Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ankara və Vaşinqton Suriya məsələsini müzakirə ediblər

Ankara və Vaşinqton Suriya məsələsini müzakirə ediblər

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın ilə Ağ evin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında telefon bağlantısı olub. “Anadolu” agentliyi Türkiyə Prezidenti Administrasiyasının rəsmisinə istinadən bildirib ki, tərəflər bir sıra aktual ikitərəfli və regional problemləri müzakirə ediblər.  
Xəbərdə həmçinin vurğulanır ki, Türkiyə və ABŞ rəsmiləri telefonla  Suriyanın şimalında təhlükəsizlik zonalarının yaradılması məqsədilə Türkiyə-ABŞ Birgə əməliyyatlar mərkəzinin təşkili, eləcə də iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və s. məsələlər üzrə geniş fikir mübadiləsi ediblər.
Ankaranın özünün milli təhlükəsizliyinə həssas yanaşdığı nəzərə alınaraq, hər iki tərəf hesab edir ki, Suriyanın şimalında təhlükəsizlik zonalarının yaradılması ən qısa vaxt ərzində həyata keçirilməlidir. Qeyd olunub ki, təhlükəsizlik zonalarının yaradılması ilə bölgədəki “Terror dəhlizi”ni “Sülh dəhlizi”nə çevirmək mümkün olacaq. 
Telefon bağlantısı zamanı tərəflər doğma yurdlarını tərk etməyə vadar olmuş suriyalı qaçqınların təhlükəsiz şəraitdə Vətənə qayıtmalarını təmin etməyin yollarını müzakirə ediblər.
İ.Kalın və C.Bolton bildiriblər ki, Suriyada münaqişənin siyasi yolla nizamlanması üçün ölkədə münaqişəyə cəlb olunan bütün tərəflərin mənafelərini nəzərə alan Konstitusiya Komitəsinin formalaşdırılması prosesini sürətləndirmək lazımdır. 
Rəsmilər ümid edirlər ki, ABŞ-ın ticarət naziri Uilbur Rossun başçılığı ilə nümayəndə heyətinin bu ilin sentyabrında Türkiyəyə nəzərdə tutulan səfəri uğurlu olacaq. Bundan başqa, İ.Kalın və C.Bolton bu ilin sonuna qədər ABŞ Prezidenti Donald Trampın Türkiyəyə gözlənilən səfərinin təfərrüatlarını müzakirə ediblər.

 

M.HACIXANLI, “Xalq qəzeti” 

10 2019 19:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə