Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pambıqçılıqda əldə edilən uğurlar dövlət dəstəyinin nəticəsidir

Azərbaycanda aparılan uğurlu, məqsədyönlü siyasət ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, neft sənayesinin, eləcə də qeyri-neft sektorunun sürətli inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsinin, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib.   

Respublikada elmi əsaslara söykənərək hazırlanan regional dövlət proqramlarının yüksək səviyyədə reallaşdırılması nəticəsində ölkəmizin dünyadakı nüfuzu durmadan artıb, regionun siyasi, iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilib.  
Prezident İlham Əliyevin intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönələn siyasəti,  həyata keçirilən dövlət dəstəyi tədbirləri də öz müsbət nəticəsini verib, bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olub.
Dövlət başçımızın tapşırığı ilə aqrar sektorun, xüsusilə ixracyönümlü məhsulların istehsalının stimullaşdırılması, bu sahəyə hərtərəfli dövlət dəstəyi kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən pambıqçılığın dirçəldilməsinə güclü təkan verib. 
Azərbaycanda pambıq istehsalının inkişafı ilə bağlı bir neçə məqama nəzər salaq. Dünya bazarında pambıq ehtiyatlarının azalması, tələbin isə artması və beləliklə də qiymətlərin yüksəlməsi fonunda ölkəmizdə qədim ənənəyə malik pambıqçılığın inkişafının sürətləndirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən bir sıra mühüm vəzifələr müəyyənləşdirilib. Həmin vəzifələrin icrasını reallaşdırmaq üçün bütün imkanlar təhlil olunaraq qısa müddətdə pambıqçılıqla məşğul olan rayonlarda şirkətlərlə, aidiyyəti xidmət təşkilatları ilə birgə əlaqəli iş qurulub. Bu gəlirli sahənin inkişaf etdirilməsi şübhəsiz ki, ölkədə əlavə iş yerlərinin açılmasına və əhalinin yüksək maaşlı işlə təmin olunmasına imkan yaradıb. Ən başlıcası isə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbulu  isə pambıqçılığın inkişafını sürətləndirib.  
Mütəxəssislərin fikrincə, ölkəmizdə pambıqçılığın yeni inkişaf dövrü  adı çəkilən Dövlət Proqramının qəbulundan bir il əvvəl başlanıb. Bunu konkret rəqəmlər də aydın göstərir. Belə ki, əgər 2015-ci ilə ölkə üzrə pambıq əkin sahələri 18,7 min hektar, məhsul istehsalı 35,2 min ton olubsa, ondan bir il sonra, yəni 2016-cı ildə əkin sahələri 2,7 dəfə artırılaraq 51,4 min hektara, istehsal 2,5 dəfə çoxalaraq 89,4 min tona çatıb. Ötən il isə müstəqillik dövründə ölkə üzrə rekord miqdarda -- 230,4 min ton pambıq istehsal edilib. Bu, 2015-ci ilin göstəricisindən 6,5 dəfə çoxdur.
Dövlət başçısı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda diqqəti həmin göstəriciyə yönəldərək deyib: “Məhsuldarlıq bizdə hələ ki, lazımi səviyyədə deyil. Hektardan orta məhsuldarlıq 17,4 sentnerdir. Bu, prinsipcə, bizi qane edə bilməz, biz məhsuldarlığı artırmalıyıq. Ancaq bu məhsuldarlıq orta məhsuldarlıqdır. Harada ki, işlərə ciddi yanaşırlar, məhsuldarlıq yüksəkdir. Məlumat üçün bildirməliyəm ki, “MKT” təşkilatının pambıq tarlalarında məhsuldarlıq hektardan 27 sentnerdir, “Azərpambıq”da 19, amma digər kiçik təsərrüfatlarda aşağıdır. Ona görə bu, orta məhsuldarlığı da aşağı salır. Ona görə bu sahədə də təftiş aparılmalıdır. Pambıqçılıq üçün yararlı torpaqlar seçilməlidir və harada məhsuldarlıq aşağıdır, orada başqa məhsullar yetişdirilməlidir”.
Burada onu da qeyd edək ki, son illərdə respublikamızda pambıqçılığım inkişafı ilə yanaşı, onun ixracı da diqqət mərkəzində saxlanılıb. Cari ilin yarım ili ərzində Azərbaycandan 53 min 98 ton pambıq lifi və 6 min 1 ton pambıq ipliyi ixrac edilib. Yanvar-iyun aylarında ixrac edilən pambıq lifinin dəyəri 75 milyon 675 min, pambıq ipliyinin dəyəri isə 14 milyon 602 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 28 milyon 681 min dollarlıq 18 min 613 ton pambıq lifi, 9 milyon 915 min dollarlıq 3 min 993 ton pambıq ipliyi ixrac edilmişdi.
Respublikada pambığın alış qiymətinin qaldırılması da fermerlərin bu sahəyə marağını artırıb. Xatırladaq ki, ötən il pambıq əkən kəndlilərin məhsul istehsalına, yığımına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi üçün məhsulun növlər üzrə alış qiymətləri hər ton üçün 50 manata  çatdırılıb. Bundan sonra birinci növ pambığın alış qiyməti 650, ikinci növ - 630, üçüncü növ - 590, dördüncü növ - 550 manat olub. Nəticədə fermerlər tərəfindən təkcə həmin artımdan 13 milyon manatadək əlavə gəlir əldə edilib.  
Yeri gəlmişkən, ötən illə müqayisədə cari il 20 rayon üzrə pambıq əkən fermerlərin sayı 2300 nəfərdən çox artaraq 18 minə çatıb. Ümumiyyətlə, bu sahədə çalışanların sayı 200 min nəfərdən çoxdur.  
Bu il ayrı-ayrı rayonlarda pambiq əkini ilə bağlı rəqəmlərə də nəzər salmaq istərdik. Məsələn, Kürdəmirdə cari ildə 2809 hektarda pambıq yetişdirilir. Artıq üçüncü kompleks becərmə işləri başa çatmaq üzrədir. Fermerlər, eləcə də fiziki şəxslər cari mövsümdə sahələrdən yüksək məhsul gözləyirlər.
Ötən il 17 min 292 ton xam pambıq istehsal edən sabirabadlı əkinçilər cari ildə 8 min 630 hektar sahədə “ağ qızıl” becəriblər. Məhsul yetişdirmək üçün rayonda bütün lazımi tədbirlər vaxtında həyata keçirilib, müqavilə bağlanılan məhsul istehsalçıları texnika, toxum və dərman preparatları ilə təmin olunublar.
Goranboyda cari ildə 3102 hektarda pambıq əkilib. Yevlaxda 2 min 406 hektarda çiyid səpini həyata keçirilib. İmişlidə 7 min 492 hektarda, Neftçalada 5 min 87 hektarda, Salyanda  4 min 788,2 hektarda, Saatlıda 13 min 741 hektarda pambıq əkilib.
Bu gün pambıqçılıqda yüksək məhsuldarlıq əldə etmək üçün xarici təcrübədən də səmərəli istifadə olunur. Bununla bağlı ölkədə üç model təsərrüfat fəaliyyət göstərir. Ucar rayonunda yerləşən Şirvan Təcrübə Stansiyasında Çin,  Beyləqanda türk, Tərtər və Salyanda isə yunan model təsərrüfatlarının yaradılması bunun bariz ifadəsidir.   
Xatırladaq ki, innovativ texnologiya əsasında yetişdirilən məhsul sahələrində fermerlər daha az əziyyət çəkir, alaq otlarına qarşı mübarizə tədbirləri və suvarma üçün daha az vəsait xərcləyirlər. 
Ucar rayonunda ənənəvi əkin və becərmə üsullarından fərqli olaraq Çin texnologiyası əsasında becərilən 10 hektarlıq sahə lazer mala ilə hazırlanıb. Çində tətbiq edilən bu texnologiyanın üstünlükləri ondan ibarətdir ki, lazer malalama torpağın təkrar şoranlaşmasının qarşısını alır, suya qənaət olunur, toxumların bərabər səviyyədə çıxmasına şərait yaradır, nəticədə məhsuldarlıq artır. Çin texnologiyasının texniki üstünlüyü ondan ibarətdir ki, bir gedişlə 3 əməliyyatı (çiyidin səpilməsi, damcılı suvarma borusunun sərilməsi, polietilen örtüyün açılması) yerinə yetirmək mümkündür.
Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin ərazisində 2-si Yunanıstan, 2-si Amerika Birləşmiş Ştatları, 4-ü Türkiyə və 4-ü Azərbaycan mənşəli olmaqla, ümumilikdə, 12 pambıq sortunun becərilməsi həyata keçirilir. Məqsəd xarici və yerli pambıq sortlarının ənənəvi becərmə şəraitində müqayisəli qiymətləndirilməsidir.
Təcrübə sahəsində səpinqabağı torpaq becərmə işləri yüksək səviyyədə həyata keçirilib və çiyid səpini Yunanıstanın “Bios Agrosystems” şirkətinin mütəxəssislərinin iştirakı ilə aparılıb. Məqsəd məhsuldarlıq, vegetasiya müddəti, yerli iqlim şəraitinə dözümlülük göstəricilərinə görə fərqlənən sortları seçmək, müvafiq seleksiya işi aparmaqla həmin sortların lif keyfiyyətini artırmaq və nəhayət yerli toxumçuluğun təşkilinə nail olmaqdır.
Bu il ilk dəfə olaraq Beyləqan rayonu Mil Təcrübə Stansiyasında pambığın innovativ texnologiya ilə becərilməsi həyata keçirilir. Pambıq ənənəvi üsuldan fərqli olaraq, tirəyə əkin üsulu ilə becərilir, damlama suvarma sistemi vasitəsilə suvarılır. Məqsəd isə yeni texnologiyanı tətbiq etməklə pambığın məhsuldarlığını yüksəltməkdir. Yeni texnologiyanın tətbiq edildiyi nümunəvi tarlanın hər hektarından orta hesabla 50 sentnerdən yuxarı pambıq istehsal ediləcəyi gözlənilir.

 

V.BAYRAMOV, “Xalq qəzeti”

7 2019 21:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə