Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gədəbəy nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi...

Gədəbəydə 3 gün davam edən Milli Yaylaq festivalı başa çatdı. Sonuncu gün də əzəməti ilə yadda qaldı. Yenə də saysız-hesabsız qonaqlar, yenə də maraqlı proqramlar, səmimiyyət, diqqət... Aşıqlar deyişdi, “Yallı” gedildi, “Cəngi” sədaları dağlarda əks-səda verdi, qol qaldırıldı, tamaşalar, qədim xalq oyunları göstərildi, yaylaq yeməklərinin ­tamına ­baxıldı, sənət nümunələrinin satış-sərgisi təşkil olundu, çaparlar at qovdular... Sonda iştirakçıların paradı oldu, mükafatlar ­paylandı, konsert verildi. Bir sözlə, Milli Yaylaq Festivalı möhtəşəmliyi ilə tarixə düşdü.

Əslində, Gədəbəydə təşkil olunan və Azərbaycanda ilk dəfə keçirilən bu tədbirin əsas məqsədi xalqımızın zəngin və çoxəsrlik mədəni irsini nümayiş etdirmək, tanıtmaq, nadir tarixi abidələrini göstərmək, yaylaq və elat mədəniyyətinin necə qədim və özünəməxsus olmasını sübut etmək idi. Lakin, təbii ki, bu məqsədlərin ən mühümü Gədəbəyin turizm imkanlarını üzə çıxarmaq və dünyanın hər yerindən turistlərin axınına nail olmaq idi.
Ola bilər, kimsə etiraz edib, desin ki, axı Gədəbəyin turizm infrastrukturu lazımi səviyyədə deyil, xarici qonaqlar üçün hələlik lazımi şərait yoxdur, otellər, iaşə obyektləri çatışmır və sair. Suala birbaşa cavab vermək çətindir. Bəli, bu çatışmazlıqlar mövcuddur və onları danmaq da olmaz. Lakin Gədəbəy də dünənki Gədəbəy deyil axı. Rayon son illər çox inkişaf edib. Yeni yollar çəkilib, qazlaşma sürətlə aparılır və yaxın vaxtlarda Gədəbəyin ən ucqar kəndi də bu vacib yanacaq növü ilə təmin olunacaq. Körpülər, müxtəlif sosial obyektlər, o cümlədən, hər cür şəraiti olan istirahət mərkəzləri son illərin tikililəri sırasındadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bölgəyə xüsusi diqqət və qayğı göstərir. Ölkə başçısının təkcə son illərdə 4 dəfə bu ucqar dağ rayonuna gəlməsi, bir sıra obyektlərin təməlqoyma, açılış mərasimlərində iştirak etməsi, problemlərlə yaxından tanış olması, onların operativ həlli üçün göstəriş verməsi, maliyyə vəsaitlərinin ayrılması onu göstərir ki, Gədəbəyin potensialı qiymətləndirilir və turizmin inkişafı üçün daha geniş imkanlar yaradılır. Təbii ki, rayonun beynəlxalq turizm məkanına çevrilməsi üçün hələ çox iş görmək ­lazımdır. 
Festival günlərində rayondakı otellərin, istirahət evlərinin hamısı dolmuşdu. Qonaqların bir çoxu evlərdə, ətraf rayonlarda, Gəncədə gecəməli olurdular. Amma heç kim güley- güzar etmirdi. Hamı başa düşürdü ki, dünyanın 16 ölkəsindən, Azərbaycanın az qala hər yerindən Gədəbəyə axışan 35 min nəfərə yaxın qonağı qarşılamaq, diqqət göstərmək, yola salmaq ağır bir işdir. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral festivalın açılışı zamanı üzünü rayon icra hakimiyyətinin başçısına tutaraq bilirsiniz nə dedi? Dedi ki, “Sizin keçirdiyiniz bu festival bütün türk dünyasına örnək olası bir tədbirdir”. Əslində, Gədəbəyin tarixində heç zaman belə əks-səda doğuran, möhtəşəm tədbir olmayıb. Təsəvvür edin, biz festivalın ilk günü tədbirin təşkil edildiyi yerə çatmaq üçün 3 saata yaxın vaxt itirdik. Maşın karvanının uzunluğu 3-4 kilometrə çatırdı. Bu karvanın arxasınca sonadək getsəydik, yəqin ki, tədbirin açılışına çatası deyildik. Yaxşı ki, yerli bir sakin maşınımıza əyləşdi və “Gəlin sizi kəsə yolla aparım” deyib dərə-təpə yollarla bizim həmin məkana çatmağımıza yardımçı oldu. Bunları deməkdə məqsədimiz odur ki, bu tədbirdə çox böyük təşkilatçılıq nümayiş etdirən rayon icra hakimiyyəti Gədəbəyin tanınması, turizmin inkişafı üçün gözləmə mövqeyində dayanmır. Məsələn, adi bir fakt göstərim. Rayondakı tarixi abidələrdən ən məşhuru sayılan “Koroğlu” qalasına hər adam çıxa bilmirdi. Bu yaxınlarda icra hakimiyyəti yerli imkanlar hesabına bura pilləkənli uzun bir yol çəkdirib. İndi həm qalxmaq asandır, həm də turistlərin sayı artıb, adamlar hədsiz razılıq edirlər.
Qeyd edək ki, Gədəbəydə 109 qorunan tarixi abidə, 26 adda müxtəlif mineral su çıxan bulaqları var. Yeri gəlmişkən, qeyd etmək istəyirik ki, turizmin inkişafında bütün nazirliklər, o cümlədən Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfarı Nazirliyi Gədəbəyə yaxından kömək göstərməlidirlər. Doğrudur, adlarını çəkdiyimiz qurumlar, eləcə də Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyası Milli Yaylaq Festivalına rəsmi dəstək göstərənlər sırasında idilər. Lakin bu iş davamlı və səmərəli olmalı, rayon icra hakimiyyəti ilə işgüzar münasibətlər qurulmalıdır. Məsələn, rayon icra hakimiyyəti Siemens qardaşlarının burada inşa etdirdikləri 28 kilometrlik dəmir yolu xəttini, körpüləri bərba etdirmək niyyətindədir. Bildiyiniz kimi, Siemens qardaşları Gədəbəydə parlaq iz buraxıblar. XIX əsrin ortalarında Azərbaycanın bu bölgəsində mis yataqları tapılandan sonra bir canlanma yaşanıb. 1855 – 1856-cı illərdə yerli sahibkarlar Gədəbəydə zavod tikiblər. 1865-ci ildə alman sahibkar Fon Siemens bu zavodu satın alıb. Adi yolların əlverişsizliyini görən “Siemens” şirkəti Cənubi Qafqazda ilk dəfə uzunluğu 28 kilometr olan və Gədəbəyi Qalakəndlə birləşdirən dəmiryolu çəkdirib. Dörd lokomotiv və 33 vaqonun hərəkət etdiyi dəmir yoluna əlavə kimi daş körpülər salınıb. Relyefə uyğun olaraq, körpülərin sayı artıb. Kiçik bir ərazidə körpü sayı 7-yə çatıb. Onlardan bəziləri günümüzədək gəlib çatmış, bəziləri isə dağılmışdır. Hazırda salamat qalan körpülər tarixi abidə kimi qorunur.
Siemens qardaşlarının Gədəbəydə yaratdıqları ilə yaxından, yerində tanış olmaq üçün təkcə Almaniyadan hər il on minlərlə turistin səyahətini, istirahətini təşkil etmək mümkündür. Almanlar özlərinin tarixi şəxsiyyətlərinə, iş adamlarına hörmətlə yanaşan, dünyanın hər yerində onların tikib yaratdıqları fabrik və zavodlar, qurduqları şirkətlər, müxtəlif sosial obyektlərlə tanış olmağa, qürur hissi keçirməyə meyilli xalqdır. Elə isə niyə bunlardan yararlanmayaq?! Amma bir daha qeyd etmək istəyirik ki, bütün bunlar birlikdə həll olunanda, dəstək, kömək göstəriləndə onun səmərəsini daha tez görmək mümkündür.
...Qeyd etdiyimiz kimi, Azərbaycanda ilk dəfə keçirilən Milli Yaylaq Festivalı Gədəbəy Rayon İcra Hakimiyyəti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi(TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı ilə təşkil edilmişdi. Təşkilatçılar çox böyük zəhmət çəkmişdilər. Qonaqların qarşılanması, yola salınması, müxtəlif müsabiqələrin, yarışların, şouların, konsertlərin, rəqslərin, səhnəciklərin, sərgilərin və digər saysız-hesabsız tədbirlərin təşkili bir yana qalsın, təxminən 10 hektarlıq bir sahədə qısa müddətdə nələr yaradılmamışdı?! “Düzyurd-Miskinli yaylağı” deyilən yerdə, nadir konsepsiya əsasında minlərlə iştirakçı-turist üçün etno-qəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar) salınmışdı. “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi” “Dədə Qorqud ocağı” (tamaşalar üçün səhnə), “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi və digər yerlər, səhnələr, istirahət guşələri, körpülər yaradılmışdı, yollar çəkilmişdi...
Cəmi iki-üç ay ərzində bütün bunları həyata keçirmək çox ağır bir işdir. Lakin təşkilatçıların məsuliyyəti, yurd, Vətən, Azərbaycan sevgisi o qədər güclü olmuşdu ki, bu işləri yüksək səviyyədə görə bilmişdilər. Möhtəşəm bir tədbirə hazırlaşdıqları üçün 3 aya yaxın idi ki, Gədəbəyə getmirdim. Düşünürdüm ki, bu günlər rayonda məsul işçilərə mane olmamaq, vaxt almamaq daha məqsədəuyğundur. Festivalın açılışı günü onların əksəriyyətinin sifətinin mis rənginə çaldığının şahidi oldum. Öyrəndim ki, nəinki bütün günü Günəşin altında, hətta çox hallarda gecəni ərazidə keçiriblər. 
Təşkilatçılardan biri, bu işlərdə böyük zəhməti olan, əsl vətənpərvərlik nümunəsi göstərən, “Cavadxan” fondunun vitse-prezidenti Müzadil Həsənovun əməyini qeyd etməmək insafsızlıq olardı. O neçə müddətdir bütün qüvvə, bacarığını, enerjisini sərf edirdi ki, tədbirdən üzüağ çıxsınlar. Ətraf şəhər və rayonların, Gəncə Dövlət Dram Teatrının, “Göy göl” Dövlət Filarmoniyasının, iş adamlarının, ayrı-ayrı şirkətlərin köməyi, dəstəyi göz qabağında idi.
Təbii ki, nə qədər kömək, dəstək göstərilsə də əsas ağırlıq, məsuliyyət rayon icra hakimiyyətinin, onun ayrı-ayrı strukturlarının üzərinə düşmüşdür. Bu arada rayon polis şöbəsinin həmin günlər necə operativlik, mütəşəkkillik, sayıqlıq göstərdiyinin, adamlara xoş, mədəni rəftarının şahidi olduq. Və təbii ki, rayonda çalışdığı on bir ay ərzində özünün maraqlı ideyaları, təklifləri ilə çıxış edən, onları həyata keçirən rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayevin yüksək təşkilatçılıq qabiliyyətini qeyd etməmək mümkün deyil. Fikir verirdim, festivalın açılış günü icra hakimiyyətinin başçısından daha çox həyacanlanan kimsə yox idi...
İndi həyəcan da, yuxusuz gecələr də arxada qalıb. Yadda qalan isə füsunkar Gədəbəy olub. O Gədəbəy ki, az qala bütün dünyaya səs saldı. Bizə də elə bu lazım idi...

 

Hamlet Qasımov, 
“Xalq qəzeti”nin bölgə müxbiri

 

30 2019 14:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə