Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 338   Bakı şəhəri, 1 avqust 2019-cu il


“Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın təsdiq edilməsi barədə
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları” təsdiq edilsin (əlavə olunur). 
2. “Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli 266 nömrəli Qərarı ləğv edilsin.

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 1 avqust

tarixli 338 nömrəli Qərarı ilə

 təsdiq edilmişdir.

 

 

Nəzarət-kassa aparatlarının istismarı

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Nəzarət-kassa aparatlarının istismarı Qaydaları (bundan sonra – Qaydalar) “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrası məqsədilə hazırlanmışdır.

1.2. Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində tətbiq olunan nəzarət-kassa aparatlarının (bundan sonra – NKA) meyarları, qeydiyyatı, dövlət reyestri, onlara servis texniki xidmətin göstərilməsi, habelə NKA operatoruna dair tələblər və onların qeydiyyatı ilə bağlı qaydaları müəyyən edir və bununla bağlı yaranan münasibətləri tənzimləyir.

1.3. NKA-nın istismarında, o cümlədən qeydiyyatı və servis texniki xidmətində iştirak edən subyektlərə aşağıdakılar aiddir: 

1.3.1. NKA-nın operatorları (bundan sonra – Operator);

1.3.2. NKA-nın istifadəçiləri (bundan sonra – İstifadəçi);

1.3.3. Vergilər Nazirliyi tərəfindən müsabiqə əsasında seçilən hüquqi şəxs;

1.3.4. Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyası (bundan sonra – Komissiya);

1.3.5. Azərbaycan Respublikasının Vergilər Nazirliyi (bundan sonra – Nazirlik);

1.3.6. Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik).

1.4. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:

1.4.1. NKA – malların təqdim edilməsi (xidmətlərin göstəril-məsi) zamanı aparılan pul hesablaşmalarının qeydiyyatında istifadə edilən, hesablaşmalar zamanı aparılan əməliyyatlar barədə məlumatların toplanması, emal edilməsi, saxlanması və internet bağlantısı yaranan kimi Nazirliyin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı və bu Qaydalarla müəyyən olunan meyarlara cavab verməli olan aşağıdakı avadanlıqlar:

1.4.1.1. proqram təminatlı nəzarət-kassa aparatları – hesab-lama qurğusuna malik, proqram təminatı və əməliyyat sistemi ilə təchiz edilmiş avadanlıq;

1.4.1.2. proqram təminatlı portativ tipli nəzarət-kassa apa-ratları – hesablama qurğusuna malik, proqram təminatı və əməliyyat sistemi ilə təchiz edilmiş, öz enerji mənbəyinə malik olan və müvəqqəti olaraq xarici enerji mənbəyi olmadan işləyə bilən elektron avadanlıq;

1.4.2. proqram kassası – malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan əməliyyatlar üçün nəzərdə tutulmuş xüsusi proqram təminatı və ya proqram-aparat kompleksi;

1.4.3. nəzarət mexanizmi qurğusu – malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmalar barədə məlumatların Nazirliyin informasiya sisteminə ötürülənə qədər toplanması, emal edilməsi, saxlanması və internet bağlantısı yaranan kimi ötürülməsini, İstifadəçi və NKA-nın autentifikasiyasını və bu prosedurların həyata keçirilməsinə nəzarəti təmin edən qurğu;

1.4.4. Nəzarət-kassa aparatları operatorlarının internet portalı (bundan sonra – portal) – bu Qaydaların tələblərinin icrası məqsədilə Nazirlik tərəfindən yaradılmış rəsmi internet səhifəsi (www.e-kassa.gov.az);

1.4.5. Operator – NKA-nın təqdim edilməsi və təchizatını, nəzarət mexanizmi qurğusuna müvafiq proqram təminatının yazılmasını, habelə bu avadanlıq və qurğulara qeydiyyat və servis- texniki xidmətlərin göstərilməsini həyata keçirən Operator qismində qeydiyyatdan keçmiş rezident hüquqi şəxs;

1.4.6. İstifadəçi – malların təqdim edilməsi (xidmətlərin göstəril-məsi) zamanı aparılan hesablaşmaları müvafiq qanunvericiliyə əsasən qeydiyyatdan keçirmiş NKA vasitəsilə həyata keçirməli olan vergi ödəyicisi;

1.4.7. Akt – NKA-nın qeydiyyatı və qeydiyyatdan çıxarılması, quraşdırılması, servis-texniki xidmət göstərilməsi, habelə nəzarət mexanizmi qurğusunun aktivləşdirilməsi zamanı Operator tərəfindən portal üzərindən qeydiyyata alınmaqla tərtib edilən sənəd;

1.4.8. açıq açarın texnoloji sertifikatı (bundan sonra – sertifi-kat) – NKA və nəzarət mexanizmi qurğusunun zavod nömrəsi, VÖEN, obyektin kodu, obyektin ünvanı, sertifikatın buraxılış və bitmə tarixinin istifadəçiyə aid olduğunu təsdiqləyən və Nazirlik tərəfindən göndərilən elektron fayl;

1.4.9. açıq açar – açıq açar kriptosistemində yalnız konkret nəzarət mexanizmi qurğusuna məxsus olan qapalı açara birləşdi-rilmiş hər kəsə məlum olan açar;

1.4.10. QR Code (Quick Response Code) – xüsusi qurğular vasitəsilə oxunan, hər hansı ictimai mənbəyə keçidi olan və Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulmuş çekin bütün məlumatlarını keçid mənbədə əks etdirən optik ştrix-kod, malın sürətli məlumat kodu;

1.4.11. unikal identifikator – çekdə onaltılıq say sistemi üzrə simvollardan ibarət NKA-nın fiskal rejiminin nişanını kriptoqrafik məlumat mühafizəsi vasitəsindən istifadə etməklə formalaşdıran, nəzarət mexanizmi qurğusu tərəfindən tərtib edilmiş rəmzi sətir.

 

2. NKA-nın meyarları və nəzarət mexanizmi qurğusu

 

2.1. Azərbaycan Respublikasının ərazisində yalnız dövlət reyestrinə daxil edilmiş NKA modellərinin tətbiqinə icazə verilir.

2.2. NKA vahid şəkildə işləyən iki hissədən – proqram kassası və nəzarət mexanizmi qurğusundan ibarətdir.

2.3. Aşağıdakı meyarlara cavab verən NKA əhali ilə hesablaşmaların aparılmasında istifadə edilə bilər:

2.3.1. NKA-da aparılan əməliyyatların, çeklərin və onların formalaşma ardıcıllığının etibarlı uçotunu, habelə həmin məlumat-ların toplanması, emalı, saxlanması və internet bağlantısı yaranan kimi Nazirliyə ötürülməsini təmin edən proqram təminatı və əməliyyat sistemləri ilə təchiz edilən;

2.3.2. USB portu mövcud olan;

2.3.3. Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulmuş NKA çekini çap etməyə imkan verən müvafiq çap qurğusu ilə təchiz edilən;

2.3.4. NKA üzrə dəyişdirilməyən zavod və ya seriya nömrəsinə malik olan;

2.3.5. internet resurslarına çıxış imkanlarına (GSM, Wi-fi, Ethernet və s. vasitəsilə) malik olan.

2.4. NKA ilə bağlı texniki tələblər Komissiya tərəfindən müəyyən edilir.

2.5. Vergilər Nazirliyi və ya onun tərəfindən müsabiqə əsasında seçilən hüquqi şəxs Operatoru nəzarət mexanizmi qurğusu ilə təmin edir. Nəzarət mexanizmi qurğusunun verilməsi bu Qaydalara əlavə olunmuş təhvil-təslim aktı (əlavə) ilə rəsmiləşdirilir.

2.6. Nəzarət mexanizmi qurğusu üçün sertifikat 3 il müddətinə verilir və bu müddət ərzində həmin nəzarət mexanizmi qurğusunun yeni NKA-ya quraşdırılmasına onda olan məlumatların Nazirliyə ötürülməsindən sonra yol verilir.

2.7. Nəzarət mexanizmi qurğusu aşağıdakıları təmin edir:

2.7.1. internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatların saxlanılmasını;

2.7.2. məlumatların tamlığının və etibarlılığının qorunmasını;

2.7.3. məlumatların kriptoqrafiya üsullarından istifadə etməklə unikal identifikatorun formalaşmasını;

2.7.4. fəaliyyətə başladığı andan NKA çeklərinin sıra ardıcıllığının pozulmamasını;

2.7.5. çekin formalaşma tarixinə nəzarət edilməsini. Nəzarət mexanizmi qurğusu bu Qaydaların 2.7.1-ci yarımbəndində nəzərdə tutulmuş müddətdən sonrakı tarixə çekin formalaşmasına icazə vermir.

2.8. NKA çeki yalnız nəzarət mexanizmi qurğusu quraşdırıldığı halda və Operator tərəfindən göndərilmiş pin kod İstifadəçi tərəfindən daxil edildikdən sonra çap edilə bilər.

2.9. Aşağıdakı hallarda NKA-nın istifadəsi mümkün deyildir:

2.9.1. proqram kassası dövlət reyestrinə daxil edilmiş modelə nisbətdə dəyişdirildikdə;

2.9.2. unikal identifikatora malik çeki çap etmək mümkün olmadıqda;

2.9.3. proqram kassası yararsız hala düşdükdə;

2.9.4. proqram kassasının zavod və ya seriya nömrəsi dəyişdirildikdə;

2.9.5. proqram kassasının zavod və ya seriya nömrəsi açıq açarın texnoloji sertifikatında göstərilən nömrə ilə uyğun olmadıqda;

2.9.6. bu Qaydaların 2.7.1-ci yarımbəndində nəzərdə tutulan müddət ərzində nəzarət mexanizmi qurğusunda olan məlumatların Nazirliyə ötürülməsi mümkün olmadıqda;

2.9.7. nəzarət mexanizmi qurğusunda olan məlumatların dəyişdirilməsi məqsədilə hər hansı əməliyyatlar aparıldıqda;

2.9.8. nəzarət mexanizmi qurğusunun sertifikat müddəti bitdikdə və ya yararsız hala düşdükdə.

 

3. Operatora dair tələblər və onun qeydiyyatı

 

3.1. Operatora dair tələblər aşağıdakılardır:

3.1.1. bank hesabına malik olmalı;

3.1.2. NKA istehsalçısı tərəfindən həmin NKA-ya servis-texniki xidmət göstərmək bacarığını təsdiq edən sənəd verilmiş ən azı 1 nəfər əməkdaşı olmalı;

3.1.3. NKA-ya servis-texniki xidmət göstərilməsi üçün zəruri avadanlıqlarla təchiz edilmiş ən azı 1 texniki filial və ya məntəqəsi olmalı;

3.1.4. NKA-nın qanunda nəzərdə tutulmuş qaydada əldə edilməsini təsdiq edən sənəd olmalı;

3.1.5. dövlət büdcəsinə vergilər, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmamalı.

3.2. Operator kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxs portal üzərindən ərizə ilə Nazirliyə müraciət edir və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir. Müraciət zamanı ərizəyə aşağıdakı sənədləri əlavə edir:

3.2.1. bu Qaydaların 3.1.2-ci və 3.1.4-cü yarımbəndlərində nəzərdə tutulan sənədlər;

3.2.2. NKA modelinin texniki pasportunun surəti.

3.3. Operator kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxsin bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulan tələblərə uyğunluğu 2 gün müddətində yoxlanılır və həmin tələblərə cavab verən hüquqi şəxsə texniki sınaq və sertifikatlaşdırma üçün NKA modelinin bir nümunəsinin və Komissiya tərəfindən müəyyən edilən sənədlərin Komissiyaya təqdim edilməsi barədə bildiriş göndərilir.

3.4. Komissiyanın tapşırığına əsasən müraciətin edildiyi tarixdən 15 gün ərzində Nazirlik və ya onun müqavilə əsasında cəlb etdiyi hüquqi şəxs Operator kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxs tərəfindən təqdim edilmiş NKA modelinin nümunəsinin texniki sınağını həyata keçirir. Keçirilmiş texniki sınağın nəticəsində hazırlanmış rəy Komissiya tərəfindən aidiyyəti üzrə baxılması üçün Agentliyə təqdim edilir. Agentlik 15 gündən gec olmayaraq təqdim edilmiş NKA modelinin nümunəsinin sertifikatlaşdırılmasını həyata keçirir və bu barədə Komissiyaya məlumat verir.

3.5. NKA sertifikatlaşdırıldıqdan sonra hüquqi şəxs Nazirlik tərəfindən Operator kimi qeydiyyatdan keçirilir, sertifikatlaşdırılmış NKA modelinin markası Dövlət Reyestrinə daxil edilir və 3 gün ərzində Operatorun elektron kabinetinə bu barədə bildiriş göndərilir.

3.6. 3.1-ci bənddə nəzərdə tutulan tələblərə cavab verməyən və (və ya) NKA modeli sertifikatlaşdırmadan keçməyən hüquqi şəxsin ərizəsi Operator kimi qeydiyyata alınmasından imtina üçün əsasdır. Operator kimi qeydiyyatdan keçirilməsindən imtina barədə bildiriş 3 gün ərzində müraciət edən hüquqi şəxsin elektron kabinetinə göndərilir.

3.7. Operatorun qeydiyyatının ləğvi üçün əsaslar aşağıdakılardır:

3.7.1. hüquqi şəxsin dövlət qeydiyyatı ləğv edildikdə;

3.7.2. Operator sahibkarlıq və digər vergi tutulan əməliyyat-larını 6 aydan çox müddətə müvəqqəti dayandırdıqda;

3.7.3. onun adına dövlət reyestrinə daxil edilən NKA modeli üzrə əldə etdiyi NKA-nın məlumatlarının 1 il müddətində Nazirliyin informasiya sisteminə daxil edilmədikdə;

3.7.4. istifadəçilərə meyarlara cavab verməyən NKA modeli təqdim edildikdə;

3.7.5. bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulan tələblərdən hər hansı biri pozulduqda;

3.7.6. İstifadəçiyə vergidən yayınması ilə əlaqədar şərait yaratdığı aşkar olunduqda;

3.7.7. öz müraciətinə əsasən.

3.8. Bu Qaydaların 3.7.1-ci və 3.7.7-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda Operator servis-texniki xidmət göstərdiyi istifadəçilərə ləğvi barədə məlumat verir.

3.9. Bu Qaydaların 3.7.2-3.7.6-cı yarımbəndlərində nəzərdə tutulmuş hallarda Nazirlik tərəfindən istifadəçilərə Operatorun ləğvi barədə xəbərdarlıq bildirişi göndərilir.

3.10. İstifadəçi Operatorun ləğvi barədə məlumat aldıqdan sonra yeni Operatorla müqavilə bağlamalıdır.

3.11. İstifadəçi və servis-texniki xidmətin göstərilməsi barədə müqavilə bağlayan yeni Operator 3 gün ərzində portal üzərindən Nazirliyə bu barədə məlumat verir. Məlumatlar yoxlandıqdan sonra Nazirlik NKA, nəzarət mexanizmi qurğusu və İstifadəçi ilə bağlı məlumatlarda Operatorun dəyişdirilməsinə dair müvafiq düzəlişləri aparır. Yeni Operator servis-texniki xidmətin göstərdiyi NKA-da, o cümlədən zəruri texniki sazlama işlərini (müvafiq proqram təminatının yazılmasını və s.) həyata keçirir.

 

4. NKA məlumatlarının Nazirliyin informasiya sisteminə daxil edilməsi

 

4.1. Operator sertifikatlaşdırılmış və dövlət reyestrinə daxil edilmiş model üzrə mövcud NKA barədə məlumatları (model və zavod nömrəsi) portal üzərindən Nazirliyin informasiya sisteminə daxil edir.

4.2. Operator dövlət reyestrində artıq mövcud olan NKA modelinin yalnız sertifikatlaşdırılması və Nazirliyin informasiya sisteminə daxil edilməsi üçün portaldan ərizə ilə müraciət edir.

4.3. Dövlət reyestrində artıq mövcud olan NKA-nın sertifikatlaşdırılması bu Qaydaların 3.4-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

4.4. İstifadəçi tərəfindən qanunla müəyyən edilmiş qaydada əldə edilmiş NKA-nın Nazirliyin informasiya sisteminə və (və ya) Dövlət reyestrinə daxil edilməsi üçün Nazirlikdə qeydiyyatdan keçmiş hər hansı Operatorla müqavilə bağlamalıdır.

4.5. Operator Nazirliyin informasiya sisteminə daxil edilmiş və nəzarət mexanizmi qurğusu ilə təchiz edilmiş NKA-nı yalnız vergi orqanında uçota alınmış təsərrüfat subyekti (obyekti) olan hüquqi şəxs və ya fərdi sahibkara təqdim edə bilər.

4.6. Nazirlik tərəfindən göndərilmiş sertifikatı Operator nəzarət mexanizmi qurğusuna yüklədikdən sonra aktla birlikdə İstifadəçiyə təqdim edir və nəzarət mexanizmi qurğusu İstifadəçi tərəfindən elektron kabinetdən aktivləşdirilir.

4.7. Nəzarət mexanizmi qurğusunun sertifikat müddətinin bitməsinə 7 gün qaldıqda Nazirlik tərəfindən Operator və İstifadəçinin elektron kabinetinə bu barədə bildiriş göndərilir. Nəzarət mexanizmi qurğusunun sertifikat müddəti bitdikdən sonra həmin nəzarət mexanizmi qurğusunda olan məlumatlar Operator tərəfindən Nazirliyə ötürülür və yeni sertifikat yüklənir.

 

5. NKA işləmədikdə həyata keçirilməli tədbirlər

 

5.1. İstismar zamanı NKA-da nasazlıqlar yarandıqda İstifadəçi vergi orqanlarına və Operatora dərhal bu barədə məlumat verir.

5.2. NKA nasaz vəziyyətdə olduqda, Operator bu barədə ona çağırış verildiyi andan 36 saatdan çox olmayan vaxt ərzində NKA-nın təmirini təmin etməlidir. 

5.3. Proqram kassasında, habelə proqram kassası və nəzarət mexanizmi qurğusunda yaranmış nasazlığı bu Qaydaların 5.2-ci bəndində göstərilən müddətdə aradan qaldırmaq mümkün olmadıqda, aşağıdakı tədbirlər həyata keçirilir:

5.3.1. Operator NKA-nı dərhal ehtiyat NKA ilə əvəz edir və nasaz NKA təmirə aparılan zaman Operator və İstifadəçi nəzarət mexanizmi qurğusunda olan bütün məlumatların Nazirliyə ötürülməsini təmin edir;

5.3.2. təmirə göndərilmiş NKA-nın əvəzinə ehtiyat NKA-nın quraşdırılması üçün Operator portaldan Nazirliyə müraciət edir. Nəzarət mexanizmi qurğusunun əvəz edilmiş NKA-ya quraşdırılması üçün Nazirlik tərəfindən Operatora müvəqqəti sertifikat göndərilir. Operator sertifikatı müvəqqəti nəzarət mexanizmi qurğusuna yükləyərək aktla birlikdə İstifadəçiyə təqdim edir;

5.3.3. nasaz NKA-nın təmiri mümkün olmadıqda, Operator öz seçimindən asılı olaraq ehtiyat NKA-nı istifadə edə və ya onu yeni NKA ilə əvəz edə bilər. Ehtiyat NKA-nın istifadəsinə davam etdikdə, ehtiyat NKA-ya verilmiş müvəqqəti sertifikatın daimi sertifikata çevrilməsi üçün Operator tərəfindən Nazirliyə portal üzərindən müraciət göndərilir;

5.3.4. nasaz NKA təmir edildikdən sonra Operator tərəfindən vergi ödəyicisinə geri qaytarılır. Ehtiyat NKA-ya quraşdırılmış nəzarət mexanizmi qurğusunda olan məlumatlar Nazirliyə ötürülür. Ehtiyat NKA-nın təmirdən qayıtmış NKA ilə əvəz edilməsi ilə bağlı proseslər aktla rəsmiləşdirilir və bu barədə Nazirliyə məlumat verilir.

5.4. Nəzarət mexanizmi qurğusunda yaranmış nasazlığı bu Qaydaların 5.2-ci bəndində göstərilən müddətdə aradan qaldırmaq mümkün olmadıqda Operatora təqdim edilir və Operator tərəfindən yoxlanılması üçün Nazirliyə təqdim edilir. Nəzarət mexanizmi qurğusunda olan məlumatların dəyişdirilməsi məqsədilə hər hansı əməliyyatların aparılıb-aparılmaması Nazirlik tərəfindən yoxlanılır.

5.5. Nəzarət mexanizmi qurğusu yararsız hala düşdükdə yenisi ilə əvəz edilir.

 

6. Nəzarət mexanizmi qurğusunun yenisi ilə əvəz edilməsi

 

6.1. Operator nəzarət mexanizmi qurğusunun yenisi ilə əvəz edilməsi üçün portaldan Nazirliyə ərizə ilə müraciət edir. Nazirlik tərəfindən ərizə yoxlanılır və yeni nəzarət mexanizmi qurğusu üçün Operatora sertifikat göndərilir. Operator sertifikatı yeni nəzarət mexanizmi qurğusuna yükləyərək aktla birlikdə İstifadəçiyə təqdim edir.

6.2. İstifadəçi elektron kabinetdən aktın nömrəsini daxil edərək nəzarət mexanizmi qurğusunu aktivləşdirir. Bu zaman Nazirlik tərəfindən yeni nəzarət mexanizmi qurğusunun aktivləşməsi və əvvəlki nəzarət mexanizmi qurğusunun passivləşdirilməsi barədə İstifadəçiyə məlumat göndərilir.

6.3. Passivləşdirilmiş və Nazirliyə məlumatları ötürməmiş nəzarət mexanizmi qurğusu barədə hər hansı əməliyyatların həyata keçirilməsi qadağandır.

 

7. Operatorun hüquq və vəzifələri

 

7.1. Operatorun hüquqları:

7.1.1. bu Qaydalarla müəyyən edilmiş meyarlara və Komissi-yanın müəyyən etdiyi texniki tələblərə cavab verən NKA-nın istehsalını, idxalını təşkil etmək və ya qanunla müəyyən edilmiş digər qaydada əldə etmək;

7.1.2. əldə etdiyi NKA modellərini Dövlət reyestrinə daxil etmək;

7.1.3. qanunla müəyyən edilmiş qaydada əldə etdiyi NKA modellərinin sertifikatlaşdırılmasında və texniki sınağında iştirak etmək;

7.1.4. qanunla müəyyən edilmiş qaydada əldə etdiyi NKA-nın istismarı haqqında məlumatları toplamaq, ümumiləşdirilmiş məlumatı Komissiyaya təqdim etmək;

7.1.5. bu Qaydalarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

7.2. Operatorun vəzifələri:

7.2.1. İstifadəçiyə təqdim edilməsindən əvvəl qanunla müəyyən edilmiş qaydada əldə etdiyi NKA-nın məlumatlarını portal vasitəsilə Nazirliyin informasiya sisteminə daxil etmək;

7.2.2. İstifadəçilər tərəfindən NKA-nın bu Qaydalara uyğun istismar edilməsini təmin etmək və bu Qaydaların tələblərinin pozulması faktları aşkar edildikdə Nazirliyə məlumat vermək;

7.2.3. nəzarət mexanizmi qurğusuna müvafiq proqram servislərinin və sertifikatın yazılmasını (inisializasiya, avtorizasiya) təmin etmək;

7.2.4. NKA-nın istismarı zamanı yaranmış problemlərin təhlilini həyata keçirmək və onların aradan qaldırılması barədə İstifadəçinin məlumatlandırılmasını təmin etmək;

7.2.5. NKA-ya dair texniki tələblər dəyişdikdə, xidmət göstərdiyi NKA-nın həmin texniki tələblərə uyğunlaşdırılmasını təmin etmək;

7.2.6. istifadəçilərə NKA-dan istifadə qaydalarını öyrətmək;

7.2.7. xidmət göstərdiyi NKA-nın bu Qaydalarla müəyyən edilmiş meyarlara və Komissiyanın müəyyən etdiyi texniki tələblərə uyğun olmasını dövri olaraq rübdə 1 dəfədən az olmamaqla yoxlamaq, işlək vəziyyətdə olmasını təmin etmək və Nazirliyə bu barədə məlumat vermək;

7.2.8. istifadəçilərə təqdim edilən NKA-nın dövlət reyestrinə daxil edilmiş model ilə eyniliyini təmin etmək;

7.2.9. NKA və nəzarət mexanizmi qurğusunun istifadəçilərin təsərrüfat subyektində (obyektində) quraşdırılmasını təmin etmək;

7.2.10. istifadəçilərə təqdim edilmiş NKA-ya servis-texniki xidmətlər göstərmək;

7.2.11. servis-texniki xidmət filiallarına və ya məntəqələrinə malik olmaq;

7.2.12. NKA məlumatlarının Nazirliyin informasiya sisteminə daxil edilməsi ilə bağlı aparılan bütün əməliyyatlar zamanı təqdim edilən məlumatların tamlığını, düzgünlüyünü və eyni zamanda konfidensiallığını təmin etmək;

7.2.13. NKA-ya servis-texniki xidmətin göstərilməsi, xidmətin növlərini və qaydalarını müəyyənləşdirən sənədlər işləyib hazırlamaq və İstifadəçiyə təqdim etmək;

7.2.14. NKA-ya servis-texniki xidmət üçün tələbləri, onların sınaq metodlarını, servis-texniki xidmət qaydalarını müəyyənləşdirən sənədlər toplusunu, həmçinin sınaq, servis-texniki xidmət zamanı istifadə olunan ölçü vasitələri və avadanlıqların sənədləri fondunu yaratmaq və onları lazımi səviyyədə saxlamaq;

7.2.15. NKA servis-texniki xidmətə qoyulduqda, vergi orqan-larında qeydiyyata alındıqda, qeydiyyatdan çıxarıldıqda və digər hallarda onların sazlığı barədə akt tərtib etmək; 

7.2.16. NKA-nın istismarı üçün İstifadəçi tərəfindən lazımi şəraitin yaradılmasının yerinə yetirilməsini yoxlamaq;

7.2.17. NKA-nın texniki pasportu (formulyarı) itdikdə, həmin sənədin dublikatını vermək (bu vaxt modelin adının və zavod nömrəsinin dəyişdirilməsinə icazə verilmir);

7.2.18. dövlət reyestrindən çıxarılmış və bərpası mümkün olmayan NKA modellərinin uçotdan çıxarılması üçün Nazirliyə müraciət etmək;

7.2.19. vergi orqanlarının əməkdaşlarının NKA ilə işləmək qaydalarının öyrədilməsini təmin etmək;

7.2.20. servis-texniki xidmətində olan NKA-nın keyfiyyəti, aşkar edilmiş çatışmazlıqları, istifadəçilərin təklif və iradları barəsində məlumatların yığılmasını, təhlil olunmasını və bu məlumatların Komissiyaya təqdim olunmasını təmin etmək;

7.2.21. NKA-nın servis-texniki xidməti ilə bağlı sənədlərin uçotu, saxlanılması və məhv edilməsini təşkil etmək;

7.2.22. NKA-nın müvafiq modellərinə göstərilən servis-texniki xidmət üzrə öz texniki heyətinin öyrədilməsini təşkil etmək;

7.2.23. nasaz NKA-nı dəyişdirmək üçün qanunla müəyyən edilmiş qaydada əldə etdiyi NKA-nın 10 faizi həcmində ehtiyata malik olmaq;

7.2.24. NKA-nın texniki pasportuna (formulyarına) onların istismara verilməsi, servis-texniki xidmət göstərilməsi, habelə aktivləşdirilmiş, istismar müddəti başa çatmış və ya nasaz hala düşmüş nəzarət mexanizmi qurğusu barədə məlumatları daxil etmək;

7.2.25. İstifadəçini Operatorun imzası və möhürü ilə təsdiq edilməklə texniki xidmət jurnalı və NKA-nın nasaz olduğu dövrdə aparılan əməliyyatların uçotu kitabı ilə təmin etmək, habelə istifadəçilərdə saxlanılan texniki xidmət jurnalında göstərilən servis-texniki xidmətlər barədə müvafiq qeydlər aparmaq;

7.2.26. NKA qeydiyyatdan çıxarıldıqda, nəzarət mexanizmi qurğusunda olan bütün məlumatların Nazirliyə ötürülməsini təmin etmək və bu barədə  tərtib olunmuş aktda müvafiq qeydlər aparmaq;

7.2.27. nəzarət mexanizmi qurğusunu sazlayıb işə salmaq, tələb olunan hallarda dəyişdirmək;

7.2.28. müvafiq qanunvericiliyə əsasən qeydiyyata alınmamış NKA-ya servis-texniki xidmət göstərməmək;

7.2.29. istifadəçilərə servis-texniki xidmətlərin həyata keçiril-məsini təsdiq edən akt təqdim etmək;

7.2.30. Komissiyanın qərarlarını yerinə yetirmək;

7.2.31. bu Qaydalarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

 

8. İstifadəçinin hüquq və vəzifələri

 

8.1. İstifadəçi bu Qaydaların 3.7-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yalnız müqavilə bağladığı Operatorun xidmətlərindən istifadə edə bilər.

8.2. İstifadəçinin hüquqları:

8.2.1. vergi orqanları ilə müəyyən edilmiş qaydada qeydiyyat-dan keçirilməsi üçün NKA-nın müəyyən olunmuş modelini sifariş vermək;

8.2.2. NKA-nın istismar hazırlığını, servis-texniki xidmətinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə Komissiyaya təkliflər vermək;

8.2.3. vergi orqanlarının və Operatorun səlahiyyətli nümayən-dəsinin qeyri-qanuni hərəkətləri barəsində qanunla müəyyən edilmiş qaydada şikayət etmək.

8.3. İstifadəçinin vəzifələri:

8.3.1. NKA-nın qeydiyyatı və nəzarət mexanizmi qurğusunun aktivləşdirilməsi üçün gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş ərizə ilə Nazirliyə müraciət etmək;

8.3.2. məlumatların Nazirliyə ötürülməsi məqsədilə internet resurslarına çıxışı təmin etmək;

8.3.3. nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını təmin etmək;

8.3.4. NKA ilə əlaqədar olan sənədlərin uçotunun aparılmasını, saxlanılmasını və məhv edilməsini təşkil edir və bunun üçün ayrıca məsul şəxs təyin etmək;

8.3.5. öz əməkdaşının NKA ilə işləməsinin öyrədilməsini təmin etmək;

8.3.6. NKA-nın vergi orqanlarında qeydiyyata alınmasını və qeydiyyatdan çıxarılmasını təmin etmək;

8.3.7. vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını Operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq; 

8.3.8. NKA-nın istismara hazırlıqla əlaqədar olan işlərini yalnız Operatorun nümayəndəsinin iştirakı ilə yerinə yetirmək;

8.3.9. NKA-nın işə salınmasında və işə salınma aktının tərtib edilməsində iştirak etmək;

8.3.10. NKA-nın istismar sənədlərinə və qüvvədə olan normativ aktlara uyğun istismarını təmin etmək;

8.3.11. Operator və vergi orqanları işçilərinin NKA istismarı zamanı nəzərdə tutulmuş qaydalara əməl olunması ilə bağlı göstərişlərini yerinə yetirmək;

8.3.12. vergi orqanları tələblərinə uyğun olaraq NKA servis- texniki xidməti ilə əlaqədar olan sənədləri təqdim etmək;

8.3.13. vergi orqanları və Operatorun səlahiyyətli nümayən-dəsinin NKA-nın fəaliyyətinə baxış keçirilməsinin maneəsiz buraxılışını təmin etmək;

8.3.14. Operatorun bu Qaydaların tələblərinə uyğun olaraq NKA-ya servis-texniki xidmət göstərmələri üçün şərait yaratmaq;

8.3.15. NKA-nın istismarı zamanı istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və Operatora dərhal məlumat vermək;

8.3.16. pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumat-ların əks etdirilməsini təmin etmək;

8.3.17. bu Qaydalarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

 

9. NKA üzrə sahələrarası ekspert komissiyasının vəzifələri

 

9.1. Komissiya öz işini “Nəzarət-kassa aparatları üzrə sahə-lərarası ekspert komissiyası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 18 iyul tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən təşkil edir və onun aşağıdakı vəzifələri vardır:

9.1.1. NKA ilə bağlı texniki tələbləri müəyyən edir;

9.1.2. Komissiya NKA-nın istismarının, servis-texniki xidməti və təmirinin tənzimlənməsi məsələləri barəsində qərarlar qəbul edir;

9.1.3. NKA-nın yeni modellərinin texniki sınağını və sertifikat-laşdırılmasını təşkil edir;

9.1.4. NKA-ya dair texniki tələblərin təkmilləşdirilməsi barədə təkliflərə baxır, yeni tələbləri təsdiq edir, mənəvi köhnəlmiş və yeni tələblərə uyğun gəlməyən NKA üçün istismar müddətlərini müəyyən edir;

9.1.5. Azərbaycan Respublikasında istismarına icazə verilmiş NKA modelləri haqqında maraqlı təşkilatlara və şəxslərə məlumat verir;

9.1.6. qeydiyyata alınmış və istismarda olan NKA-nın bu Qaydalarla müəyyən edilmiş meyarlara uyğun olmasına nəzarət edir;

9.1.7. NKA-nın istismarı və servis-texniki xidmət vəziyyətinə nəzarəti təşkil edir;

9.1.8. NKA-nın konkret modellərinin optimal istismar şəraitini, servis-texniki xidmətinin keyfiyyətini təyin etmək məqsədilə eksperimentlərin keçirilməsi barəsində qərarlar qəbul edir və onların həyata keçirilməsinə nəzarət edir;

9.1.9. Azərbaycan Respublikasında NKA-nın servis-texniki xidmət vəziyyəti haqqında məlumatın yığılmasını və təhlilini təmin edir;

9.1.10. NKA-nın istismarı və servis-texniki xidməti ilə əlaqədar olan şikayət və təkliflərə baxır.

 

10. NKA üzrə Nazirliyin vəzifələri

 

10.1. Nazirlik aşağıdakı işləri həyata keçirir:

10.1.1. Azərbaycan Respublikası ərazisində istismarına icazə verilmiş NKA-nın elektron uçotunu aparır;

10.1.2. qeydiyyatdan keçmiş operatorlar barəsində Komissiya və Agentliyə məlumat verir;

10.1.3. Operatorların qeydiyyatını həyata keçirir;

10.1.4. NKA qeydiyyata alınarkən vergi ödəyicisi və Operatorun NKA-ya dair daxil etdiyi məlumatların eyniliyini yoxlayır;

10.1.5. nəzarət mexanizmi qurğusunun etibarlılığının artırıl-ması üçün tədbirlər görür;

10.1.6. NKA modellərinin dövlət reyestrini aparır və reyestrə daxil edilmiş modellər barədə məlumatı portalda yerləşdirir, habelə istifadəsi qadağan olunmuş və bərpası mümkün olmayan NKA modellərini dövlət reyestrindən çıxarır;

10.1.7. özü və ya müqavilə əsasında cəlb etdiyi hüquqi şəxs vasitəsilə NKA modellərinin texniki sınağını həyata keçirir;

10.1.8. NKA-nın istismarı üçün bu Qaydalarla müəyyən edilmiş tələblərin yerinə yetirilməsini yoxlayır;

10.1.9. NKA-nın servis-texniki xidmətinin keyfiyyəti barədə irad və təkliflərini Komissiyaya təqdim edir;

10.1.10. vergi orqanlarının əməkdaşlarına NKA-nın tətbiqi ilə bağlı təlimlər təşkil edir;

10.1.11. nəzarət mexanizmi qurğusundan məlumatların ötürülməsi ilə bağlı texniki parametrləri müəyyən edir;

10.1.12. nəzarət mexanizmi qurğusundan ötürülən məlumat-ların fasiləsiz olaraq qəbulunu və emalını təşkil edir;

10.1.13. portalın işlək vəziyyətdə olmasını təmin edir;

10.1.14. bu Qaydaların 1.3.3-cü yarımbəndində nəzərdə tutulan hüquqi şəxsin müsabiqə əsasında seçilməsi qaydasını müəyyən edir;

10.1.15. bu Qaydalarla müəyyən edilmiş digər funksiyaları həyata keçirir.

 

11. NKA üzrə Agentliyin vəzifələri

 

11.1. Agentlik aşağıdakı işləri yerinə yetirir:

11.1.1. NKA-nın servis-texniki xidmətinin düzgün aparılmasına nəzarət edir;

11.1.2. NKA-nın təmir, nəzarət, diaqnostika, sazlama və servis-texniki xidmətləri üçün istifadə edilən sınaq avadanlıqlarının və ölçü vasitələrinin vaxtında yoxlanmasını və attestasiya aparılmasını təmin edir;

11.2. Agentlik Komissiyanın tapşırığına əsasən:

11.2.1. NKA-nın yeni modellərini Nazirliyin və ya onun müqavilə ilə cəlb etdiyi hüquqi şəxsin verdiyi rəy əsasında 15 gündən gec olmayaraq sertifikatlaşdırır;

11.2.2. NKA-nın sertifikatlaşdırılmış parametrlərə və bu Qaydalarla müəyyən edilmiş meyarlara uyğun gəlmədikdə, həmin NKA-nın qeydiyyatının ləğv edilməsi barədə təkliflər verir;

11.2.3. NKA üçün aparılan təmirin keyfiyyətinə ekspert rəyini verir.

 

12. Yekun müddəa

 

12.1. Bu Qaydaların tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

 

 

“Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”na Əlavə      

 

 

TƏHVİL-TƏSLİM AKTI

        

 

          Bakı şəhəri                                                                                                           “____”____________ 20__ il

 

Biz aşağıda imza edənlər_____________________________

______________________________________________________    (hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin  soyadı, adı, atasının adı)

digər tərəfdən Operator ___________________________________

______________________________________________________            (Operatorun səlahiyyətli nümayəndəsinin soyadı, adı, atasının adı)

aktı imzalamaqla təsdiq edirik ki, ___________________zavod nömrəli nəzarət mexanizmi qurğusu Operatora təhvil verilmişdir və o, bu qurğu ilə bağlı təqdim olunan məlumatların konfidensiallığı barədə məsuliyyət daşıyır.

  Akt və aktın əlavəsi iki nüsxədə tərtib olundu. Aktın bir nüsxəsi Operatora təqdim edildi, digər nüsxəsi təhvil-təslim işlərinin aparıldığı hüquqi şəxsdə saxlanıldı.

 

 

 

                                     Təhvil verdi:                                                                                                                   Təhvil aldı:

   _____________________                     _____________________

                                     (imza, soyad və adı)                                                                   (imza, soyad və adı)

 

 

 

 

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə