Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Radikal müxalifət böhtan və iftira püskürür

Övladlarını xarici ölkələrə eyş-işrət məclislərinə göndərən müxaliflər vətənpərvərlikdən dəm vururlar

Radikal müxalifət böhtan və iftira püskürür

Son vaxtlar sosial şəbəkələri yenidən AXCP sədri Əli Kərimlinin Londonda təhsil alan oğlunun eyş-işrət məclislərindəki sərxoş halda çəkdirdiyi şəkillər “bəzəyir”. AXCP sədrinin oğlunun eyş-işrət məclislərində iştirakı təzə məsələ deyil. Bundan əvvəl də onun Londondakı barların birindən əxlaqsız qızlarla adət-ənənəmizə xas olmayan formada çəkdirdiyi şəkilləri sosial şəbəkədə paylaşmışdı. Təəccüblüdür, görəsən, Əli Kərimli və ya oğlu belə şəkilləri çəkdirib sosial şəbəkələrdə paylaşmaqla kimdən “qisas almaq” istəyirlər? 

Heç bir siyasi dünyagörüşü olmayan, meydan və küçələrdə ətraflarına beş-on nəfər toplaşan kimi “milli qəhrəmana, “Vətən fədaisinə” çevrilən radikal müxalifət nümayəndələri özlərini “lider” adlandıraraq, bütün zəruri siyasi cəhətləri bir kənara qoyub yalnız “hakimiyyətə gələcəyik” deyib insanlara yalan vədlər verməklə daxili sabitliyi pozmağa çalışırlar. Çünki antiazərbaycan qüvvələrdən və ermənipərəst ağalarından aldıqları sifarişləri yerinə yetirmək məcburiyyətindədirlər. Bu “fəaliyyətləri”nin müqabilində bol-bol qrantlar alırlar. Son 25 ildə heç bir yerdə işləməyən, lakin dəbdəbəli ofisləri, xidməti maşınları, ailə maşınları, cangüdənləri olan radikal müxalifət rəhbərləri bütün bunların hamısını hansı “qazancla” saxlayırlar? Təbii ki, xalq belə cılız təfəkkür sahibləri olan xain və satqınlara inanmır.
Son 15 ildə radikal müxalifət hər hansı bir uğuru, xalqa fayda verə biləcək dəyərli ideyası, layihəsi ilə gündəmə gəlməyib. Onlar pusquda dayanaraq dövlət başçısının həyata keçirdiyi islahatları, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi məqsədilə gördüyü tədbirləri öz adlarına çıxır, guya müxalifətin mitinqlərindən sonra hakimiyyəti bu addımları atmağa vadar etdikləri barədə yalan və şayiələrlə xalqı inandırmaq istəyirlər. Halbuki, hələ 2018-ci ildə Prezident İlham Əliyev 2019-cu ilin islahatlar ili olacağı barədə anons vermişdi. Dövlətimizin başçısı bildirmişdi ki, 2019-cu ildə əməkhaqları, pensiyalar, sosial müavinətlər artırılacaq. Artıq verilən vədlər yerinə yetirildi. Bu dəfə isə radikal müxalifət bu artımı öz adına çıxa bilmədi. Çünki artıq onlar mitinq keçirə bilmirlər və bu artımların da məhz “mitinqlərin təsiri oldu” – deməyə fürsət tapa bilmirlər.
Bu günlərdə Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə bir daha qeyd edildi ki, elə bir sahə yoxdur ki, islahatlar prosesi onu əhatə etməsin. İslahatlar dərinləşdikcə insanların, ölkə əhalisinin vəziyyəti, sosial rifahı, güzəranı da yaxşılaşır. Qeyri-neft sektorunda aparılan islahatlar, xüsusilə aqrar sahənin inkişafındakı nailiyyətlər həm yeni iş yerlərinin açılmasında, həm də əhalinin rifahının yaxşılaşdırılmasında böyük rol oynamışdır. Bunu faktlar da təsdiqləyir. Ancaq nədənsə, radikal müxalifət nümayəndələri, xüsusilə də AXCP sədri Əli Kərimli bu inkişafdan ciddi narahatlıq keçirdiyini gizlədə bilmir. Onun xarici radio stansiyalarından birinə verdiyi müsahibədə səsləndirdiyi fikirlərə diqqət yetirəndə adama elə gəlir ki, bu sözləri ölkəmizə qarşı aqressiv mövqedə olan hansısa xain bir erməni səsləndirir. Çünki Əli Kərimli son illər pambıqçılıq, baramaçılıq, tütünçülük və digər zəruri sahələrə dövlət dəstəyini əhalinin başını qatmaq kimi dəyərləndirir və insanların bu işlərə məcburi şəkildə cəlb edildiyini bildirir. 
Görünür, Əli Kərimlinin başı antiazərbaycan qüvvələrdən aldığı qrantlara necə qarışıbsa, atası Əmirhüseyn Kərimovun pambıq əkib-becərməsindən, baha qiymətə rayondakı pambıq emalı zavodlarına satmasından, pulunu yerindəcə almasından bixəbərdir. Axı, Əmirhüseyn kişi dövlətin ona verdiyi pay torpağında yetişdirdiyi pambıq məhsulundan nə qədər gəlir əldə etdiyini çox yaxşı bilir. Ona görə də növbəti ildə pambıq sahəsini bir qədər də genişləndirib. Bunu dəqiqləşdirmək üçün sadəcə onun Saatlı rayonunun Sarıcalar qəsəbəsindəki pambıq emalı zavodu ilə bağladığı müqaviləyə diqqət yetirmək kifayətdir. Neyləsin ki, oğlu onu eşitmir. Elə buna görə də Ə.Kərimlinin yaxın qohumları deyirlər ki, Allah Əlinin də qarşısına özü kimi oğul çıxartdı. İndi onun Londonda yaşayan oğlu da öz bildiklərini edir, gününü eyş-işrət məclislərində keçirməklə atasının üzünə ağ olmaqda Əli Kərimlini bir qədər də qabaqlayıb.
Yeri gəlmişkən, son zamanlar radikal müxalifətin təmsilçiləri də , ayrı-ayrı  məkrli şəxslər kimi  Azərbaycan polisi haqqında həqiqəti əks etdirməyən, qərəzli, subyektiv mülahizələrə əsaslanan məlumatlar yayırlar. Bu isə Azərbaycanın çiçəklənməsini gözü götürməyənlərin dəyirmanına su tökməkdir.  Azərbaycan polisi bu gün nəinki regionun, hətta dünyanın ən müasir hüquqi bazaya malik, intellektual səviyyə baxımından Avropa polislərindən belə geri qalmayan, insan hüquq və azadlıqlarının qorunmasında xüsusi xidmətləri ollan bir qurum kimi nümunə göstərilir.
Əli Kərimli və tərəfdarları hansısa qanuni və ya qanunsuz tədbir keçirərkən onların təhlükəsizliyini kim qoruyur? Əlbəttə, polis. Azərbaycanın polis orqanları öz xidməti borcunu yerinə yetirir, ictimai asayişi, vətəndaşların təhlükəsizliyini qoruyur, insnaların qanuna uyğun davranışını təmin edir. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun 2 iyul -- Polis günü münasibətilə DİN-in şəxsi heyətinə ünvanladığı  təbirkdə deyilir ki, yarandığı gündən şərəfli yol keçən Azərbaycan polisi bütün tarixi dövrlərdə Vətənə və xalqa ləyaqətlə xidmət edib, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşıb mətinləşib, dövlətin əsas dayaqlarından birinə çevrilib.
Qətiyyətlə deyə bilərik ki, bu gün  davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.  
Hansısa antiazərbaycan qüvvələrin, bədxahlarımızın və nankor soydaşlarımızın qarayaxmalarına baxmayaraq, xalqımız inanır  ki, milli maraqları, dövlətçilik mənafelərini daim uca tutan daxili işlər orqanları  vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcək. Azərbaycan polisinin  şəxsi heyəti təkcə asayişin qorunmasına, kriminal ünsürlərin bəd əməllərinin qarşısının alınmasına xidmət etməyib. Bizim polisimiz torpaqlarımızın müdafiəsi uğrunda qalxmış, xeyli oğullarımız şəhidlik zirvəsinə ucalmışdır. 
Bir faktı yada salmaq istərdik.  Təkcə 2018-ci il ərzində nümunəvi xidmətlərinə, o cümlədən, ictimai asayişin mühafizəsində, cinayətkarlığa qarşı mübarizədə əldə etdikləri nailiyyətlərə görə daxili işlər orqanlarının 15715 əməkdaşı mükafatlandırılmışdır. Bu, adi rəqəm deyil. Əli Kərimlinin və onun ətrafındakıların şər-böhtan atdığı Azərbaycan Polisinin öz vəzifə borcunu hansı səviyyədə yerinə yetirdiyinin göstəricisidir. 
AXCP sədri həmin müsahibəsində nə qədər gülünc görünsə də, Ermənistanı Azərbaycana nümunə göstərir və ölkəmizdə aqrar sahənin inkişafını tənqid edərək, guya sənaye texnologiyasının unudulduğunu bildirir. Ermənistanın isə bu sahədə inkişaf etdiyini nümunə göstərir. Nə qədər nankor və xəyanətkar olmalısan ki, ölkəmizin sənaye texnologiyası sahəsində inkişafını, digər ölkələrlə müştərək həyata keçirdiyi tədbirləri görməyəsən. Yəni doğrudanmı çirkli pullar, qrantlar AXCP sədrinin gözlərini bu qədər qamaşdırıb ki, Neftçala Sənaye Məhəlləsində Azərbaycanın “Azevrocar” MMC şirkətinin İranın “İran Khodro” şirkəti ilə birgə həyata keçirdiyi layihə çərçivəsində avtomobil istehsalı zavodunu, artıq bu zavodda istehsal olunan maşınların satışını görmür? Niyə Əli Kərimli və övladlarını xarici ölkələrə göndərən radikal müxalifət nümayəndələri Gəncə Avtomobil zavodu sənaye sahəsində Belarus-Azərbaycan əməkdaşlığını görməzliyə vururlar? Axı Gəncə avtomobil zavodunda istehsal olunan traktorlar kənd təsərrüfatının inkişafında əhəmiyyətli rol oynayır. Şamaxı rayonundakı avtomobil zavodunda hazırda “Azsamand” avtomobillərinin iki modeli–sadə və LX hazırlanır. Hansı birini deyəsən? Saymaqla qurtaran deyil. Məgər bunlar sənaye texnologiyasının inkişafı deyil? Bəs görəsən Ermənistanda yerli əhalinin görmədiyi hansı sənaye texnologiyası Əli Kərimlinin diqqətini cəlb edib?
AXCP sədrinin Ermənistanı tərifləməsinin arxasında başqa bir mətləbin gizləndiyi bu günlərdə məlum oldu. Nikol Paşinyanın hakimiyyəti “məxməri inqilab”la ələ keçirməsini demokratiyanın təntənəsi hesab edən AXCP sədri gəncləri, o cümlədən əhalini küçə və meydanlara çağırmaqla onlara Nikol Paşinyan “demokratiyasını” nümunə göstərmək istəyir və hakimiyyəti bu cür, qeyri-sivil, qeyri-konstitusion yolla, zor gücünə, meydan hərəkatı vasitəsilə ələ almağa çağırır. Görünür, 27 il əvvəl hakimiyyəti silah gücünə ələ aldıqlarını hələ də unutmur və xəyalən həmin illərə qayıtmaq istəyir. Ancaq unudur ki, həmin illər çoxdan arxada qalıb və indi Azərbaycan demokratik, hüquqi dövlətdir. 
Ə.Kərimlinin Nikol Paşinyan “demokratiyası”nı nümunə göstərməsi, görünür, separatçı rejimi bir qədər də ruhlandırdı və bu günlərdə Xankəndidə keçirdikləri mitinqdə xəbis niyyətlərini açıq şəkildə ortaya qoydular. Bax, budur Əli Kərimlinin qiymətləndirdiyi Ermənistanın indiki hakimiyyətinin “demokratiya təntənəsi”. 
Artıq radikal müxalifətin iqtidarın ünvanına deməyə elə bir sözü qalmayıb. Çünki son vaxtlar həyata keçirilən islahatlar əhalinin sosial rifahının yaxşılaşdırılmasında böyük rol oynayıb. Bu diqqət və qayğı “iqtidar-xalq” vəhdətini daha da möhkəmləndirib. Ancaq isti yay günlərində havanın qeyri-sabit keçməsi, temperaturun birdən-birə düşməsi, yağışların yağması radikal müxalifətə mitinq çağırmaq mövzusu verib. Məsələn, niyə ötən il iyul ayında hava isti oldu, ancaq bu il qeyri-sabit keçdi? Niyə rayonlarda dolu yağdı, meyvələr töküldü? Niyə güclü külək əsdi, bəzi ağacları kökündən aşırdı, minik maşınlarına ziyan dəydi, bəzi yerlərdə evlərin damı zədələndi? Və ya dənizdə dalğanın hündürlüyü bir neçə metrə yüksəldi, Günəşdə partlayış oldu və meteohəssas insanlar bundan əziyyət çəkdi. Bəs iqtidar bütün bunların qarşısını niyə vaxtında almadı? AXCP sədri məqam axtarır ki, öz pafoslu çıxışı ilə desin ki, bütün bunlar təbiət hadisələri deyil, iqtidar tərəfindən edilir.
Budur radikal müxalifətin siyasi dünyagörüşü və “siyasi fəaliyyətləri”. Meydan hərəkatından qalmış düşüncə tərzi, nimdaş təfəkkür, əqidəsizlik, xalqın taleyüklü məsələlərindən çox öz şəxsi məqsədlərini güdmək, Vətən təəssübünün olmaması...
Onlar bu çirkab içərisində hələ də çapalayırlar. Onlar əziz-xələf övladlarını xarici ölkələrə eyş-işrət məclislərinə göndərib bu gün vətənpərvərlikdən dəm vururlar.

 

Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”

10 2019 20:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Sentyabr 2019 | 23:32
Şəhidlərin xatirəsinə ehtiram

Köhnə versiyamızdan xəbərləri izlə