Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qızıl medalımı Bakı küləyi ilə mübarizədə qazandım”

Dünən Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) başa çatdı. İyulun 12-dən bu günədək Bakı dünyanın diqqət mərkəzində idi. Tədbirdə iştirak etmək üçün 50-dən 3600-dən çox idmançı Azərbaycan paytaxtında yarışlara qatılmışdı. Eyni zamanda, minlərlə turist və azarkeş Bakıda yarışları izləyirdi.

Bu beynəlxalq idman tədbirində iştirak edən atletlərdən bəzilərinin festivalla və Azərbaycanla bağlı təəssüratlarını öyrənməyə çalışdıq. Ukraynalı idmançı Mariya Horielova bildirdi:
– Azərbaycana gəlməzdən əvvəl ölkəniz haqqında kifayət qədər məlumatlı idim. Hara gəldiyimi, burda özümü necə hiss edəcəyimi əvvəlcədən müəyyənləşdirmişdim. Bilirdim ki, Azərbaycan müstəqillik illərində böyük qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edir, bəşəriyyəti narahat edən ən mühüm problemlər Bakıda müzakirə edilir. Azərbaycan həm də vətənim Ukraynanın etibarlı dostudur. 
Bundan əlavə, Azərbaycanın geniş idman infrastrukturuna malik idman ölkəsi olduğunu da bilirdim. Burada dəfələrlə beynəlxalq idman tədbirləri uğurla keçirilib. Bütün bunları nəzərə alaraq Bakıya çox ürəklə, böyük inam hissi ilə gəldim. Amma, görünür, Bakının küləklər şəhəri olduğunu unutmuşdum. Bunu şəhər mənə məhz yarışa qatıldığım gün xatırlatdı. Uzunluğa tullanma üzrə yarış zamanı qaçış zolağına çıxanda gördüm ki, güclü külək əsir və bu, mənə ciddi maneə törədəcək. Külək birbaşa qarşı tərəfdən mənə sarı əsir, çətin vəziyyət yaradırdı.  
Açığını deyim ki, Bakıya qızıl medal üçün gəlmişdim, ikinci, üçüncü yerlər haqqında düşünmürdüm. Buna görə də bütün gücümü topladım. Komanda yoldaşlarımın dəstəyi də mənə ürək-dirək verdi və müsbət nəticə alındı: Olimpiya Festivalının atletika yarışlarının qızlar arasında uzunluğa tullanma üzrə qızıl medal mükafatçısı oldum. 
Beləliklə, ömrümdə ilk dəfə kürsüyə qalxdım. Təltifetmə mərasimində Ukrayna himni səslənəndə xoşbəxtlikdən az qala ürəyim dayanacaqdı. Göz yaşlarımı saxlaya bilmirdim. Bütün bunlara görə Azərbaycana, festivalı çox yüksək səviyyədə təşkil etmiş insanların hamısına minnətdaram. 

 

Söhbəti yazdı:
Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

 

30 2019 14:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə