Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan dünyada, həm də meqalayihələri uğurla həyata keçirən ölkə kimi tanınır

Azərbaycan dünyada, həm də meqalayihələri uğurla həyata keçirən ölkə kimi tanınır

Azərbaycan son 16 ildə siyasi, sosial-iqtisadi sahələrdə bir sıra mühüm uğurlar əldə edib. Müsbət göstəricilərlə nəticələnən islahatlar ölkəmizin gələcək inkişafına zəmin yaradıb, meqalayihələrin uğurla gerçəkləşdirilməsini şərtləndirib, respublikamızın regionda və beynəlxalq aləmdə nüfuzunu daha da gücləndirib. 

Ötən il uzun müddət davam edən müzakirələrdən sonra Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalanması digər dörd sahil ölkəsi ilə bərabər Azərbaycanın da uğurudur. Konvensiya respublikamız üçün nəqliyyat, logistika, tranzit, ticarət, enerji və bioresursların istifadəsi baxımından yeni imkanlar açır, ən əsası isə bir sıra meqalayihələrin reallaşmasını sürətləndirir. 
Ötən il rəsmi açılışları olan Cənub Qaz Dəhlizi və onun bir hissəsi olan TANAP 1,2 trilyon kubmetr ehtiyata malik olan “Şahdəniz-2” qaz yatağından “mavi yanacağın” Türkiyə, Gürcüstan və Avropaya nəqlinə imkan verəcək. Bu isə Azərbaycanın Avropada enerji təhlükəsizliyi, iqtisadi artım, yeni iş yerlərinin yaradılması, habelə ətraf mühitin qorunması siyasətinə verdiyi töhfədir. Beləliklə, Azərbaycan təbii resursları, daşıma infrastrukturu və emal imkanları ilə dünyanın təkcə neft deyil, həm də təbii qaz bazarlarında mövqelərini gücləndirir.
Son bir ildə “Enerjinin İpək yolu” adlandırılan TANAP-ın, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı reallaşıb. Xatırladaq ki, bu kompleks Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yükcəmləyici məntəqə funksiyasını yerinə yetirir. 
Azərbaycanda uğurla reallaşdırılan meqalayihələrdən həhs edərkən, bir məqamı da xatırlatmaq istərdik. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyev prezidentlik fəaliyyətinin ilk günündən etibarən bütün digər sahələrdə olduğu kimi, kosmik sənayenin inkişafını da diqqət mərkəzində saxlayıb. Ölkə rəhbərinin 2009-cu ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” ilə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə start verilib.
Dövlət başçısının səyilə respublikamız dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulub. 2010-cu il fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1”, 2014-cü ildə ikinci – Yer səthini müşahidə edən “Azersky” peyki, ötən il sentyabrın 26-da isə daha bir telekommunikasiya peyki – “Azerspace-2” orbitə çıxarılıb.
Ötən il mayın 14-də Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi istifadəyə verilib. Bununla da ölkəmizə Xəzər dənizi üzərindən yüklərin daşınmasında əlverişli şərait yaranıb. Digər tərəfdən, bu limanın tikintisi ilə ölkəmizin tranzit və logistik imkanları genişləndirilib.
Bu gün Şimal–Cənub nəqliyyat marşrutu da Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Bu dəhlizin fəaliyyətə başlaması Asiyadan Avropanın şimalınadək geniş bir ərazidə yükdaşımaların həcmini artırır. 

 

Azərbaycanda həyata keçirilən meqalayihələr sırasında paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa edilən Abşeron Logistika Mərkəzi də mühüm yer tutur. Tarixi İpək yolunun üzərində yerləşən bu mərkəzin sutkalıq yükdaşıma qabiliyyəti 30 min ton təşkil edir ki, bu da ildə təqribən 11 milyon ton yükə bərabərdir. Yeri gəlmişkən, Abşeron Logistika Mərkəzi vasitəsilə ölkəmizdə istehsal edilən kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı nəzərdə tutulub.
Yeni tranzit infrastrukturu olan Abşeron Logistika Mərkəzi Bakı-Tbilisi-Qars, İran-Astara-Bakı, Rusiya-Yalama-Ələt dəmir yolu marşrutları ilə əlaqəlidir. Bakı-Tbilisi-Qars dəmir yolu tam gücü ilə fəaliyətə başladıqdan sonra bu mərkəz xarici ölkələrlə idxal-ixrac əməliyyatlarının və Azərbaycan ərazisindən multimodal yükdaşımalarının çevik həyata keçirilməsinə imkan yaradacaq. Mərkəzin Asiya ilə Avropanın, Şimalla-Cənubun qovuşuğunda yerləşməsi ölkəmizin tranzit əhəmiyyətini daha da artıracaq.
Ötən il oktyabrın 19-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə İzmir şəhərində açılış mərasimi keçirilən “Star” neft emalı zavodu da mühüm önəm daşıyan meqalayihələrdən biridir. SOCAR-ın 6,3 milyard dollar investisiyası hesabına tikilən bu müəssisə Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub. 
Bu müəssisədə ildə 5 milyon ton dizel yanacağı, 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 1 milyon ton qarışıq ksilen/reformat, mayeləşdirilmiş neft-qazı (LPG), neft koksu və kükürd istehsal ediləcəyi, 10 milyon ton xam neft emal olunacağı nəzərdə tutulub. 
Prezident İlham Əliyev bu ilin yanvarında “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda deyib: “Hazırda Avropada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin tikintisi sürətlə gedir. Dörd layihədən ibarət olan bu meqalayihə artıq son mərhələdədir. Dörd layihədən üçü istifadəyə verilib. Keçən il TANAP və Cənub Qaz Dəhlizinin açılışı olmuşdur və bunlar tarixi hadisədir”.
Ölkəmizin müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə böyük töhfəsidir. 
Dörd seqmenti özündə birləşdirən və 40 milyard dollar investisiya qoyuluşu nəzərdə tutulan Cənub Qaz Dəhlizi “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), Trans-Anadolu boru kəməri (TANAP) və “Trans-Adriatik” boru kəməri (TAP) layihələrindən ibarətdir. Bu layihənin icrasında - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. Növbəti mərhələdə Cənub Qaz Dəhlizinə daha 3 Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro qoşulacaq. Buna görə də Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində mühüm əhəmiyyətə malikdir. 
Layihə həm mənbələrin, həm də marşrutların şaxələndirilməsinə hədəflənib. Məhz enerji resurslarının şaxələndirilməsi, yeni marşrutların açılması sayəsində Avropa yeni mənbədən - təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetr olan Azərbaycandan təbii qaz alacaq.
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil olunacaq qazı Türkiyəyə nəql edən və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizi dünyada inkişaf etdirilən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi ilə ilkin mərhələdə Türkiyəyə ildə 6 milyard kubmetr qaz göndəriləcək. Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. 
2018-ci il iyulun 18-də Prezident İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində daha bir meqalayihə – “SOCAR Polymer”in polipropilen zavodu istifadəyə verilib. Müəssisədə homopolimer, zərbəyə davamlı so-polimer, statistiki so-polimer polipropilen məhsulları istehsal olunur. 
Mütəxəssislərin hesablamalarına görə, Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı üzrə yaradılan ilk şirkət olan “SOCAR Polymer”in fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 19 faiz artıracaq.
Meqalayihələr haqqında qısa qeydlərdən göründüyü kimi, Prezident İlham Əliyevin ötən 16 il ərzində uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində müstəqilliyimiz möhkəmlənib, dövlətimiz qüdrətlənib, ölkəmiz davamlı və dayanıqlı inkişaf edib, Azərbaycanın dünyada nüfuzu daha da artıb.

 

Vaqif BAYRAMOV, 
“Xalq qəzeti” 

10 2019 20:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Oktyabr 2019 | 17:17
Honqkonqda Ukrayna elementi
19 Oktyabr 2019 | 12:11
Azərbaycan Bayrağı

Köhnə versiyamızdan xəbərləri izlə