nəticəsidir ki, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi, Naxçıvan Muxtar Respublikasında keçirilən əməliyyat nəticəsində böyük torpaq sahəsi işğalçılardan azad edilmişdir. Hərbi qüdrətimizin artırılması nəticəsində bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərdə güclü ordular sırasındadır.
Prezident İlham Əliyev xatırladır ki, bu gün dünyada informasiya müharibəsi aparılır və hər bir vətəndaş bunu açıq-aydın görə bilir: “Azərbaycan uzun illərdir ki, informasiya müharibəsinin hədəfində dayanan ölkədir. Ölkə haqqında təhrif edilmiş, yalan məlumatlar, uydurma faktlar, saxta xəbərlər geniş vüsət alıb. Biz buna adekvat cavab verməliyik, öz həqiqətlərimizi dünyaya çatdırmalıyıq. Bizə qarşı hücumların əksəriyyətinin arxasında erməni lobbisi və onlarla müttəfiq olan bəzi yerli, özünü müxalifət adlandıran qruplaşmalar durur. Onların hədəfi Azərbaycanı ləkələməkdir, Azərbaycan haqqında təhrif edilmiş yalan məlumatlar yaymaqdır. Bu, informasiya müharibəsinin bir növüdür. Biz öz siyasətimizlə bütün bu yalanları, bütün bu bötranları darmadağın edirik və etməliyik. Çünki bu gün Azərbaycan reallıqları onu göstərir ki, ölkə inamla, sürətlə inkişaf edir”. 
Məqsədi Azərbaycanı ləkələmək, inkişafımıza zərbə vurmaq, cəmiyyətimizin ənənəvi dayaqlarını sarsıtmaqdan ibarət olan həmin qüvvələr bilsinlər ki, bizim öz seçimimiz var. Prezident İlham Əliyevin dediyi kimi, biz güclü dövlət qururuq. O dövlət ki, milli-mənəvi dəyərlər üzərində qurulub. Ona görə hədəflərin biri də məhz bizim milli dəyərlərimizdir, ənənələrimizdir. Çalışırlar ki, onları sarsıdaraq ölkəmizin inkişafına zərbə vursunlar. Azərbaycan xalqı hər şeyi yaxşı bilir və bilməlidir ki, biz informasiya müharibəsi şəraitində yaşayırıq və buna hazır olmalıyıq. Biz bu müharibədə ancaq öz işimizlə, öz qətiyyətimizlə qalib gələ bilərik.

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

16 2019 12:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə