Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan islahatçı ölkə kimi sürətlə inkişaf edir

Azərbaycan islahatçı ölkə kimi sürətlə inkişaf edir

“Bizim siyasətimiz ondan ibarətdir ki, ölkəmizi modernləşdirək, ölkəyə ən qabaqcıl texnologiyaları gətirək. Azərbaycanda bütün iqtisadi və sənaye sahələrində ən qabaqcıl təcrübə tətbiq olunmalıdır, peşəkar kadrlar hazırlanmalıdır. Ölkəmiz uğurla inkişaf etməkdə davam edəcəkdir. Bizim təbii resurslarımız var, iqtisadi siyasətimiz var və bu, uğurlu siyasətdir. Beynəlxalq maliyyə qurumları Azərbaycanda bu sahədə aparılan işlərə çox yüksək qiymət verirlər. Yəni bu, həqiqəti əks etdirən qiymətdir və beləliklə, biz ölkəmizin uzunmüddətli inkişaf strategiyasını təmin edəcəyik”.
İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti


Hərtərəfli inkişafa nail olmaq istəyən hər bir ölkə həlledici sahələrdə – investisiya və biznes mühitinin yaxşılaşdırılması, xarici ticarətin diversifikasiyası, insan kapitalının inkişafı, kiçik və orta müəssisələrin maliyyə resurslarına əlçatanlığı, ətraf mühitin qorunması, sənaye və texnoloji parkların qurulması və bu kimi digər mühüm strateji tədbirləri həyata keçirməyə çalışır. Son illər müxtəlif sahələrdə ciddi sosial-iqtisadi uğurlara imza atmış Azərbaycan dünyanın ən islahatçı ölkəsi kimi tanınır və bu reallığımız bir sıra beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapır. Bütün bunlar bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən hərtərəfli islahatlar konkret nəticələrə hesablanmışdır və yürüdülən sosial-iqtisadi siyasət Azərbaycan vətəndaşının rihafının daha da yaxşılaşdırılmasına yönəlmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət sayəsində Azərbaycan böyük inkişaf mərhələsi keçmişdir. Ötən illər ərzində ölkə iqtisadiyyatının sürətli inkişafı yoxsulluq səviyyəsinin minimim səviyyəyə düşməsinə şərait yaratmış və bir milyondan artıq yeni iş yerləri açılmışdır. Dünyanın ən sürətli inkişaf edən ölkələrindən biri kimi xarakterizə edilən Azərbaycanda sosial-iqtisadi sahədə qazanılan nailiyyətlər beynəlxalq miqyasda da yaxından izlənməkdə, diqqətlə öyrənilməkdədir. Bu sahədə araşdırma aparan təşkilatların, ekspertlərin yekun qənaəti belədir ki, Azərbaycan iqtisadi sahədə uğurlarla zəngin bir yolda irəliləyir və artıq özünəməxsus cəhətləri olan inkişaf modelinin əsasını qoymuşdur. Bununla yanaşı, dünyada iqtisadi və maliyyə vəziyyətinin mürəkkəbliyinə baxmayaraq, Azərbaycan öz iqtisadiyyatını mənfi təsirlərdən maksimum dərəcədə qorumağa çalışır və bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə dinamik inkişafını müvəffəqiyyətlə davam etdirən ölkə kimi inamla irəliləyir. 
Azərbaycanın iqtisadi inkişafını səciyyələndirərkən ­Prezident İlham Əliyev demişdir: “Bizim siyasətimiz ondan ibarətdir ki, ölkəmizi modernləşdirək, ölkəyə ən qabaqcıl texnologiyaları gətirək. Azərbaycanda bütün iqtisadi və sənaye sahələrində ən qabaqcıl təcrübə tətbiq olunmalıdır, peşəkar kadrlar hazırlanmalıdır. Ölkəmiz uğurla inkişaf etməkdə davam edəcəkdir. Bizim təbii resurslarımız var, iqtisadi siyasətimiz var və bu, uğurlu siyasətdir. Beynəlxalq maliyyə qurumları Azərbaycanda bu sahədə aparılan işlərə çox yüksək qiymət verirlər. Yəni bu, həqiqəti əks etdirən qiymətdir və beləliklə, biz ölkəmizin uzunmüddətli inkişaf strategiyasını təmin edəcəyik". 

Əlbəttə ki, əldə olunmuş genişmiqyaslı nəticələr “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunmasına şərait yaratmışdır. Dünya birjalarında neft qiymətlərinin qeyri-sabit olmasına baxmayaraq, Azərbaycanda həyata keçirilən islahatların sürəti öz axarında davam etmiş və daha da dərinləşmişdir. Həyata keçirilən islahatlar, öz növbəsində, həmin hesabatda Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan vermişdir. Belə ki, 2018-ci il oktyabrın 31-də Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur. 
Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək, 190 ölkə arasında 25-ci yerdə qərarlaşmış, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında liderliyə yüksəlmişdir. Bu uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin konkret nəticələrə yönəldiyini və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin, o cümlədən biznes subyektlərinin mənafelərini əks etdirdiyini bir daha göstərir. 
Əlbəttə ki, Azərbaycanın belə yüksək göstəriciyə nail olmasını şərtləndirən amillər sırasında ilk olaraq ölkəmizdəki güclü makroiqtisadi sabitlik və bu sahədə davam edən islahatlar mühüm rol oynamışdır. Artan neft gəlirlərinin bazar iqtisadiyyatının əsas tələb və şərtlərindən olan qeyri-neft sektorunun formalaşdırılmasına yönəldilməsi, özəl bölmənin təkmilləşdirilməsi sürətli iqtisadi inkişaf dinamikası əldə etməyə şərait yaradır. İqtisadi şaxələndirmənin, qeyri-neft sektorunun formalaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər öz nəticəsini verir.
 İyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə Prezident İlham Əliyev ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu və bunun rəqəmlərdə də öz əksini tapdığını açıqlamışdı. Ölkə başçısı sənayemizin qeyri-neft sektorunun rekord addımlarla irəlilədiyini vurğulayaraq əlavə etmişdir ki, Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində hökumət bu məsələləri həll edir. Cari ildə Azərbaycanın beynəlxalq nüfuzu da artmış, regionda enerji-nəqliyyat qovşaqlarının yaradılmasında rolu güclənmişdir. Dövlət başçısının vurğuladığı kimi, bu gün Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda çox böyük rol oynayır və böyük rəğbət qazanmışdır. Azərbaycanın dünya enerji siyasətində rolu artır, respublikamız çox önəmli nəqliyyat mərkəzinə çevrilmişdir. Bunun nəticəsidir ki, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanda müşahidə olunan inkişaf proseslərini yüksək qiymətləndirirlər.
Bir sözlə, Azərbaycanın dinamik inkişafı istər yerli, istərsə də beynəlxalq təşkilatlar tərəfindən etiraf olunur və təqdir edilir. Bu inkişaf tempi xüsusilə də Dünya Bankının hər il açıqladığı ənənəvi “Doing Business” hesabatlarında öz əksini tapır. Mütəxəssislər bildirirlər ki, cari ildə olduğu kimi, gələn ildə də Azərbaycanın inkişafı beynəlxalq hesabatlarda öz müsbət əksini tapacaq. Belə ki, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində davamlı şəkildə aparılan islahatlar nəticəsində bu ilin payızında açıqlanacaq Dünya Bankının “Doing Business 2020” hesabatında ölkəmizin reytinqi bir qədər də yüksələcək. 
AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mahir Zeynalovun sözlərinə görə, əvvəlki dövrlərdə aparılmış islahatların nəticəsi olaraq Azərbaycan ötən il “Doing Business 2019” reytinqində 32 pillə irəliləyərək 57-ci yerdən 25-ci yerə yüksəlmişdir. Belə nikbin proqnozlar verməyə ölkədə sahibkarlar üçün beynəlxalq standartlara uyğun daha əlverişli şəraitin yaradılması və biznes mühitinin cəlbediciliyinin yüksəldilməsi istiqamətində aparılan islahatlar əsas verir. Hazırda Azərbaycanda 20 dəqiqə ərzində yeni bir sahibkarlıq subyektini elektron qaydada, heç bir məmurla birbaşa təmasa girmədən qeydiyyatdan keçirmək, müəssisə açmaq mümkündür. Bunun üçün heç bir xərc tələb olunmayan yeni qaydalara əsasən, qeydiyyat sənədləri yalnız vergiödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və bu sənədlərin kağız daşıyıcılarda götürülməsinə zərurət olmur. Yeni xidmətdən yararlanmaq istəyən istifadəçilər “ASAN İmza” olmadan elektron qeydiyyat sistemində FİN kodla identifikasiyadan keçirlər. Mütəxəssis bildirir ki, dünyanın hələlik heç bir ölkəsində belə asan və mükəmməl sistem yoxdur. Bu isə cari ildə dünyada müəssisələrin qeydiyyatı indikatoru üzrə 1-ci olacağımızı deməyə əsas verir. 

 

Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”

 

10 2019 20:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Oktyabr 2019 | 17:17
Honqkonqda Ukrayna elementi
19 Oktyabr 2019 | 12:11
Azərbaycan Bayrağı

Köhnə versiyamızdan xəbərləri izlə