Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan vətəndaşların rifah və təhlükəsizlik mühitində yaşadığı sabitlik adasıdır

Radikal müxalifətin sabitliyin pozulmasına yönəlmiş cəhdləri iflasa məhkumdur

Azərbaycan vətəndaşların rifah və təhlükəsizlik mühitində yaşadığı sabitlik adasıdır

Son illərdə dünyanın müxtəlif yerlərində, o cümlədən, qonşu regionlarda yaşanan hadisələr, siyasi qarşıdurmalar, iqtisadiyyatın çöküşü, insanların dinc və təhlükəsiz yaşamaq imkanlarından məhrum olması fonunda Azərbaycandakı sabitlik mühiti diqqət çəkir. Əlbəttə, bunun başlıca səbəbi ölkə rəhbərli İlham Əliyevin xalqa sədaqətlə xidmət etməsi, cəmiyyətin bunu dərindən anlaması və dövləti dəstəkləməsidir. Dövlət-cəmiyyət, iqtidar-xalq birliyinin möhkəm olduğu təqdirdə isə, şübhəsiz ki, kənardan milli birliyi pozmağa yönələn cəhdlər və təxribatlar iflasa məhkumdur. Bütün bunlar Azərbaycanda dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayanmasının təzahürləridir.

Fikrimizin təsdiqi üçün bəzi məqamlara aydınlıq gətirmək istərdik. Əvvəla qeyd edək ki, hazırda əhalinin sosial müdafiəsi lazımi səviyyədə təmin edilir, bu məsələlər daim diqqətdə saxlanılır. Azərbaycanda genişmiqyaslı sosial siyasət aparılır. Cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son illər ölkəmizdə görülən işlərin əsas məqsədi də Azərbaycan vətəndaşının rifah halını yüksəltmək, işsizliyi aradan qaldırmaq, yoxsulluğu azaltmaqdır. 
Prezident İlham Əliyev bunun üçün ölkəyə rəhbərliyi dövründə hər zaman əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasını diqqət mərkəzində saxlayıb, bu məqsədlə inqilabi addımlar atıb. Məsələn, reallaşdırılan islahatlar nəticəsində son illərdə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olan insanların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəniş edilib, minimum əməkhaqqı, sosial müavinət, pensiya və tələbə təqaüdləri artırılıb, zəlzələdən ciddi zərər çəkən vətəndaşlar üçün evlərin inşasına başlanılıb, devalvasiya ilə üzləşən vətəndaşların banklara borcları müəyyən şərtlər çərçivəsində kompensasiya olunub, yanğından zərər çəkən sahibkarlara kompensasiya ödənilib, “mavi yanacağa” görə nəzərdə tutulan limit artırılıb. Bu və digər sosialyönümlü addımlar, şübhəsiz, vətəndaşlar tərəfindən də rəğbətlə qarşılanıb.
Prezident İlham Əliyev hələ bu ilin əvvəlində bəyan etmişdi ki, qarşıdakı dövrdə sosial inkişafla bağlı mühüm islahatlar keçiriləcək. Bundan sonra həqiqətən də dövlət başçısının təşəbbüsü ilə iki böyük sosial islahat paketi qəbul olundu. Həmin sosial islahat paketlərindən birincisi ümumi illik maliyyə tələbi 1,6 milyard manat həcmində idi və 3 milyon insanı əhatə edirdi.
Xatırladaq ki, sözügedən sosial islahat paketi artıq tam şəkildə icra olunub və bununla da həm pensiyaçıların, həm də işləyən vətəndaşların əməkhaqları artırılıb. İkinci sosial paketlə bağlı da hazırlıq işləri başa çatdırılıb və sentyabr ayının 1-dən etibarən minimum əməkhaqqının 250 manata çatdırılması, dövlət sektorunda çalışanların kateqoriyalarından asılı olaraq 20-50 faiz aralığında əməkhaqlarının artırılması reallaşdırılacaq. 
Yeri gəlmişkən, hər iki paketin ümumi dəyəri cari il üçün 2,3 milyard manatdır. Növbəti il üçün isə 3 milyard manatdır və 4,2 milyon insanı əhatə edəcəkdir. 
Minimum əməkhaqqında demək olar ki, iki dəfə artım, minimum pensiyada 72 faizlik artım nəticəsində Azərbaycanda minimum pensiya MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci, minimum əməkhaqqı isə ikinci göstərici olacaqdır.
Dövlət başçısının tapşırığına əsasən, müavinət və təqaüdlərin artırılması sahəsində görülən işlər ümumilikdə 1,3 milyon insanı əhatə edib və onlardan 300 mindən çoxunu əlillik yaşayan şəxs, 500 minə qədərini məcburi köçkün, 100 mindən çoxunu isə tələbə və gənclər təşkil edib. 
Ümumiyyətlə, bütün bu rəqəmlər göstərir ki, Prezident İlham Əliyevin yürütdüyü sosialyönümlü siyasətin məqsədi vətəndaşların maddi vəziyyətini yaxşılaşdırmaq, cəmiyyətin bütün üzvlərinin layiqli həyat səviyyəsini təmin etməkdir. Dövlət başçısı tərəfindən son bir ildə imzalanan sərəncamlar da sosial təminatın yaxşılaşdırılması və yoxsulluğun səviyyəsinin aşağı salınması baxımından mühüm əhəmiyyətə malikdir. 
Prezident İlham Əliyev əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasının prioritet istiqamət olduğunu daim bəyan edib və müxtəlif səviyyəli tədbilərdə bununla bağlı fikirlər səsləndirib. Məsən, bu il iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlətimizin başçısı çıxışında deyib: “Bu gün iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır. Bununla paralel olaraq, biz sosial sahəyə də çox böyük diqqət göstəririk. Bu il reallaşan layihələr - milyardlarla dollar həcmində ölçülən bu layihələr, bu təşəbbüslər bizim niyyətimizi, bizim siyasətimizi göstərir. Göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır...”.
Onu da xatırladaq ki, ölkə rəhbəri daim xalqın yanındadır. İctimaiyyət nümayəndələri ilə, habelə bölgələrə səfərləri zamanı sakinlərlə görüşlərində onları diqqətlə dinləyir, insanların qarşılaşdıqları problemləri dərindən öyrənir və çətinliklərin aradan qaldırılması üçün müvafiq qurumların rəhbərlərinə tövsiyələr, konkret tapşırıqlar veir. Məsələn, yuxarıda qeyd etdiyimiz müşavirədə Azərbaycan Prezidenti ölkədə nəzərə çarpan çatışmazlıqlardan danışarkən, diqqəti süni qiymət artımına yönəltdi. Bildirdi ki, inflyasiya aşağı səviyyədə olmasına baxmayaraq, bəzi hallarda süni qiymət artımı da müşahidə olunur: “ Müvafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni, istehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır”.
Ümumiyyətlə, Prezident İlham Əliyev süni qiymət artımının yolverilməzliyi, bu sahədə hər hansı manipulyasiyanın qarşısının alındığını və səbəbkarların cəzalandırıldığı barədə dəfələrlə fikirlər səsləndirib. Şübhəsiz ki, bu məsələ daim dövlət başçısının nəzarətindədir və respublikada süni qiymət artımı ilə hər zaman mübarizə aparılır. Lakin bir çox hallarda müxalifət qüvvələri bu məqamı bilərəkdən, qəsdən təhrif edir, məsələni qeyri-obyektiv şəkildə izah etməyə çalışırlar. 
Respublikada müəyyən vaxtlarda nəzərə çarpan və ilk baxışda bahalaşma kimi diqqətçəkən qiymət artımı, əslində, heç də süni amillərlə bağlı deyil, bunun obyektiv səbəbləri vardır. Bu, ilk növbədə, idxal olunan məhsulların dünya bazarında qiymətinin artması ilə əlaqədardır. Buna misal kimi idxal olunan texnoloji avadanlıq, gübrə və s. göstərmək olar ki, onların qiymətində dəyişiklik Azərbaycanda istehsal prosesinə də, şübhəsiz ki, öz təsirini göstərir; 
Son illər Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı böyük işlər görülüb. Kənd təsərrüfatının ayrı-ayrı sahələri tərəqqi edib, meliorativ tədbirlər həyata keçirilib, su təchizatı yaxşılaşdırılıb, istixanalar, anbarlar yaradılıb, istifadəyə verilən gübrə zavodu daxili bazarın bir qisminin ehtiyacını ödəyib. Təbii ki, bunun sayəsində ciddi məhsul artımı müşahidə olunub. Ölkəmizdə istehsal olunan məhsullar yüksək keyfiyyətə malik olduğuna görə xaricdə ona tələbat artır və daha çox məhsul ixrac olunur. Bu, ölkəmizin ixrac potensialını yüksəldir, fermerlərin daha çox qazanc əldə etməsinə səbəb olur.
Yeri gəlmişkən, burada bir məqama da toxunmaq istərdik. Son zamanlar radikal müxalifətin, ayrı-ayrı şəxslərin Azərbaycan polisi haqqında sosial şəbəkələrdə həqiqəti əks etdirməyən, qərəzli, subyektiv mülahizələrə əsaslanan məlumatları da yayılır. Aydındır ki, bunlar Azərbaycanın əldə etdiyi uğurları qısqanclıqla qarşılayan, ölkədə qarışıqlıq salmaq xülyası ilə yaşayan, ölkəmizi gözü götürməyən daxili və xarici qüvvələrdir. 
Əslində hamımız yaxşı bilirik ki, polis orqanları öz xidməti borcunu şərəflə yerinə yetirir, ictimai asayişi, vətəndaşların təhlükəsizliyini qoruyur, insanların qanuna uyğun davranışını təmin edir.
Bütün bunlar onu göstərir ki, güclü iqtisadi və sosial siyasət Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Sosial sahədə uğurlar, xalqın ildən-ilə yüksələn rifahı, sabitliyin qorunması dövlət başçısının uzaqgörən siyasətini əyani olaraq bir daha təsdiq edir.

 

Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”

9 2019 22:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə