Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu ilin ilk yarısında da sosial-iqtisadi sahələrdə mühüm uğurlar əldə olunub

Bu ilin ilk yarısında da sosial-iqtisadi sahələrdə mühüm uğurlar əldə olunub

Dünya birliyində özünün layiqli yeri olan, uzun illərdir ki, Cənubi Qafqazın lideri statusunu daşıyan Azərbaycanda bu ilin ilk yarısında da sosial-iqtisadi sahələrdə mühüm uğurlar əldə edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan məqsəd və hədəflərə doğru yeni, inamlı addımlar atılıb. Bunun nəticəsində respublikamızın beynəlxalq imici daha da yüksəlib, qlobal miqyaslı uğurlar qazanılıb, həyatın bütün sahələrində dinamik inkişaf davam edib. 
Dayanıqlı iqtisadi inkişaf düşünülmüş iqtisadi siyasətin, qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan islahatların, investisiya mühitinin əlverişliliyinin nəticəsində mümkün olub. Dövlətimizin başçısı bununla bağlı deyib: “Uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyat dayanıqlı surətdə inkişaf etsin, bir sektordan – neft-qaz sektorundan asılı olmasın. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi Azərbaycanın ümumi iqtisadi inkişafına  təsir etməmişdir. Budur, Azərbaycanın iqtisadi modelinin unikallığı və bu göstəricilər bizim seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir...”.
Azərbaycan Prezidentinin neft və qazdan asılılığın azaldılması məqsədilə son illərdə sənaye parkları və məhəllələrinin, aqroparkların, iri fermer təsərrüfatlarının yaradılması, müasir aqrotexniki texnologiyaların və ­elektron kənd təsərrüfatı sisteminin tətbiqi, özünüməşğulluq proqramının icrası, xarici ölkələrdə ticarət evlərinin açılması, sahibkarların bu prosesə yaxından cəlb olunmaları və s. tapşırıqları ilə bağlı müsbət nəticələr əldə edilib.
Bütün bunlar statistik göstəricilərdə də öz ifadəsini tapıb. Belə ki, cari ilin birinci yarısında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 37825,2 milyon manata çatıb, əhalinin hər nəfərinə düşən ÜDM isə 3828,1 manata bərabər olub.  
ÜDM istehsalının 44,6 faizi sənayenin payına düşüb. İqtisadiyyatın neft-qaz sektorunda istehsal olunan əlavə dəyər 1,3 faiz, qeyri neft-qaz sektorunda isə 3,2 faiz artıb.  
Hazırda “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na  uyğun olaraq reallaşdırılan tədbirlərin  nəticəsində ölkəmizdə ənənəvi sənaye sahələri getdikcə genişlənir, istehsal həcmi artır, yeni sənaye müəssisələri işə salınır, sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlir. Bütün bunlar isə  yeni iş yerlərinin açılmasına, işsizliyin səviyyəsinin aşağı düşməsinə  müsbət təsir göstərir. 
Bu sahədə dayanıqlı inkişaf statistik göstəricilərdə də öz ifadəsini tapıb. Belə ki, sənaye müəssisələri, eləcə də mövcud sektorda fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-iyun aylarında 23,6 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,7 faiz artıb.  
İqtisadi inkişafın dinamik xarakter almasında kapital qoyuluşu mühüm rol oynayır. Reallaşdırılan investisiya yeni istehsal və xidmət sahələrinin, iş yerlərinin açılmasını şərtləndirir. Nəticədə məhsul istehsalı artır, göstərilən xidmətlərin keyfiyyəti yaxşılaşır. 
Son illər ərzində respublikamızda xarici və daxili investisiyaların iqtisadiyyata cəlb edilməsi istiqamətində müxtəlif proqramlar həyata keçirilib. Məhz elə buna görə də Azərbaycan kapital qoyuluşunda nəinki MDB məkanında, hətta bir çox Şərqi Avropa ölkələrindən öndədir.
Fikrimizin təsdiqi olaraq statistik göstəricilərə diqqət yetirək. Belə ki, cari ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6131,6 milyon manat vəsait yönəldilib, sərf edilən vəsaitin 68,4 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Ümumi sərmayənin 63,8 faizi məhsul istehsalı sahələrinə, 26,6 faizi xidmət sahələrinə, 9,6 faizi isə ümumi sahəsi 1087,7 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsait isə ümumi sərmayənin 71,3 faizini təşkil edib.  
Bu gün respublikamızda görülən işləri təhlil edəndə neft gəlirləri əsasında yaradılan möhkəm maliyyə-iqtisadi baza hesabına ölkəmizin hər bir vətəndaşının rifahının yüksəldilməsi ilə bağlı müsbət dəyişikliklər aydın nəzərə çarpır. 

Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin istifadəyə verilməsi,  yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi həyata keçirilən tədbirlərin uğurlarından xəbər verir. Bu ilin yanvar-iyun aylarında Bakı şəhərində Pirallahı Sənaye Parkında şpris istehsalı zavodu, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Qobustan rayonunda “Azərxalça” ASC-nin Qobustan filialı, Qobustan-Poladlı avtomobil yolu, Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıt şəhərində “SOCAR karbamid”, Polietilen müəssisələri, Beyləqanda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında 1170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, 2 ambulatoriya-poliklinika müəssisəsi, Qobustan və Şəmkir rayonlarında 2 xəstəxana və s. mühüm əhəmiyyətli obyektlərin istifadəyə verilməsi bunun bariz ifadəsidir.  
Bu gün ölkəmizdə dinamik və uzunmüddətli iqtisadi tərəqqinin reallaşdırılması şəraitində əhalinin məşğulluq imkanlarının genişləndirilməsi də sosial-iqtisadi inkişaf siyasətinin başlıca hədəfləri sırasındadır. Elə buna görə də respublikada  əhalinin məşğulluğu ilə bağlı vəziyyət ildən-ilə yaxşılaşır. Təkcə III Dövlət Proqramının icrasını əhatə edən 1 yanvar 2014-cü ildən 1 oktyabr 2018-ci il tarixinədək ümumilikdə  913,6 min olmaqla 624,9 min daimi iş yeri yaradılıb.  
Ölkəmizdə dinamik və uzunmüddətli iqtisadi tərəqqinin reallaşdırılması şəraitində əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin başlıca hədəfləri sırasındadır. Dövlət başçısının 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilən “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” da bu hədəflərə doğru yeni mühüm addımların atılmasına və uğurların əldə olunmasına əlverişli imkan yaradır. Cari il iyunun 1-i vəziyyətinə  ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayının ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz artaraq 1590,7 min nəfər olması, onlardan 898  min nəfərinin iqtisadiyyatın dövlət sektorunda, 692,7 min nəfərinin isə qeyri-dövlət sektorunda fəaliyyət göstərməsi qeyd edilən fikrin bariz ifadəsidir.

 

V.BAYRAMOV, “Xalq qəzeti”  

 

29 2019 23:15 -
16 Avqust 2019 | 11:52
Kreditlə Neymar transferi

Köhnə versiyamızdan xəbərləri izlə