Ən son xəbərlər
Nikol Paşinyan Ermənistanda hakimiyyəti ələ keçirdiyi gündən onsuz da böhran içərisində boğulan işğalçı ölkədə vəziyyət daha da ağırlaşıb. Robert Koçaryan və Serj Sarkisyan diktaturasından canını zorla qurtaran erməni xalqı bu dəfə “yağışdan çıxıb, yağmura düşüb”. Hakimiyyəti “məxməri inqilab” hesabına ələ keçirən hərdəmxəyal Nikol Paşinyanın “dövlət idəriçiliyi” siyasi böhranı daha da dərinləşdirib. Artıq xalqın səbr kasassının daşdığını hiss edən Paşinyan Qarabağ kartını yenidən ortalığa atıb və narazı kütləni, Dağlıq Qarabağı Ermənistana birləşdirəcəyinə inandırmağa çalışır. Ancaq yanılır. Çünki özündən əvvəlki dövlət başçıları da buna bir neçə dəfə çalışsalar da, hətta Sovet İttifaqı dövründə Mixail Qorbaçov da ermənilərə “dayılıq” etsə də, buna nail ola bilməmişdilər.
“Torpaqdan pay olmaz” – deyən mərd oğul və qızlarımız sinələrini sovet tanklarına, ağır artilleriya qurğularına sipər etdilər. Bununla da Azərbaycan suverenlik, azadlıq, mütəqillik yolunda qəti sözünü dedi. Yəqin xalqımızın bu mərdliyindən “meydan qəhrəmanı” Nikol Paşinyan da məlumatsız deyil. Əgər məlumatı yoxdursa, onda lap yaxın illərdə baş verənləri ona xatırladım.
Ermənistan silahlı qüvvələrinin cəbhəboyu ərazilərdə törətdikləri təxribatlara cavab olaraq, 2016-cı il aprelin 2-dən 5-dək davam edən Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları ölkəmizin hərbi qüdrətini təkcə işğalçı ölkəyə deyil, bütün dünyaya nümayiş etdirdi. İşğalçı ölkəyə vurulan bu sarsıdıcı zərbə, ilk növbədə, Azərbaycan üçün çox mühüm psixoloji qələbə oldu. Nəticədə Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəkliklər, həmçinin 23 ildən çox işğal altında olan ərazilərimiz odumuzun nəzarətinə keçdi. Bununla da Azərbaycan öz torpaqlarını azad etmək bacarığını, potensialını, döyüş əzmini nümayiş etdirdi.
Yəqin Paşinyan da bilməmiş deyil ki, dörd günlük döyüşlərdə Ermənistan silahlı qüvvələri nə qədər itki verdi. Bununla yanaşı, bu döyüşün beynəlxalq əks-sədası da dərhal eşidildi və Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlaması bir daha dünyaya xatırladıldı.
2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan – Gorus – Laçın yolu nəzarətə götürüldü.
Ermənistanın anormal baş naziri bütün bunları bilə-bilə odla oynamaq istəyir. O, hələ də mənasını dərk etmədiyi pafoslu sözləri ilə bizi qorxuda bilməz. Əksinə, onsuz da çətin durumda olan ölkəsini çıxılmaz vəziyyətə salıb. Bunu hazırda qorxu və təşviş içərisində olan yerli sakinlər də çox yaxşı bilirlər. Ona görə də onun bəyanatlarını qeyri-ciddi qəbul edirlər. Çünki yerli əhali ölkə rəhbərindən münaqişənin nizamlanmasını, insan tələfatına səbəb olan mənasız müharibəyə son qoyulmasını gözlədiyi bir vaxtda, baş nazir xalqı müharibəyə sürükləyir. Bütün bunlar gec-tez Paşinyanın öz başında çatlayacaq.
Dövlətimizin başçısı ən yüksək tribunalardan dəfələrlə bəyan edib ki, biz Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirik və danışıqlarda iştirakımız bunun əyani sübutudur. Ancaq hər kəs bilir və bilməlidir ki, münaqişənin həlli üçün hərbi amil xüsusi rol oynayır. Buna görə də biz bundan sonra da hərbi qüdrətimizi artıracağıq.
Deyəsən, Ermənistanın hərdəmxəyal baş naziri bu reallığı hələ də dərk edə bilmir.
Əliağa QURBANOV,
Qarabağ müharibəsi veteranı, ehtiyatda olan mayor
Köhnə versiyamızdan xəbərləri izlə