Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hər müraciətin arxasında bir insan taleyi dayanır

Masallı rayonunda sakinlərlə görüşmək üçün kəndbəkənd, evbəev gəzməyə üstünlük verilir

Hər müraciətin arxasında bir insan taleyi dayanır

Hakimiyyət orqanlarında çalışan,yüksək vəzifə tutan şəxslərin sıravi vətəndaşlarla  hər bir ünsiyyəti onlara unudulmaz təsir bağışlayır və müəyyən problemlərinin çözülməsinə səbəb olur. Dövlətimizin başçısı İlham Əliyevin müntəzəm olaraq bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşüb səmimi söhbətlər aparması əsl xalqa xidmət nümunəsidir. Bu, həm də öz Prezidentinə son dərəcə inanan, onun siyasətini qəlbən bəyənib dəstəkləyən vətəndaşların dövlətçiliyimizə inamını birə-beş gücləndirir.  

...Ucqar kəndə bir dəstə qonaq gəlmişdi. Bir anda camaata hay düşdü ki, gələnlər rayon rəsmiləridir, hər kəsin vəziyyəti ilə maraqlanırlar. Tezliklə hamı ortalığa yığışdı. İcra hakimiyyətinin başçısı sakinləri salamlayaraq bayramlarını təbrik elədi, görülən işlərdən danışdı və hər kəsi dinləməyə hazır olduğunu bildirdi. Razılıq edən kəndlilərin bəzisi şəxsi problemlərini də dilə gətirdi. Xahişlər qeydiyyata götürüldü, mümkün olanı yerindəcə həllini tapdı. Sonra aztəminatlı ailələrə bayram payları, uşaqlara geyim-keçim verildi. Görüş başa çatanda isə sakinlər kəndi tərk edən qonaqların arxasınca bir xeyli əl elədilər.     
Söhbət Masallıdan gedir. Ölkəmizin hər yerində olduğu kimi, burada da yerli əhali hər həftə rayon rəhbərliyinin ərazilərə görüşə getdiyinin şahidi olur. Dövlət başçısının tapşırığına uyğun olaraq, hər həftənin bir günü virtual formada, bir günü RİHB aparatında, bir günü isə yerlərdə səyyar qəbul və görüşlər vasitəsilə vətəndaşlar dinlənilir, onların müraciətləri araşdırılır və məsələlər operativ həll edilir. Bu, əhali  tərəfindən böyük razılıqla qarşılanır, üstəlik də təkrar müraciətlərə ehtiyac qalmır.  Görüşlərdə çıxış edənlər, hər hansı məsələ ilə bağlı fikir söyləyənlər, şəxsi problemlərindən danışanlar inanırlar ki, rəhbərliyə hər kəs sözünü çəkinmədən, birbaşa deyə bilər və qaldırılan məsələ nəticəsiz qalmaz. Görüşlər zamanı söylənən arzu və təkliflər bir qayda olaraq sənədləşdirilir, videolentə alınır və  növbəti görüşlərədək nəticəsi barədə məlumat verilir. 
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov da, aparatın məsul işçiləri də bir an belə unutmurlar ki, hər müraciətin, hər sözün arxasında bir insan taleyi dayanır. Buna görə də   müraciətlərə həssaslıqla yanaşır, şikayətlərin qanun çərçivəsində və operativ həllinə nail olurlar. 
Son 5 ildə icra aparatında keçirilən səyyar qəbullarda 1400 vətəndaşın 2002 arzu və təklifi dinlənilib. Bu ilin may ayından isə rəsmilər kənd və qəsəbələrin sakinlərinə irəlicədən xəbər  vermədən qapılarını döyür və onlarla öz evlərindəcə görüşürlər. Ünsiyyətin bu forması həm etimadı artırır, həm də məsələnin imkan dairəsində tezliklə həllini tapması məramına xidmət edir. Vətəndaşsa bundan daha da ürəklənir, fikrini rahat söyləyir. Beləcə, həftədə bir dəfə kəndləri, obaları gəzən rəhbərlik  4-5, bəzən də 7-8 evdə olur, ümidi inama, inamı real nəticəyə çevirməyə çalışır.    
Bu yaxınlarda icra başçısının Ərkivan qəsəbəsində  keçirdiyi ev görüşləri sakinlər üçün xüsusilə yaddaqalan olub. Nahidə Cahangirova onun evinə gələn qonaqlara ünvanlı sosial yardım ala bilməməsindən, payıbəlli torpağının olmamasından danışıb və serebral iflic xəstəsi olan qızı Zəhra üçün  patronajlığın təyin olunmasını xahiş edib. Rafil müəllim qadını diqqətlə dinləyib. Sonra yardım barədə müvafiq orqana elektron müraciət olunub, uşağa müavinət təyin edilməsinə köməklik göstərilib. Bundan başqa, hər ay patronajlıq xidməti üçün ailənin hesabına əlli manat pul vəsaiti köçürülməyə başlanıb.
Həmin gün Ərkivan qəsəbə sakinləri Fariz Cahangirov, Cəsarət Səfərov və Xumnaz Rəhimovanın da həyətinə baş çəkilib, müraciətlərinə baxılıb. Fariz kənd təsərrüfatı ilə məşğul olmaqdan ötrü kredit alınmasına kömək göstərilməsini xahiş edib. Vətəndaş DAİM-ə göndərilib, orada qəbul edilib və məmurlar ona müvafiq banka müraciət etməkdə yardımçı olublar. Məsələ tezliklə həllini tapıb.
Yaşadığı küçəyə kanalizasiya xətti çəkilərkən Cəsarətin evində çatlar əmələ gəlmişdi. Özü müraciət  etməsə də, ona təmir üçün zəruri inşaat materialları və maddi kömək göstərilib. Qəsəbədəki yeni məhəllənin sakini olan Xumnaz isə yaşadığı evə 300 metrlik məsafədən qaz xəttinin çəkilməsini xahiş etmişdi. Məsələ hərtərəfli araşdırılıb və “Azəriqaz”la rəsmi yazışma zamanı məlum olub ki, evə vaxtında qaz xətti çəkilməməsinə səbəb podratçı şirkətin səhlənkarlığı olub. Operativ müdaxilə sayəsində nöqsan aradan qaldırılıb. 
Rayon rəhbərliyi Meşəkənarı kəndində olarkən Natiq Alışovun evinə gedib. Valideyn özünün xəstə oğlu Nurlan üçün əlil arabası və dərman preparatı almaqla bağlı müraciət ­etmişdi. Görüş zamanı digər qayğılarından da danışıb. Qonaqlar onun evinin təmirə ehtiyacı olduğunu görüblər. Müraciət üzrə lazımi addımlar atılıb, üstəlik ev də təmir olunub. Arzusuna yetən vətəndaş çox sevinib və sonra rayon icra hakimiyyətində qəbul zamanı ürəyinin hökmü ilə hamının qarşısında çıxış edərək minnətdarlığını çatdırıb.     
Ötən ay Boradigah qəsəbəsinin Mollaoba ərazisində də vətəndaşlarla eyni qaydada səmimi görüşlər olub. Kənddə ilk rast gəlinən ağbirçək Məhəddisə Əhədova deyib ki, ilin əvvəlində onun üçün fərdi ev tikilsə də, ora köçə bilmir. Çünki işıq və qazı yoxdur, köhnə evə isə qaz rezin şlanqla çəkilib, elektrik xətti qəza vəziyyətindədir. Faktlar yerindəcə yoxlanılıb. Məlum olub ki, təzə evə işıq və qaz çəkilməsini öhdəsinə götürmüş inşaatçılar tikintini başa çatdıran kimi tələm-tələsik aradan çıxıblar və kommunikasiyalar yarımçıq qalıb. Rəhbərlik tərəfindən dərhal elektrik və qaz təsərrüfatının təcili qaydaya salınması, sayğac qoyulması barədə ciddi tapşırıqlar verilib. Məhəddisə xalanın xəstəliyi ilə bağlı müraciəti də həllini tapıb.
İcra başçısı sonra qonşu həyətə keçib. Burada on övlad atası, 80 yaşlı onkoloji xəstə Qurbanəli Şiriyev yaşayır. Ağsaqqal bu gəlişdən çox məmnun qalıb. Deyib ki, şükür, dövlətimizin başçısı möhtərəm İlham Əliyevin diqqəti daim üstümüzdədir. Prezidentin gözəl nümunəsidir ki, siz də evimizə qədər gəlibsiniz, problemlərimizlə maraqlanırsınız. Dövlətimizdən, hökumətimizdən çox razıyıq. 
Qurbanəli kişinin bir oğlu Qarabağ uğrunda döyüşlərdə şəhid olub, biri isə xəstədir. Görüş zamanı ona ünvanlı sosial yardım təyin olunmasını istəyib. DSMF rayon şöbəsinin müdiri Ərzuman Hüseynov bununla bağlı sənədlərin hazırlanmasında köməklik göstəriləcəyini bildirib.
Mollaoba sakini Miryaqub ­Nağıyev qonaqları çay süfrəsinə dəvət edib. Rafil müəllim adəti üzrə həyət-bacaya baxıb və deyib ki, bu yaşıl bağ-bağat göz oxşayır, limon, mandarin ağaclarının əkilməsi  çox yaxşıdır.
– Çətinliyin, problemin varsa, kömək edək, – deyə rayon rəhbəri həyətində qonaq olduğu vətəndaşdan soruşub.
– Var olasınız! Sizin bu gəlişiniz Allaha da, bəndəyə də xoşdur. Babat dolanıram, çətinliyim yoxdur. Allah Prezidentimizə yar olsun! Fikri-zikri hər zaman xalqın yanındadır. Əməkhaqlarının, pensiyaların növbəti dəfə artırılması imkansızlara böyük kömək oldu.
Kənd sakini Sirac Hüseynov iş adamıdır, heyvandarlıqla məşğul olur. Bu sahənin inkişafı üçün bir neçə dəfə kredit götürüb. Görüş zamanı RİH başçısından fermaya gedən yolun açılmasını xahiş edib. Siracın arzusu yerinə yetirilib: bir gün sonra fermaya yol açılıb. Kənd sakini Əlişir Nurəliyev isə onun xahişi ilə ailəsi üçün təzə ev tikildiyini vurğulayıb və razılığını bildirib.
R.Hüseynovun daha sonra kənddə qapısını açdığı Sevil Qasımova da buna sevinib və əslində elə bir çətinliyinin olmadığını söyləyib. Yaşı ilə əlaqədar ona baş çəkən həkim briqadası Sevil nənəni hərtərəfli müayinədən keçirib, lazımi tibbi yardım göstərib. Dünyaya on bir övlad gətirmiş ana bildirib ki, bir dəfə nəvəsinin “Son zəng” günü geyinməyə yaxşı paltarı olmadığı üçün maddi yardım istəmişdi. Xahiş diqqətsiz qoyulmadı və köməklik edildi.
Yeri gəlmişkən, digər kəndlərdən olan analoji müraciətlərə də həmişə həssaslıqla yanaşılıb. İmkansız ailələrin yüzlərlə uşağının təzə məktəbli formaları ilə sevindirilməsini camaat savab iş kimi dəyərləndirib. Rəhbərliyin təşəbbüsünə rayonun idarə və müəssisələri,  iş adamları da böyük həvəslə qoşulublar.    
Başqa bir diqqətəlayiq fakt: həmin gün “çağrılmamış qonaqlar” ­Mollaobada daha bir həyətə baş çəkiblər və məlum olub ki, bu təsərrüfat hazırda Bakıda yaşayan bir müxalifətçiyə məxsusdur. Onun qardaşı öz həyat yoldaşı ilə həyətdə görünüblər. Rafil müəllim onların da problemləri ilə maraqlanıb. Həmsöhbətlərinin qəfil  gəlişdən çaşıb qaldığını görərək deyib ki, mən Prezidentin nümayəndəsiyəm, məqsədim siyasi əqidəsindən asılı olmayaraq, hər bir vətəndaşın arzu və təklifini dinləməkdir. Söz tapa bilməyən sakinlər razılıq edərək heç nədən narazı olmadıqlarını söyləyiblər.  
Masallıda həyat get-gedə daha da gözəlləşir. Sosial-iqtisadi inkişaf sürətlənir. Yeni iş yerləri açılır. Vətəndaşların şəxsi qayğıları daim diqqətdə saxlanılır. Ərazilərdəki görüşlər, söhbətlər onların bu və ya digər problemlərinin aradan qaldırılmasına vəsilə olur. Odur ki, sakinlərin dilindən tez-tez bu sözləri eşitmək olur: “İşığımız, qazımız, suyumuz daimidir. İşimiz də var. Bol məhsul yetişdirir, yaxşı dolanır, ürəyimiz istəyən kimi istirahət edirik. Yollarımız yaxşı vəziyyətdədir. Allah Prezidentimizə cansağlığı versin! Biz hər zaman dövlət başçımızın yanındayıq və onu dəstəkləyirik!” 
Bəli, Masallı rayonu rəhbərliyinin vətəndaş müraciətləri ilə əlaqədar tətbiq etdiyi iş üslubu, bax, beləcə  təqdirəlayiqdir. Vətəndaşlar onların arxasında dövlətin, Prezidentin dayandığını görüncə, təbii ki, çox  sevinirlər. Bu, onları cəmiyyətdə daha fəal həyat mövqeyi tutmağa ruhlandırır.   

 

Əli NƏCƏFXANLI, 
“Xalq qəzeti”nin bölgə müxbiri,
Əlihüseyn ŞÜKÜROV, 
Masallıda çıxan “Yeni həyat” qəzetinin baş redaktoru

10 2019 20:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə