Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neft strategiyası iqtisadi inkişafa və sosial rifaha xidmət edir

Neft strategiyası iqtisadi inkişafa və sosial rifaha xidmət edir

Azərbaycanda qeyri-neft sektorunun inkişafına mühüm təsir göstərən, bu sahəyə investisiya qoyuluşunda önəmli rol oynayan neft sənayesində müsbət nəticələr əldə edilir. Bu fikri bir qədər də konkretləşdirib deyə bilərik ki, Azərbaycanın qlobal brendi olan SOCAR şirkəti gəlirlərinin böyük hissəsini xarici ölkələrdə reallaşdırdığı əməliyyatlardan əldə edir, həmin gəlirləri ölkəmizin sosial-iqtisadi inkişafı naminə təkrar investisiyaya yönəldir, təbii ki, dövlət büdcəsinə ödənişləri də ilbəil artırır.

Bu ilin ilk yarısında Bakıda xam neft hasilatı 18 milyon 649,7 min ton (qaz kondensatı daxil olmaqla), əmtəəlik təbii qaz istehsalı isə 11 milyard 971,7 milyon kubmetr olub. Yarım ildə paytaxtda əmtəəlik qaz hasilatı əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 35,2 faiz artıb.
Cari ilin II rübü üzrə SOCAR-ın qazma, hasilat və ixrac göstəriciləri də diqqət çəkir. Belə ki, həmin dövrdə şirkət öz imkanları hesabına müstəqil olaraq 1,9 milyon tondan çox neft, 1,7 milyard kubmetrə yaxın qaz hasil edərək, hasilat səviyyəsini əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit saxlamağa nail olub. 
SOCAR-ın istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit qalması üçün həyata keçirilən kompleks tədbirlər də davam etdirilib, istismardan çıxarılan bir sıra köhnə quyuların fəaliyyəti bərpa olunub, yeni quyular qazılıb, ümumilikdə, qazma işlərinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən artırılıb. Cari ilin ikinci rübündə şirkət üzrə 41 min metrdən artıq qazma işi aparılıb. 
Hesabat dövründə SOCAR tərəfindən, Azəri–Çıraq–Günəşli (AÇG) üzrə mənfəət nefti də daxil olmaqla 4,9 milyon ton xam neft, 172 milyon kubmetrdən çox təbii qaz, 604 min tondan artıq neft və neft kimya məhsulları ixrac edilib. Xam neftin ixracında azalma müşahidə edilsə də, neft və neft-kimya məhsullarının ixracında 48 faiz artım qeydə alınıb. Bu isə xam neftin və qazın ixracında azalmaya səbəb olan amillərdən birinin də daha çox məhsulun emala yönəlməsi olduğunu göstərir. 
Bu ilin II rübündə Azərbaycanın digər hasilatçı şirkətləri də daxil olmaqla, ölkə üzrə ümumilikdə, 9 milyon tondan çox neft, 8 milyard kubmetrdən çox qaz hasil olunub. Dövr ərzində ölkədən 2,4 milyard kubmetrdən çox təbii qaz ixrac edilib. Təbii qazın ixracında Cənub Qaz Dəhlizinin işə düşməsi ilə əlaqədar olan artım ötən ilin müvafiq dövrünə nisbətən təqribən 37 faiz təşkil edib. 
SOCAR-ın mətbuat xidmətinin yaydığı məlumatda qurumun iqtisadi göstəricilərinin bundan sonra da davamlı olacağı şirkətin birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadənin sözləri ilə diqqətə çatdırılır: “Dünyanın ən qədim neft sənayesinin beşiyi başında duran Azərbaycanda zəngin və peşəkar neftçi ənənələri formalaşıb. Lakin digər tərəfdən, dünyanın ən qədim və uzun müddət ərzində istismar olunan yataqlarının məhz bizim ölkəmizdə olması qarşımızda çağırışlar yaradır. Bu baxımdan qarşıdakı dövrdə əsas hədəfimiz bütün vasitələrlə köhnələn yataqların ömrünü uzatmaqdır. 
Yeni yataqların uğurla işlənilməsi Azərbaycanda qaz hasilatının artırılması və gələcəkdə neft gəlirlərinin müəyyən dərəcədə qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır.
Bu ilin sonuna qədər ölkə üzrə ümumi qaz hasilatında 20 faiz artım gözlənilir. Növbəti illərdə də ölkədə qaz hasilatı yüksələn xətt üzrə inkişaf edəcəkdir. Bu müsbət trend qarşımızda, həm də qaz emalı və kimya sənayesinin inkişafı üçün yeni imkanlar açır”.
“BP Azerbaijan” şirkətinin yaydığı məlumatda bildirilir ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan ilk neft hasilatından bəri ümumi istehsal 3,6 milyard barreldən çox olub.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında AÇG-dən hasilat 98 milyon barreldən çox, yəni 13 milyon ton təşkil edib. AÇG-dən ümumi hasilat – “Çıraq” (42 min), “Mərkəzi Azəri” (131 min), “Qərbi Azəri” (120 min), “Şərqi Azəri” (94 min), “Dərinsulu Günəşli” (96 min) və “Qərbi Çıraq” (60 min) platformalarından birgə gündəlik orta hesabla 542 min barrel olub.

 

İlin birinci yarısının sonuna AÇG-də ümumilikdə 124 neft hasilat quyusu, 44 su və 7 qaz injektor quyusu istismarda olub. Yanvar-iyun aylarında blokda 7 neft hasilat quyusu qazılıb.
AÇG layihəsinə 6 ayda təqribən 272 milyon dollardan artıq əməliyyat və 657 milyon dollardan çox əsaslı məsrəflər xərclənib. 
Yeri gəlmişkən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ictimaiyyətlə əlaqələr departamentinin məlumatına görə, fond 2001-ci ilin əvvəlindən bu il avqustun 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində ümumilikdə 143 milyard 366 milyon ABŞ dolları gəlir əldə edib.
Departamentin məlumatında, həmçinin vurğulanır ki, cari ilin yanvar-iyul aylarında AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 5 milyard 160 milyon dollar vəsait daxil olub. O cümlədən, bu ilin yeddi ayında Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri 209 milyon dollar təşkil edib. 2007-ci ildən bu vaxtadək isə bu rəqəm 2 milyard 703 milyon dollar olub.
İlin birinci yarısında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə isə təqribən 16 milyon ton (120 milyon barreldən çox) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 149 tankerə yüklənib.
“BP Azerbaijan” şirkətinin məlumatda isə göstərilir ki, bu ilin yanvar-iyun aylarında BTC üzrə əməliyyat xərclərinə təxminən 55 milyon dollar, əsaslı xərclərə isə təqribən 12 milyon dollar sərf olunub.
Məlumatda, həmçinin xatırladılır ki, 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan bu ilin ikinci rübünün sonunadək BTC ilə ümumilikdə təqribən 432 milyon tondan çox (təxminən 3,2 milyard barreldən artıq) xam neft nəql olunub və Ceyhan limanında 4 min 234 tankerə yüklənərək dünya bazarına göndərilib.
Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən, Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur. 
Bu ilin yanvar-iyun aylarında Səngəçal terminalı üçüncü tərəf həcmləri də daxil olmaqla 134 milyon barreldən çox neft və kondensat, o cümlədən 121 milyon barreldən artıq Bakı-Tbilisi-Ceyhanla (BTC) və təqribən 13 milyon barreldən çox Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə (QİBK) ixrac edib.
“BP Azerbaijan” şirkətindən bildirilib ki, 6 ayda terminaldan, həmçinin gündəlik orta hesabla 46 milyon standart kubmetr (1 milyard 610 milyon standart kubfutdan çox) “Şahdəniz” qazı ixrac olunub.
Yarım ildə AÇG ilə “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barrel neft və “Şahdəniz” qazı üçün təqribən 80 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetr təşkil edir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.
Bütün bunlar “Əsrin müqaviləsi”nin imzalanmasının necə uzaqgörənliklə və müdrikliklə seçilmiş, xalqın işıqlı gələcəyinə yönəldilmiş bir strategiya olduğunu sübut edir. Ölkəmiz bu strategiyaya sadiq qalaraq onu inkişaf etdirdikcə özü də sosial və iqtisadi cəhətdən daha da irəliləyir. 
Hazırda Azərbaycanın həyati əhəmiyyət daşıyan bütün istiqamətlər üzrə inamla irəliləməsi, beynəlxalq nüfuzunun getdikcə möhkəmlənməsi də məhz həmin strateji kursun məntiqi nəticəsidir.

 

Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”

10 2019 22:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə