Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ruben Markaryan: “Nikol Paşinyan İlham Əliyevi görən kimi mövqeyini dəyişir...”

Ruben Markaryan: “Nikol Paşinyan İlham Əliyevi görən kimi mövqeyini dəyişir...”

Ermənistanın əndazə bilməyən, sözünün əvvəli ilə axırı uyuşmayan, boşboğazlığı qəhrəmanlıq sayan baş naziri Nikol Paşinyanın Xankəndidəki cəfəng bəyanatları onun öz ölkəsində də narazılıqla qarşılanır. Erməni politoloqlar Paşinyanın Xankəndidə  ortaya qoyduğu populistliyinin  xalq və dövlətə  qara qəpiklik xeyiri olmayacağını söyləyirlər. 
Bəs erməni xalqı öz dövlət başçısından nə üçün belə bədgümandır? Çünki Paşinyanın indiyədək səsləndirdiyi fikirlərin heç birini davam etdirə bilmədiyi  göz qarşısındadır. Nikolun tərəfdarlarından biri baş nazirin Xankəndidəki bəyanatını “böyük qətiyyət” adlandırıb. Onun həmin məmnunluğu cəmi bir neçə saat çəkib. Belə ki, erməni politoloqlar jurnalist Ruben Markaryanın dövlət başçılarının Vyana görüşündən sonra  “Ermənistanın səsi” qəzetində dərc etdirdiyi  məqaləsini yada salıb və təkrar paylaşıblar. Ruben həmin məqalədə Nikol Paşinyanı ağ yuyub, qara sərib.
“Bizim baş nazirimiz əvvəlcə bu və ya digər məsələdə mövqeyini qəti şəkildə bildirir. Lakin sonra bu qəti mövqe qəfil yoxa çıxır və prinsipial bəyanatların verilməsi vaxtı başqa mövzulardan danışır. Əliyevlə Vyanada keçirilən görüşdə də Paşinyan eyni formada davrandı. O, görüşdən əvvəl təntənəli şəkildə elan etdi ki, Vyanada ilk olaraq Dağlıq Qarabağ hakimiyyətinin bilavasitə danışıqlarda iştirakı məsələsini qaldıracaq, daha sonra Minsk qrupu tərəfindən elan edilmiş üç əsas prinsip və nizamlamanın altı elementinin izahını tələb edəcək. Bəs sonra nə oldu? Görüşdən öncə  “göylə gedən” Paşinyan müzakirələrdə heç nəyə nail ola bilmədi. Hətta  heç kim onun Vyanada iki saat ərzində  Əliyevlə nə danışdığını, əvvəldən elan etdiyi tələbləri səsləndirib-səsləndirmədiyini də bilmir. Görüşdən sonra Minsk qrupunun bəyanatından aydın oldu ki, nə Qarabağın danışıqlarda iştirakı, nə də nizamlama elementləri ilə bağlı izahat tələbi səsləndirilib. Paşinyan sadəcə bildirdi ki, “görüş normal keçdi”. 
İlham Əliyev isə görüşdən sonra bəyan etdi ki, danışıqlar bundan sonra da ikitərəfli formatda davam etdiriləcək. Nizamlamanın əsas prinsiplərinə gəlincə, Bakının mövqeyi dəyişmədi, Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Paşinyan bundan incidi, guya o, iki saat ərzində başqa şeydən bəhs edib, Əliyev isə özgə mətləblərdən danışır. 
Həmin müzakirələrdən sonra “Facebook”da canlı yayıma çıxan baş nazir bildirdi ki, “udmaq, yaxud uduzmaq haqqında danışmaq doğru deyil, bu yanaşma köhnəlib”. O qeyd etdi ki, görüşdə Qarabağın danışıqlarda iştirakı məsələsi qaldırılıb, lakin heç bir nəticə verməyib. Amma bu məsələni bundan sonrakı görüşlərdə də qaldıracaq... 
Paşinyan bunun böyük məsələ olduğunu, yalnız bir görüşdə  həll olunmasının mümkünsüzlüyünü bəyan etdi. Yəni o,  görüşdən əvvəl başqa, görüşdən sonra isə başqa sözlər danışır və bu fakt onun Vyanada məğlub olduğunu təsdiqləyir. Görünür, baş nazirimiz Əliyevi görən kimi  mövqeyini dəyişir”.
Üç ay əvvəl mətbuatda verilən və indi yenidən yada salınan bu məqalə sübut edir ki,  Nikol Paşinyanın Xankəndidəki boşboğazlıqları da çox qısa müddətdə itib-batacaq. Bunu ermənilər bizdən də  yaxşı bilirlər. 

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

10 2019 21:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə