Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanda həyatın sərt üzü, yoxsa Paşinyansayağı nağıllar...

Ermənistanda həyatın sərt üzü, yoxsa Paşinyansayağı nağıllar...

Bu il avqustun 5-də Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan ərazilərinə səfər edərək, burada reallıqdan uzaq saxta, avantürist bəyanatlar səsləndirib. Onun Xankəndidə Qarabağın guya Ermənistana aid olması barədə təhrikçi və gülünc iddiası Azərbaycan ictimaiyyətində dərin hiddət və qəzəb doğurub. Biz bu yazıda heç də Paşinyanın daxili auditoriyaya ünvanlanan həmin riyakar siyasi ritorikası barədə söz açmaq fikrində deyilik. Bu barədə əməkdaşı olduğum “Xalq qəzeti”, Azərbaycanın digər mətbu nəşrləri də kifayət qədər ciddi, arqumentli yazılar dərc edib. 

Yeri gəlmişkən, Ermənistan mətbuatı Paşinyanın arzu etdiyinin əksinə olaraq, onun Xankəndidə Qarabağın statusu ilə bağlı riyakar və ədalətsiz fikirlərinə bir o qədər də geniş yer ayırmır. Belə ki, Ermənistan oxucusu Baş nazirin qeyri-ciddi, populist çıxışlarından təngə gəlib və bunları artıq ciddi qəbul etmir.
O biri tərəfdən Ermənistan jurnalistləri yaxşı bilirlər ki, Paşinyanın Qarabağı zorla “erməni torpağı”na çevirmək cəhdi ciddi qəbul edilə bilməz. Şübhə yoxdur ki, Azərbaycan xalqı öz əzəli və əbədi torpaqlarını işğalçılardan azad edəcək. Bu, sadəcə zaman məsələsidir.  
Bu yazıda Paşinyanın xəyallarında canlandırdığı və məhz Xankəndidə dilə gətirdiyi Ermənistanın inkişafı ilə bağlı fantastik planları, daha doğrusu bunların ilğım və blef  olması barədə söz açmaq istərdim. 
Beləliklə, Paşinyan Xankəndidə özünün mənasız və ədalətsiz siyasi gəlişmələrindən sonra deyib ki, 2050-ci ilə qədər Ermənistanda ümumi daxili məhsul 15 dəfə, orta əmək haqqı isə 15 dəfə artacaq. Onun sözlərinə görə, həmin dövrdə ölkədə milyon yarım yeni iş yerləri açılacaq və 2,5 milyon vətəndaş daimi işlə təmin olunacaq. Bunlar hamısı boş vədlərdir! 
Paşinyanın populist təxəyyülünün hüdudları yoxdur. O, baş naziri olduğu hökumətin ölkənin “fantasatik inkişafı”nı necə reallaşdıracağı  barədə söz açmayıb. Axı,  populist olduğu qədər də hiyləgər və məkrlidir. Anlayır ki, real olmayan planların təfərrüatına varıb özünü pis vəziyyətə salmaqdansa, ümumi hədəflərdən danışmaq daha sərfəlidir. 
Ermənistanda normal düşüncə və təfəkkürə malik olan şəxslər, təbii ki, Paşinyanın yalanlarına inanmır. Məsələn, bu ölkədəki “Qafqaz” İnstitutunun eksperti, iqtisadçı Qrant Mikaelyan “Sputkik Armenia” informasiya saytına müsahibəsində deyib ki, Paşinyanın planları reallıqdan tamamilə uzaqdır. 
Belə ki, bunun üçün Ermənistanda ÜDM-nin artım sürəti 30 il dalbadal azı 9,2 faiz təşkil etməlidir. Qonşu Azərbaycanla müharibə vəziyyətində olan, regiondakı bütün iri kommunikasiya layihələrindən kənarda qalan Ermənistanda belə iqtisadi artım sürəti qeyri-mümkündür.  
Q.Mikeaelyan həmçinin hesab edir ki, Paşinyanın arzu etdiyi sürətli inkişafa nail olmaq üçün Ermənistan dövləti hansısa bir super güc tərəfindən dəstəklənməlidir. Necə ki, İkinci Dünya müharibəsinin sonunda atom bombası hücumuna məruz qalan Yaponiyanı ABŞ hökuməti dəstəkləmişdi. İqtisadiyyatı bərbad gündə olan işğalçı Ermənistana isə, təbii ki, heç bir ciddi dövlət böyük sərmayələr yatırmayacaq. 
Q.Mikaelyanın fikrincə, hər bir ölkədə davamlı iqtisadi inkişafa nail olmaq üçün, ilk növbədə siyasi hakimiyyətin varisliyi təmin olunmalıdır. Ermənistanda isə bu, yoxdur. Ölkədə hakimiyyətə gələn hər bir siyasi qüvvə əvvəlki iqtidarı kəskin pisləyərək  məhv etmək istəyir. 
Elə götürək, Paşinyanı. Hazırkı baş nazir əvvəlki bütün rəhbərləri özünün bir  nömrəli düşmənləri hesab edir və onların həbs olunmaları üçün əlindən gələni əsirgəmir. Yəni, Ermənistanda siyasi varislik ənənələri olmadığı kimi, onların yaranacağına ümid də yoxdur. 
Sual olunur: Paşinyanın Ermənistanda heç kəsin ağlına belə sığışdıra bilmədiyi saxta, fantastik planlar irəli sürməkdə məqsədi nədir? Niyyəti bəllidir: Paşinyan ölkə vətəndaşlarını özünün uydurduğu nağıllara inandırmağa cəhd edərək, onları real həyatda üzləşdikləri problemlərdən yayındırmağa çalışır.  
Ermənistan əhalisi artıq Paşinyana və onun komandasının yalanlarına inanmır. Ölkəni tez-tez bürüyən etiraz aksiyaları hazırkı hökuməti günbəgün çətin vəziyyətə salır. Bəli, bu gün Paşinyan öz səriştəsiz və populist siyasəti ilə özü ilə  bərabər erməni xalqını da dərin uçuruma sürükləyir. 

 

M.HACIXANLI, “Xalq qəzeti”  

10 2019 20:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Oktyabr 2019 | 17:17
Honqkonqda Ukrayna elementi
19 Oktyabr 2019 | 12:11
Azərbaycan Bayrağı

Köhnə versiyamızdan xəbərləri izlə