Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zərdab Baramaçıları Assosiasiyasının yaradılması istiqamətində işlərə başlanılıb

Zərdab rayonunda ikinci partiya barama (yay baraması) təhvilinə başlanılması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə rayon rəhbərləri, Kənd Təsərrüfatı Nazirliyinin məsul işçiləri, mütəxəssislər, kümçülər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev çıxış edərək, Prezident İlham Əliyevin 2017-ci ilin 27 noyabr tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində Zərdabda həyata keçirilən tədbirlərdən, qazanılan yüksək nəticələrdən danışıb. Qeyd olunub ki, 2016-cı ildə 5710 kiloqram barama tədarük olunduğu halda, 2019-cu ildə bu göstərici 11,4 dəfə artaraq 65 ton 321 kiloqrama çatıb, 4 min nəfərə yaxın əhali bu sahədə mövsümi işlə təmin edilib. Barama tədarükü sahəsində son üç ildə Zərdab rayonu respublika üzrə ən yüksək göstəricilərə nail olub.
Vurğulanıb ki, müvafiq Dövlət Proqramının icrasının təmin olunması istiqamətində rayonda innovativ tədbirlərin həyata keçirilməsinə, o cümlədən Zərdab Baramaçıları Assosiasiyasının yaradılması istiqamətində işlərə başlanılıb, baramaçılığın və ipəkçiliyin inkişafı üçün geniş infrastruktur tədbirləri həyata keçirilib. Rayon ərazisində mövcud yem bazasını və kümçülərin bu sahəyə olan marağını nəzərə alaraq rayon icra hakimiyyəti başçısının təşəbbüsü ilə iyunun 26-da Çin Xalq Respublikasından həmin ölkənin mütəxəssislərinin nəzarəti ilə 300 qutu ipəkqurdu gətirilərək Qax Damazlıq Stansiyasında inkubasiya olunub. Çindən gələn mütəxəssislərin, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsinin iştirakı ilə rayon icra hakimiyyətində “Yay mövsümündə baramaqurdunun yemləməsinin xüsusiyyətləri” mövzusunda kümçülərlə görüş keçirilib, tədbirin sonunda onlara pulsuz olaraq 300 qutu ipəkqurdu paylanılıb, min nəfərdən çox qeyri-məşğul əhali mövsümi işlə təmin edilib.
Azərbaycanda ilk dəfə olaraq yay mövsümündə ipəkqurdunun saxlanılmasının çətinlikləri nəzərə alınıb, qurdun saxlanma yerində 32-35 dərəcə temperatur olduqda belə bəzi kümçülər yay yemləməsini 22-ci gün başa çatdırıblar və baramasarıma mərhələsi başlanıb.
Mütəxəssislərin ilkin proqnozlarına görə, ikinci mərhələdə rayon üzrə paylanılan ipəkqurdundan 10 tondan çox məhsul istehsalı gözlənilir. Təhvilin ilk iki günündə 1 tondan çox barama tədarük edilib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Esmira Lətifova çıxış edərək, kümçüləri yay baramasının təhvilinə başlamaları münasibətilə təbrik edib və Azərbaycanda baramaçılıq sahəsində qarşıda duran vəzifələrdən danışıb.
Çıxış edən kümçülər baramaçılığın ­inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, onlar üçün yaradılan şəraitdən razılıq edib, bütün bunlara görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

30 2019 14:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə