Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baramaçılıqda rekord göstəricilər əldə olunur

Baramaçılıqda rekord göstəricilər əldə olunur

Kənd təsərrüfatında bu il rekord göstərici əldə edilib. Qeyd etdiyim kimi, bu, aparılan islahatlar nəticəsində mümkün olub. Müxtəlif istiqamətli addımlar kənd təsərrüfatında canlanmaya gətirib çıxarıb. Əlbəttə ki, dövlət dəstəyi hər zaman olduğu kimi, bu il də göstərilir, bundan sonra da göstəriləcək. 
İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti


Kənd təsərrüfatı son illər Azərbaycanda davamlı inkişaf mərhələsinə daxil olub. Aqrar sektorda sürətlə inkişaf edən sahələrdən biri də baramaçılıqdır. Təqdirəlayiq haldır ki, son iki ildə bu sahədə ciddi irəliləyiş müşahidə olunur. 

Bu il iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə üzrə müşavirədə qeyd olunub ki, 2019-cu ildə ölkədə barama istehsalı 25 faiz artıb. Təbii ki, bu, çox yüksək göstəricidir. Əlbəttə, bu parlaq uğur, ilk növbədə dövlətin bu istiqamətdə həyata keçirdiyi düzgün siyasətin, subsidiyaların verilməsi, digər həvəsləndirici tədbirlərin tətbiq olunması sayəsində əldə olunub.  
Müşavirədə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov aqrar sahədə bu ilin əvvəlindən bölgələrdə əldə olunan uğurlar, eləcə də  qarşıda duran vəzifələr, onların icra yolları barədə geniş məlumat verib. Nazir deyib ki, möhtərəm dövlət başçısının uğurlu aqrar siyasəti nəticəsində artıq bazarda liberallaşma mövcuddur. Belə ki, dövlət tərəfindən tətbiq edilən güzəştlər və subsidiyalar bütün təchizatçı şirkətlərə şamil edilir. 
Qeyd etmək lazımdır ki, dörd-beş il əvvələ  qədər ölkəmizdə barama istehsalı nəinki artmır, əksinə ilbəil azalırdı. Hətta 2015-ci ildə barama istehsalı sahəsində ən aşağı göstərici əldə olunmuşdu. Belə ki, o  zaman respublika üzrə olduqca az məhsul istehsal edilmişdi. Hətta bu ənənəvi sahənin yenidən dirçələcəyinə ümid bəsləyənlərin sayı günbəgün azalırdı.  
Lakin dövlətin, şəxsən ­Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu sahədə vəziyyət qısa zaman ərzində büsbütün dəyişdi. Belə ki, dövlət başçısının tapşırığı ilə sahənin hərtərəfli və uzunmüddətli inkişafı üçün  kompleks tədbirlər görülməyə başlanıldı.
İlk növbədə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” qəbul olundu. Sənəddə sahənin inkişafını sürətləndirmək üçün prioritet istiqamətlər müəyyənləşdirilmiş, nəzərdə tutulan tədbirlərin icrası nəzarətə götürülmüşdür. 
Görülən tədbirlər tezliklə öz müsbət nəticələrini verməyə başladı. Təsəvvür edin ki, son iki ildə ölkəmizdə barama istehsalında necə heyrətamiz dəyişikliklər baş vermişdir. Belə ki, ölkə kümçüləri tərəfindən “Azərİpək” MMC-yə 2018-ci ildə 513,9 ton, 2019-cu ildə isə 636,82 ton yaş barama təhvil verilmişdir. Təkcə son bir ildə barama istehsalı 123 ton artmışdır.
Qarşıda duran hədəflər isə daha möhtəşəmdir. Dövlət proqramına əsasən, 2025-ci ilədək ölkədə barama istehsalının 6 min tona çatdırılması nəzərdə tutulur. Bu sahədə çalışan təcrübəli mütəxəssislər əmindir ki, nəzərdə tutulan plan realdır. Onların fikrincə, artıq sahənin davamlı inkişafı üçün etibarlı zəmin yaradılıb. Ən başlıcası, kümçülər istehsalın artırılmasında maraqlıdırlar.  
Bəli, bu gün birmənalı şəkildə demək olar ki, ölkədə baramaçılıq sahəsindəki  köklü dəyişikliklər dövlətin bu sahəyə güclü  dəstəyi hesabına mümkün olub. Belə ki, ölkəmizdə yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanın kiloqramını 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir. Ümumilikdə, fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.
Məlumat üçün bildirək ki, yaş barama istehsalına görə kümçülərə 2017-ci ildə 1 milyon 198 min 959 manat, 2018-ci ildə isə 2 milyon 490 min 502 manat subsidiya ödənilib.  Bu il Respublika Komissiyasının qərarına əsasən ilkin mərhələdə 29 rayon üzrə 3443 barama istehsalçısına təhvil verdikləri 406 min 898 ton baramaya görə ümumilikdə 2 milyon 34 min 492 manat subsidiya ödəniləcək. 
2019-cu ildə ən çox barama Zərdab rayonunda istehsal olunub. Belə ki, zərdablı kümçülər bu il rekord miqdarda -- 68,05 ton barama tədarük ediblər. Bu yaxınlarda Zərdabda bu münasibətlə “Barama bayramı” keçirilib. Tədbirdə rayon üzrə ən çox barama təhvil verən kümçülərə rayon icra hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunub.
Bayram tədbirində adı birincilər arasında çəkilənlərdən biri Gəlmə kənd sakini Teymur Teymurzadə olub. O, ailəsi ilə birlikdə bu il 476 kiloqram barama təhvil verib. Təcrübəli kümçü dedi: 
-- Bizim ailə bu il baramaçılıqdan xeyli vəsait əldə edib. Bu sahədən bu qədər qazancımızın olacağını ağlıma belə gətirmirdim. Mənim və digər kümçülərin  əldə etdikləri uğurlar möhtərəm Prezidentimiz İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olub. Buna görə də hər birimiz dövlətimizin başçısına son dərəcə minnətdarıq. Gələn il barama istehsalını daha da artırmaq əzmindəyik. 
Bu il 415 kiloqram barama təhvil verən Alıcanlı kənd sakini Əlişah Cavadov isə deyir ki, ölkəmizdə, eləcə də Zərdab rayonunda barama istehsalı üçün əlverişli şərait yaradılması onun ürəyindən olmuşdur. Axı, o, bu sahəni hələ uşaqlıqdan yaxşı bilirdi. Bu il ailə üzvləri ilə birlikdə həvəslə çalışıb. Kümçü Əlişah Cavadov əlavə etdi ki, Zərdab rayonunda kümçülərin yaxşı işləmələri üçün hər cür şərait yaradılıb. RİH başçısı Lütvəli Babayevdən tutmuş bütün müvafiq qurumların rəhbərlərinə kimi kümçülərin xırda probleminin həlli üçün səylərini əsirgəmirlər. Nəticə də göz qabağındadır. Bu il Zərdabda yüzlərlə ailə baramadan yaxşı qazanc götürüb. 
Təkcə Zərdabda deyil, Ağcabədi (54,46 ton), Zaqatala (52,94 ton), Füzuli (49,54 ton), Şəki (47,9 ton), Balakən (44,14 ton), Qax (27,29 ton) rayonlarında barama istehsalında bu il rekord göstəricilər əldə olunub. 
Maraqlıdır ki, hazırda işğal altında olan Qubadlı rayonundan məcburi köçkün ailələri də bu sahəyə maraq göstərirlər. Qubadlı RİH-in nümayəndəsi Allahverdi Haqverdiyev bildirdi ki, bu il barama istehsalı ilə əlaqədar olaraq Qax Damazlıq İpəkçilik Stansiyasından 26 qutu, yəni 494 qram ipəkqurdu toxumu götürülərək kümçülərə paylanılıb. Ötən ildə olduğu kimi, bu il də kümçülər 1 ton əvəzinə, 1 ton 120 kiloqram yüksək keyfiyyətli yaş barama tədarük ediblər. Bununla da Qubadlı kümçüləri 6 ayın nəticələrinə görə, respublika üzrə birinci olaraq proqnozu artıqlaması ilə -- 112 faiz yerinə yetiriblər.
Bəli, Azərbaycanda barama istehsalında ciddi dönüş yaranıb. Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Vüqar Hüseynlidən aldığımız məlumatda deyilir ki, 2019-cu ildə ölkədə 886 kənd ərazi komissiyası üzrə 5901 kümçü yaş barama istehsalı ilə məşğul olub. 
2019-cu ildə ilk dəfə olaraq il ərzində baramanın iki dəfə istehsalı ilə bağlı innovativ təşəbbüs gerçəkləşdirilib. Zərdab və Tərtər kümçüləri ipəkqurdunun ikinci dəfə bəslənməsini təsərrüfat şəraitində sınaqdan keçirərək, uğurlu nəticə əldə ediblər. Bu təşəbbüsün növbəti ildən digər rayonlarda da tətbiqi nəzərdə tutulur. 
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsinin “Xalq qəzeti”nə təqdim etdiyi məlumatda həmçinin bildirilir ki, ölkəmizdə baramaçılığın yem bazasının yaradılması məqsədilə son üç ildə Çin Xalq Respublikasından ölkəmizə 3,5 milyon ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə 2018-ci il dekabrın 4-də Çindən gətirilən 1 milyon ədəd tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb. 
Yeri gəlmişkən, baramaçılığın inkişafı məqsədilə ipəkqurdu və çəkil ağacları kümçülərə dövlət tərəfindən pulsuz verilir. 
Yeri gəlmişkən, Qax Damazlıq İpəkçilik Stansiyasının rəhbərliyi ilə əlaqə saxladıq. Stansiyanın kollektivi çalışır ki, ölkəmizdə ən yaxın illər ərzində rayonlaşdırılmış tut tinglərinin geniş istehsalına başlanılsın ki, onları idxal etməyə ehtiyac qalmasın. 
Burada yazıya son nöqtəni qoymaq olardı. Amma, bu məqamda məşhur bir deyimi xatırlamamaq olmur: “Bəsləsən, atlas olar tut yarpağından!” Bu gün Azərbaycan ipəyi dünyanın ən yaxşı ipək məhsulları ilə rəqabətə girə bilir. Bu qədim, ənənəvi və gəlirli sahənin inkişafı sahəsində  ölkəmizdə perspektivlər həqiqətən böyükdür. İnanmaq istərdik ki, Qədim İpək Yolunun üzərində yerləşən Azərbaycan baramaçılıq sahəsində Orta əsrlərdə olduğu kimi, yenidən dünyanın ən böyük mərkəzlərindən birinə çevriləcək.    

 

Məsaim ABDULLAYEV, 
“Xalq qəzeti” 

16 2019 12:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə