Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Könüllülər “EYOF Bakı 2019”-un təşkilində yüksək fəallıq göstərdilər

XV Avropa Gəncləri Yay Olimpiya Festivalı uğurla başa çatdı. Yarışın mütəşəkkil keçirilməsi üçün yaradılan əlverişli şərait həm idmançıların, həm də təşkilatçıların ürəyincədir. Təşkilatçılara yaxından kömək edən könüllülər də üzərlərinə düşən vəzifənin öhdəsindən məharətlə gəldilər. Festivalın yüksək səviyyədə başa çatmasına gəlincə, bu barədə Avropa Olimpiya Komitələrinin prezidenti Yanes ­Kosyançiçin dediklərini xatırlatmaq yerinə düşərdi.

Onun dediyinə görə, Avropa Olimpiya Komitəsinin nümayəndələrinin Bakıya, Odlar yurdunun küləklər şəhərinə gəlməsi, elə öz evlərinə gəlmək deməkdir: “Dörd il öncə, biz sizin əvəzolunmaz köməyinizlə ilk Avropa Oyunlarını təşkil etdik. Həmin Oyunlar möhtəşəm hadisə oldu və Belarusda, Minskdə ikinci Oyunlar keçirildikdən, həmçinin Polşanın Malopolska bölgəsinin Krakov şəhərində üçüncü Oyunların təşkil olunması haqqında qəbul edilmiş qərardan sonra fəxrlə deyə bilərik ki, biz birlikdə yeni ənənəni başladıq. Biz yeni Avropa Olimpiya irsinin təməlini qoyduq. Bu təməl Azərbaycandan başladı”.
Y.Kosyançiç festivala qatılmış könüllülərə böyük ümid bəslədiyini də bildirdi: “Sizin təşkilatçılıq bacarığınıza və bu sahəyə bağlılığınıza bizim heç bir şübhəmiz yoxdur. Sizin qətiyyətiniz, işinizin keyfiyyəti, könüllülərinizin mehribanlığı bizə məlumdur. Biz bilirik ki, ölkənizin ən yaxşı sərmayəsi onun gənclərinə qoyulan sərmayədir “.
Hər beynəlxalq yarışlarda olduğu kimi, burada da könüllülər fəaliyyət göstərdilər. Budəfəki yarışlara 3500 könüllü cəlb edilmişdi. Ümumiyyətlə, Azərbaycanda könüllülük proqramı 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi kimi fəaliyyətə başlayıb. Bu proqram daha fəal şəkildə “Eurovision 2012” musiqi yarışmasından sonraya təsadüf edir. Qeyd edək ki, “Eurovision 2012” musiqi yarışmasında könüllü olmaq üçün 1019 nəfər gənc müraciət etmiş və bunlardan 418-i seçilmişdir.
2015-ci ildə Azərbaycanda ilk dəfə Avropa Oyunları keçirilən zaman “Baku 2015” adı altında keçirilən oyunların təşkili üçün 15 000 könüllü səfərbər olunmuşdu.
2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında açılış və bağlanış mərasimlərində iştirak üçün 4 min 400 könüllü qeydiyyatdan keçmişdi. Oyunların əməliyyat könüllülərinin sayı isə 8 min nəfər olub. Ümumilikdə, “Bakı 2017”də 12 min 500-ə yaxın könüllü iştirak edib. 
Dünyanın müxtəlif ölkələrindən gəlmiş könüllülər festivalın yüksək səviyyədə keçirilməsi üçün təşkilatçılara yaxından kömək etdilər. Onlardan biri də Çindən gəlmiş könüllülər idi. Çinli könüllülər “EYOF Bakı 2019” XV Avropa Yay Gənclər Olimpiya Festivalının uğurla keçirilməsində təşkilatçılara fəal kömək etdilər. Qızlar arasında basketbol üzrə oyunlarda festivalın təşkilatçılarına kömək edən çinli könüllü Şinci Yanqın fikirləri də bunu təsdiqləyir: “Bu, Bakıya ilk gəlişimdir və paytaxtınız çox xoşuma gəldi. Bakı çox gözəl şəhərdir və burada insanlar olduqca mehribandırlar. Bakıya gəlişimdən peşman deyiləm, əksinə, çox sevinirəm. İlk növbədə, ona görə ki, belə bir mötəbər yarışın yüksək səviyyədə keçirilməsində az da olsa, bizim də əməyimiz var. Digər tərəfdən sevinirəm ki, Azərbaycan kimi inkişaf etmiş müstəqil, sabit bir dövləti daha yaxından tanıdım. Bundan sonra da ölkənizdə keçirilən hər hansı bir mötəbər idman yarışında könüllü kimi böyük həvəslə fəaliyyət göstərməyə hazıram”.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

30 2019 14:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə