Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aqrar sektor inkişafın yeni mərhələsinə daxil olub

Aqrar sektor inkişafın yeni mərhələsinə daxil olub

Ölkənin qeyri-neft sektorunda prioritet sahələrdən biri olan kənd təsərrüfatı ərzaq təhlükəsizliyi baxımından mühüm önəm daşıyır. Başqa sözlə, insanların ərzaq məhsullarına çıxış imkanlarını genişləndirir. Eyni zamanda, bu məsələnin reallaşdırılması sözügedən istiqamətdə hədəflərin formalaşması və idxalın əvəzlənməsinə də əhəmiyyətli təsir göstərir.

 

Xatırladım ki, Azərbaycanda hazırda istehlak olunan kənd təsərrüfatı məhsullarının payında yerli istehsalın çəkisi artmaqdadır. Makroiqtisadi sabitliyin qorunması baxımından da bu, olduqca mühüm məqamdır. Bu nöqteyi-nəzərdən kənd təsərrüfatının rolu xüsusi əhəmiyyət kəsb edir. Aqrar sektor ölkəyə valyutanın daxil olmasına, daxili bazarda yerli məhsulların satışa çıxarılmasına əlverişli şərait yaradır.

Cari ilin birinci yarısında aqrar sektor inkişaf tempini qoruyub saxlayıb. Bu müddətdə kənd təsərrüfatında ikirəqəmli, yəni 13 faiz artım qeydə alınıb. Artım həm bitkiçilik, həm də heyvandarlıqda müşahidə olunub. Belə ki, heyvandarlıq məhsullarının istehsalı 3 faiz artıb ki, bu da daxili bazarda tələbin ödənilməsi baxımından çox vacibdir. Bütövlükdə aqrar sektorun inkişafı son illər prioritet xarakter daşıyıb. Cari ilin birinci yarısında sözügedən sahədə aparılan islahatlar isə artım tempinin qorunub saxlanmasına, istehsal həcminin artmasına, bununla da yüksək göstəricilərin   qeydə alınmasına imkan yaradıb.

Kənd təsərrüfatınin inkişafı ilə qeyri-neft ixracında 18 faizlik artım

Azərbaycanın ixrac potensialında aqrar sektor əhəmiyyətli rol oynayır. Bu ilin ötən 5 ayı ərzində  respublikanın qeyri-neft sektorunda 787 milyon dollarlıq ixrac həyata keçirilib. Bütövlükdə ölkəmizdə ixrac 8,6 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1,3 milyon dollar çoxdur. Eyni zamanda, qeyri-neft ixaracında 119 milyon dollar və ya 18 faiz artım qeydə alınıb ki, bu da birbaşa ixracda qeyri-neft sektorunun payının artırılması və neftdən asılılığın tədricən aradan qaldırılması ilə əlaqədardır.

Yeri gəlmişkən, ötən 5 ay ərzində qeyri-neft sektorunda ən çox ixrac olunan məhsul siyahısına diqqət yetirsək, ilk üçlüyə kənd təsərrüfatı məhsullarının daxil olduğunu görərik. Bu müddətdə 104 milyon dollardan artıq tomat və ya pomidor ixracı həyata keçirilib. Ümumiyyətlə, sözügedən dövrdə 241 milyon dollarlıq meyvə-tərəvəz ixracı qeydə alınıb. Bu da əslində daxili bazarda tələbin ödənilməsi ilə bərabər, ölkəyə daxil olan valyutanın həcminin artmasından xəbər verir.

Aqrar məhsulların ixracında diqqətçəkən digər məqam, ənənəvi məhsul istehsalında (xüsusən pambıq ipliyi və lifi) olan artımlardır. Belə ki, 2019-cu ilin son 5 ayında pambıq ipliyinin ixracı 12,3 milyon dollar, pambıq lifinin ixracı isə 68,7 milyon dollar təşkil edib ki, bu da əvvəlki ilin uyğun dövrü ilə müqayisədə müvafiq olaraq 62 faiz və 2,7 dəfə artım deməkdir. Meyvə və tərəvəzin ixracında artım isə 27 faizdir.

Qeyd olunan müsbət göstəricilər aqrar sahənin ixrac imkanlarının getdikcə genişlənməsi, eyni zamanda, dövlət tərəfindən dəstəklənən yeni sektorlarda yaranan ixrac potensialı hesabına əldə edilib.

Aqrar sektor sosial təminatı gücləndirib

Azərbaycan Respublikasının Prezidenti yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə dövlət başçısı nitqində aqrar sektorda rekord göstəricilər əldə edildiyini vurğulayaraq, kənd təsərrüfatının bu ilin altı ayında, xüsusilə bitkiçilik hesabına 13 faiz artdığını, bunun isə qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar və kənd təsərrüfatına elmi yanaşma sayəsində şərtləndiyini xatırladıb. Eyni zamanda, gələcək illərdə kənd təsərrüfatının dayanıqlı şəkildə inkişaf edəcəyinə və bunun, həm də məşğulluğun artmasına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Son illərdə kənd təsərrüfatının inkişafında önəmli rol oynayan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər görülüb. Nəticədə regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin olunması ilə bağlı yüksək göstəricilər qeydə alınıb.

Yeri gəlmişkən, indiyədək 51 aqroparkın yaradılması ilə əlaqədar mühüm addımlar atılıb. Artıq 22 aqropark fəaliyyətdədir, bu ilin sonuna qədər 11 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Bu layihələrin icrası nəticəsində ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya qoyulacaq, eyni zamanda, 4 mindən çox yeni iş yeri yaradılacaqdır.

Ümumiyyətlə, aqrar sektor məşğulluğun təmin edilməsi baxımından mühüm önəm daşıyır. Azərbaycanda əmək qabiliyyətli vətəndaşların 37,8 faizi kənd təsərrüfatı sahəsində çalışır. Buna görə də aqrar sahənin dövlət tərəfindən dəstəklənməsi məşğulluğun, xüsusən də region əhalisinin sosial təminatının gücləndirilməsi baxımından əhəmiyyətli amildir. Bir sözlə, hazırda aqrar sektor vasitəsi ilə məşğulluğun təmin edilməsi müşahidə olunur ki, bu da sözügedən sahənin sosial əhəmiyyətindən xəbər verir.

Aqrar sektorun inkişafı istehlak bazarında qiymətlərin optimallaşdırılması baxımından da böyük əhəmiyyət daşıyır. Başqa sözlə, kənd təsərrüfatı məhsullarının bazara çıxarılmasına əlverişli şərait yaradılması məhsul bolluğuna, son nəticədə isə qiymətlərin optimallaşdırılması siyasətinə müsbər təsir göstərir. Hazırda qarşıda duran əsas vəzifə də məhsul istehsalının artırılması yolu ilə qiymətlərin optimallaşdırılmasına, xüsusən də uyğun qiymətlərlə aqrar məhsulların mövsüm və mövsümdən sonrakı dövrdə bazara çıxarılmasını təmin etməkdir.

Xatırladım ki, keçən il və cari ilin ötən dövründə reallaşdırılan islahatlarda da əsas məqsədlərdən biri istehlak bazarında qiymətlərin optimallaşdırılması siyasətini diqqət mərkəzində saxlamaq, bununla daxili tələbin daha çox yerli istehsal hesabına ödənilməsinə nail olmaqdan ibarət olub.

Emal sənayesində inkişaf müşahidə edilir

Son dövrlərdə innovativ aqrar məhsulların istehsalında, xüsusən də emal sənayesində nəzərəçarpacaq irəliləyiş diqqət çəkir. Şübhəsiz ki, bu inkişaf həyata keçirilən aqrar islahatların məntiqi nəticəsidir.

Aqroparkların yaradılmasına dövlət dəstəyinin gücləndirilməsində də məqsəd emal sənayesini inkişaf etdirməkdir. Bu isə ixrac imkanlarının genişləndirilməsi, emaledici məhsullara olan tələbin daha çox yerli məhsullar hesabına ödənilməsi və aqrar sektorda fermerlərin gəlirlərinin artırlılması baxımından mühüm önəm daşıyır. Burada əsas vəzifə, həm də fermerlərə daha çox gəlir əldə etmək imkanı qazandırmaq və artıq məhsulun xammal formasında deyil, emal halında ixracına imkan yaratmaqdır. Təbii ki, belə şəraitdə ölkəyə daxil olan valyutanın həcmi də artır.

Ümumiyyətlə, strateji aqrar məhsulların xammal formasında deyil, emal edilərək ixrac olunması daha məqsədəuyğundur. Respublikada belə bir müsbət hal artıq müşahidə edilməkdədir. Bunu hazırda emaledici məhsulların ixracında nəzərə çarpan kəskin artımın müşahidə edilməsi deməyə əsas verir. Onu da qeyd edim ki, bu, iqtisadi diversifikasiya baxımından çox vacibdir. Başqa sözlə, ixrac məhsullarının sayı artdıqca, iqtisadiyyatın diversifikasiyası reallaşır.

Yeri gəlmişkən, Azərbaycanda yüngül sənaye məhsullarına tələbat kifayət qədər yüksəkdir. Azərbaycan xaricdən, xüsusilə geyim və yüngül sənaye məhsulları idxal edir. Ona görə də, məsələn, pambıqçılığın, həm də emaledici istiqamətdə formalaşması idxalın azalmasına gətirib çıxaracaq. Bununla da bir sıra ciddi tələbat duyulan məhsulları yerli istehsal hesabına ödəmək mümkün olacaq.

Rəsmi statistikaya əsasən, ölkədə il ərzində yüngül sənaye məhsullarının idxalına 400 milyon dollardan çox vəsait xərclənir. Amma pambıqçılıqla bağlı emal sektorunun inkişaf etdirilməsi, həm idxaldan asılılığın aradan qaldırılmasına, həm yeni iş yerlərinin açılmasına, həm də valyutanın ölkə daxilində qalmasına şərait yaradacaq. Buna görə də pambıqdan yalnız xammal kimi deyil, eyni zamanda, yeni istehsal sektorlarını inkişaf etdirməklə, məhsul əldə olunması baxımından yararlanmaq məqsədəuyğundur. Emal prosesinin bərpası, tərəqqisi həm pambıqçılığın inkişaf etdirilməsinə, həm də yerli istehsalın artırılması hesabına idxaldan asılılığın azalmasına səbəb olacaq.

Ənənəvi aqrar sahələrdə yeni inkişaf tempi

Dövlət başçısının tapşırığı ilə aqrar sektora hərtərəfli dövlət dəstəyi kənd təsərrüfatının ənənəvi sahələrindən biri olan pambıqçılığın inkişafına da güclü təkan verib, bu məhsulun ixracı hesabına ölkəyə gələn valyutnın həcmi artıb. Hazırda pambığın dünya bazarında 1 paundu 86 sentə satılır. Burada söhbət birinci növ pambıqdan gedir. Bunlar Nyu-York və Liverpul standartlarına uyğun pambıqdır. Müstəqillik illərində pambığın dünya bazarında qiymətinin dəyişməsinə diqqət yetirsək, yalnız 2001-ci ildə pambığın 1 paundu 47 sentə düşüb. 2011-ci ildə isə pambığın 1 paundu 1,58 dollaradək yüksəlib. Son illər isə orta göstərici 80-90 sent arasında dəyişib. Bu isə o deməkdir ki, Azərbaycan pambığı xammal şəkilində və yaxud, emal edərək satışa çıxarmaqla, yaxın illərdə mövcud istehsalı nəzərə alsaq, ölkəyə təxminən 200 milyon dollardan çox vəsaitin daxil olması gözlənilir.

Bu sahənin inkişafı, həm də ona görə lazımdır ki, pambıqçılıq yüngül sənaye üçün xammaldır. Sahənin dirçəldilməsi sözügedən sənaye sahəsinin də inkişafını sürətləndirir, həmçinin emal sektorunda yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərir.

Dünya üzrə pambıq ixracına dair statistik göstəricilərə diqqət yetirərək, qeyd etmək olar ki, hazırda dünyada ABŞ 3,2 milyon ton pambıq ixracı ilə öndədir. Sonrakı yerlərdə Hindistan (991 min ton), Avstraliya (808 min ton), Braziliya (607 min ton), Özbəkistan (327 min ton) gəlir. MDB-nin digər üzvü Türkmənistan isə 185 min ton ixrac ilə ilk onluğu tamamlayır. Qlobal istehsala diqqət yetirəndə isə nisbətən fərqli mənzərənin şahidi oluruq. Belə ki, Hindistan 5,9 milyon ton pambıq istehsalı ilə dünyada birincidir. Çin 4,9 milyon ton, ABŞ 3,7 milyon ton, Pakistan 1,7 milyon ton istehsal ilə növbəti yerləri bölüşürlər. Özbəkistan 811 min ton istehsal ilə dünyada 7-cidir. Sonrakı yerləri isə 697 min ton ilə Türkiyə, 288 min ton ilə Türkmənistan tutur. Bu rəqəmlər ondan xəbər verir ki, Azərbaycan pambıq istehsalı həcminə görə yaxın illərdə dünyada ilk onluğa daxil ola bilər. Eyni zamanda, qlobal ixrac və istehsal göstəriciləri təsdiqləyir ki, bəzi ölkələr istehsal etdikləri məhsulu daxili emal üçün, bəziləri ixrac, bir qismi isə hər iki məqsəd üçün istifadə edirlər. Məsələn, ABŞ istehsal etdiyi 3,7 milyon ton pambığın 87 faizə yaxınını ixrac edir, Çin isə pambığın, demək olar ki, hamısını daxili emala yönəldir. Bu baxımdan, Azərbaycanda pambığı həm ixrac, həm də daxili tələbin ödənilməsi üçün istifadə oluna bilər. Bu da ölkəyə böyük həcmdə valyutanın daxil olmasına şərait yaratmaqla, yerli istehsalı stimullaşdırar.

Yekun olaraq…

Göründüyü kimi, Prezident İlham Əliyevin siyasi iradəsi, uzaqgörən strategiyası nəticəsində kənd təsərrüfatı yeni inkişaf mərhələsinə daxil olub. Bu isə ölkədə idxaldan asılılığı aradan qaldırmaq, regionlarda yeni iş yerləri yaratmaq, inkişafın coğrafi balanslaşdırılmasını gücləndirmək, ixrac imkanlarını genişləndirmək və ən əsası ərzaq təhlükəsizliyini təmin etmək imkanı yaradıb.

Vüqar BAYRAMOV,
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru

 

9 2019 22:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə