Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Yaylaq Festivalı tarıxi yaddaşımıza yazıldı

Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə ilk dəfə olaraq Gədəbəy rayonunda keçirilən Milli Yaylaq Festivalı dünyaya səs saldı. Festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və digər dövlət qurumlarının tərəfdaşlığı ilə baş tutdu. Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd–Miskinli yaylağında, unikal konsepsiya əsasında keçirilən Milli Yaylaq Festivalında tərəfdaş qurumların rəhbər şəxsləri, dövlət və hökumət rəsmiləri, səfirlər, 16 ölkədən nümayəndələr, o cümlədən Dünya Entospor Konfederasiyasının sədri Bilal Ərdoğan, eləcə də yerli və xarici turistlər iştirak etdilər. Tibb üzrə fəlsəfə doktoru,  “Sağlamlığın qorunması” İctimai Birliyinin sədri, oftalmoloq Yazgül Abdıyeva ilk gündən festivalda iştirak edib. Onun bu əsrarəngiz tədbirlə bağlı təəssüratını sizinlə bölüşmək istədik:

--Doğma yurdum gözümdə bu dəfə bir başqa görünürdü. Miskinli yaylağında orijinal üslubda salınan “Yaylaq yurdu” adlı etno-qəsəbədə yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, cıdır meydanı, yaylaq bazarı, sənətkarlıq guşəsi, “Dədə Qorqud” ocağı, yaylaq yatağı, pəhləvan meydanı, “Aşıq Ələsgər” ocağı, yaylaq süfrəsi və digər tematik sahələr göz oxşayırdı. Biz aşıqların deyişməsini, milli rəqsləri (yallılar, cəngilər), xalq mahnılarını, müxtəlif xalq səhnələri və tamaşalarını, qədim xalq oyunlarını (dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq–aşıq, molla mindi) böyük həvəslə canımıza hopdurduq. Respublikanın əməkdar artisti Nuriyyə Hüseynova öz məlahətli səsi ilə hamımıza mənəvi qida verdi. Aşıq Solmaz Kosayevanın özünün və sazının səsi dağlara yayıldı, əks-səda verdi. Ruhumuz təzələndi. Yaylaq kulinariya nümunələri (odun üzərində bişən xörəklər – dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və sair) gözümüzü-könlümüzü oxşadı.
    Tətbiqi sənət nümunələrinin nümayişi və satış–sərgisi turistlərin diqqətini daha çox çəkdi. Qoçların, qurdbasarların (çoban itlərinin) və yerli yorğa atların sərgi müsabiqəsi çox maraqlı keçdi. Yaylaq və spesifik kənd təsərrüfatı mallarının yarmarkası iştirakçıların xüsusi diqqətində oldu. Festivalın milli yaylaq (idman) oyunları şərti adı altında keçirilən hissəsində qədim kökə söykənən yorğa at yarışları (müxtəlif məsafə və kateqoriyalarda), milli güləş yarışı, çaparaq at yarışları, çoban güləşi (kəmər güləşi), nümunəvi çıxışlar, atüstü milli oyunlar böyük maraqla qarşılandı.
   Festivalın gedişində inək, qoyun-keçi otardılar, onları sağdılar, ot biçib taya düzəltdilər, nehrə çalxaladılar, milli xörəklər bişirdilər və dəyədə gecələdilər. Həmçinin bölgənin məşhur yerlərinə – Koroğlu qalası, Mahrasa məbədi, Qız qalası və digər məkanlara turlar, at gəzintiləri, “Alman izləri” adlı xüsusi ekskursiyalar təşkil olundu.
   Olduqca maraqlı bir festival oldu. Festival üçün Gədəbəy rayonunun da seçilməsi çox uğurlu idi. Çünki Gədəbəy, nəinki Azərbaycanın, hesab edirəm ki, dünyanın ən gözəl, ən füsunkar bölgələrindəndir. Gözəl, əsrarəngiz təbiətə malikdir. Ölkəmizin dilbər güşəsi olan Gədəbəy yeraltı və yerüstü təbii sərvətlərlə zəngindir. O cümlədən, qızıl, mis və s. yataqları ilə məşhurdur. Tarixdən də məlumdur ki, məşhur Simens qardaşları bu rayonda mis mədənlərinin istismarından külli miqdarda gəlir əldə etmişlər. Yəni, həm tarixilik, həm gözəllik, həm zənginlik baxımından festival üçün məhz Gədəbəyin seçilməsi çox uğurlu variantdır. Bu festival həm də ölkəmizin, onun adət-ənənələrinin, keçmişinin, zənginliyinin təbliği deməkdir. Burada olan insanlar, yaxından-uzaqdan gələnlər bir daha Azərbaycanın tarixi, keçmişi, ədət-ənənələri ilə tanışlıq imkan əldə etdilər. Bu, eyni zamanda turizmin inkişafı, ölkəmizə turist axının gücləndirilməsi üçün əlavə bir şans, imkandır. Ona görə bundan yararlanmalı, ölkəmizi təbliğ etməli, bu festivalın ənənəvi hal almasına çalışmalıyıq. Bütövlükdə, burada olduğum müddətdə unudulmayacaq  anlar yaşadım. Yerı gəlmişkən, deyim ki, qədimdə nənlərimiz süd məhsullarından nehrə çalxalayıb, təbii yağ və ayran hazırlayar, ayranı isə qaynadıb ya şor, ya da ağ parça torbalara töküb, yağsız süzmə edərdilər.Təbii qidalanma sağlam həyat tərzi üçün vacibdir. Indi isə geniş şəkildə palma tərkibli yağlar, fast- fud yeməklər, mayalı çörəklərdən istifadə edilir. Bu da mədə -bağırsaq xərcənginin yaranmasına səbəb olur.

 ...Çox möhtəşəm keçən bu festivalın təşkilində Gədəbəyin icra başçısı İbrahim Mustafayevin böyük təşkilatçılıq bacarığını qeyd etmək yerinə düşər. Rayonla yaxından əlaqəsi olan biri kimi deyə bilərəm ki, İ.Mustafayev Gədəbəydə bir sıra uğurlu layihələr həyata keçirməklə, sakinlərin dərin hörmətini qazanıb. Ona işlərinin davamlı və uğurlu olmasını arzulayırıq. Fəxr edirik ki, ilk dəfə Gədəbəydə keçirilən Milli Yaylaq Festivalı tarixi yaddaşımıza yazıldı. Növbəti belə festivalı Qarabağda , Şuşada keçirmək arzusuyla Gədəbəydən ayrıldıq.

 

Hazırladı:  Zərifə BƏŞİRQIZI,
                    “Xalq qəzeti”

30 2019 13:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə