Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün Azərbaycan dünyada yüksək nüfuz qazanmış ölkədir

Bu gün Azərbaycan dünyada yüksək nüfuz qazanmış ölkədir

Ulu öndər Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycan dövləti son illər bütün istiqamətlər üzrə uğurla, sürətlə inkişaf edir. Bütün beynəlxalq təşkilatların hesabatlarında qeyd edilir ki, Azərbaycan güclü dövlət  kimi dünya miqyasında özünü təsdiqləyib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənib.  Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan uğurla fəaliyyət göstərir. Bu gün hər bir azərbaycanlı fəxrlə deyə bilər ki, biz beynəlxalq aləmdə layiqli yerimizi tuta bilmişik.

Ümummilli liderin xarici siyasətdə ən mühüm tezislərindən biri qonşu ölkələrlə əlaqələrin daha yüksək səviyyəyə qaldırılması və əməkdaşlığın genişləndirilməsi idi. Bugünkü Azərbaycan həqiqətləri göstərir ki, qonşu dövlətlərlə həm siyasi, həm iqtisadi və digər sahələrdə birgə apardığımız işlər bölgədə sabitliyi daha da möhkəmləndirir. Bu amil ölkədaxili sabitliyin də ən yüksək səviyyədə təmin edilməsinə stimul olub. Təbii ki, sabitliyin əsas səbəbi  xalq-iqtidar birliyidir.
Dövlət başçımız müxtəlif tribunalardan çıxış edərkən dəfələrlə deyib ki, biz Avropa İttifaqı ilə əlaqələrimizi daha da möhkəmləndirmişik. Ötən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədi bu münasibətlərin nə qədər yüksək səviyyədə olmasının təzahürüdür. Həmin  sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı haqqında çox aydın fikirlər öz əksini tapıb və bir daha onu göstərir ki, Avropa İttifaqı Ermənistan --Azərbaycan,  Dağlıq Qarabağ məsələsinin həllində düzgün mövqedədir.
Təbii ki, ölkəmiz Şərq mədəniyyətinin, İslam dünyasının tərkib hissələrindən biridir və ona görə də, İslam həmrəyliyi məsələlərində Azərbaycanın rolu artır. İslam Əməkdaşlıq Təşkilatı ölkəmizin bu sahədə apardığı siyasətə çox yüksək qiymət verir və tam əminliklə demək olar ki, Azərbaycan müsəlman aləmində öz rolunu daha da gücləndirə bilib. Müsəlman ölkələri tərəfindən bizə göstərilən diqqət, hörmət və rəğbət sübut edir ki, Azərbaycan bu sahədə də böyük uğurlara nail olubdur.
Ötən il dövlətimiz region ölkələri ilə birlikdə  Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsinin  həllinə nail olub. Təbii ki, bu fakt, tarixi nailiyyətdir. Çünki  uzun illər ərzində bu məsələ həll olunmamış qalmışdı. Ancaq siyasətçilərin iradəsi, dövlətlərin qətiyyəti sayəsində bu məsələ artıq öz həllini  tapmışdır. Azərbaycan bu məsələnin həllində də öz dəyərli töhfəsini vermişdir.
Beynəlxalq ictimaiyyət bizi Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində də dəstəkləyir. Bu dəstək ona görədir ki, biz həmin məsələdə öz prinsipial mövqeyimizdə qalırıq. Dövlət başçımızın da dediyi kimi, bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Çünki Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır.  Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının bu istiqamətdəki qətnamələri tam icra edilməlidir, işğalçı qüvvələr qeyd-şərtsiz  torpaqlarımızdan çıxarılmalıdır.

 

Fakt ondan ibarətdir ki, Azərbaycan dünya miqyasında çox müsbət nüfuza malik olan bir ölkədir. Dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir və bu, BMT Təhlükəsizlik Şurasında keçirilmiş səsvermədə də özünü büruzə verdi, 155 ölkə bizi dəstəklədi. Yəni, bu da tarixi nailiyyətimizdir. 
Məhz bizim yürütdüyümüz xarici siyasətin və dünya birliyinin bu siyasətə olan inamının nəticəsidir ki, qondarma “Dağlıq Qarabağ respublikası”nı heç bir ölkə tanımayıb, orada keçirilmiş qanunsuz referendumlara dünyanın aparıcı təşkilatları və bir çox ölkələr tərəfindən sərt, mənfi reaksiyalar verilmişdir. 
Diplomatiyamız münaqişə ilə bağlı həqiqətləri dünyaya çatdırır. Hər halda, bu gün vəziyyət tamamilə fərqlidir. Çünki əgər əvvəlki dövrlərdə erməni lobbisi tərəfindən yayılan saxta, təhrif edilmiş məlumatlar daha çox yer tuturdusa, bu gün münaqişə ilə bağlı dünya ictimaiyyəti kifayət qədər məlumatlıdır. 
Ölkəmiz işğala məruz qalsa da, Azərbaycan bu gün müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlərin keçirildiyi unikal məkana çevrilib. Paytaxtımızın indiyədək ev sahibliyi etdiyi möhtəşəm tədbirlər arasında Bakı Beynəlxalq Humanitar Forumunu, mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu, Dünya Dini Liderlərinin Forumunu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu və başqalarını qeyd etmək olar. Bundan başqa, ölkəmizdə 2015-ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları və digər möhtəşəm idman yarışları, mədəniyyət tədbirləri keçirilıb. Belə beynəlxalq tədbirlərin keçirilməsi üçün Azərbaycanın seçilməsi heç də təsadüfü deyil. Bu, hər şeydən əvvəl, Prezident İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində Azərbaycanın beynəlxalq imicinin artması ilə bağlıdır. Bu məsələdə dünyada cərəyan edən hadisələr fonunda ölkəmizdə hökm sürən sabitlik də mühüm rol oynayır.
Tarixdə ilk dəfə dörd region dövlətinin -- Azərbaycan, Türkiyə, İran və Gürcüstanın xarici işlər nazirlərinin dördtərəfli formatda görüşünün Bakıda keçirilməsi diplomatiya tariximizə növbəti bir uğur kimi yazılıb. Belə ki, həmin görüşdə müzakirələrin nəticəsi olaraq bəyannamə imzalanıb. Bu sənədə görə, Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri ilə yanaşı, “Cənub-Qərb” nəqliyyat marşrutunun da mərkəzinə çevrilib.
Bundan başqa, Bakıda təşkil olunan “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Bakı Qlobal Forumu da yaddaqalan olub. 50-dən çox ölkədən 47 fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçısının iştirakı ilə keçirilən bu forumda da beynəlxalq münasibətlərin gündəliyindəki ən mühüm məsələlər müzakirə edilib. Həmçinin dünyada sülh və təhlükəsizlik, sivilizasiyaların birgəyaşayışı işinə mühüm töhfələr verən ölkəmizin timsalında dünyada təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın təmin edilməsi üçün vacib tövsiyələr verilib. 
Yeri gəlmişkən, Qlobal Bakı Forumunun əhəmiyyəti ildən-ilə artmaqdadır və dünyanın tanınmış zəka sahibləri mütəmadi olaraq Bakıda toplaşıb bəşəriyyətin qarşısında duran bu və ya digər problemlə bağlı fikir mübadiləsi aparmaq imkanı qazanırlar.
Bu da faktdır ki, Azərbaycan rəhbərliyi təkcə öz paytaxtında beynəlxalq tədbirlərin keçirilməsi ilə kifayətlənmir, xalqımızın və dövlətimizin maraqlarına cavab verən, dünyanın harasında keçirilməsindən asılı olmayaraq, istənilən beynəlxalq tədbirin fəal iştirakçısına çevrilir. Məsələn, kütləvi informasiya vasitələri xəbər verirlər ki, avqustun 12-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Türkmənbaşı şəhərində Birinci Xəzər İqtisadi Forumu keçiriləcək və Azərbaycan da orada iştirak edəcək. Forum çərçivəsində beynəlxalq konfrans, Xəzər innovasiya texnologiyaları sərgisi, eləcə də dövlətlərin, işgüzar dairələrin və şirkətlərin nümayəndələri arasında görüşlər təşkil olunacaq.
Kütləvi informasiya vasitələri xəbər verirlər ki, tədbirə Xəzəryanı ölkələrin nümayəndə heyətləri, o cümlədən hökumət başçıları və üzvləri, sahilyanı regionların və regional icra orqanlarının rəhbərləri, bank sektorunun nümayəndələri və Xəzər regionunun və maraqlı ölkələrin işgüzar dairələri, tədqiqatçılar və iqtisadiyyatın inkişafı ilə məşğul olan şirkətlərin rəhbərləri dəvət olunublar.
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın nüfuzlu jurnalına verdiyi müsahibədə qeyd edib ki, biz öz tərəfimizdən Xəzər İqtisadi Forumunun çağırılması haqqında Türkmənistan Prezidentinin təşəbbüsünü alqışlayırıq: “Bu təşəbbüs bizim tərəfimizdən qəbul edilmişdir. İnanırıq ki, bu forum beş Xəzəryanı ölkə arasındakı əməkdaşlığın Xəzərin sülh, mehriban qonşuluq və əməkdaşlıq zonasına çevrilməsini elan edən Konvensiyanın müddəalarını praktiki məzmunla dolğunlaşdırmaq naminə yeni formata çevriləcəkdir”.

 

İttifaq MİRZƏBƏYLİ, 
Elşən Ağalar (foto), 
“Xalq qəzeti”

9 2019 22:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə