Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İncirlik hərbi bazası bağlana bilərmi?

1951-ci ildə inşasına başlanan İncirlik hərbi bazası, 1954-cü ilin dekabr ayında Türkiyə Silahlı Qüvvələrinin və Amerika Birləşmiş Şatatları Hərbi Hava Qüvvələrinin ortaq istifadəsinə verilmişdir.

İncirlik hərbi bazası Yaxın Şərqi hərbi nəzarətdə saxlamaq üçün ən əhəmiyyətli hərbi baza hesab edilir.

Rusiya iyul ayının 12-sindən S-400 sistemlərinin Türkiyəyə tədarükünə başladı. Gözlənildiyi kimi ABŞ, Türkiyəni F-35 proqramından çıxartdı. ABŞ tərəfinin əsas müzakirə mövzusu isə Türkiyəyə tətbiq edilə biləcək sanksiyalardır ki, hər gün mövzu ətrafında müzakirələr mübahisələr formasında davam edir, yeni açıqlamalar ortaya atılır. G-20 zirvə toplantısında Ərdoğanın Trampa: “Türkiyəyə sanksiyalar tətbiq edəcəyiniz təqdirdə NATO-dan çıxa biləcəkləri və İncirlik hərbi bazasını bağlayacağını söylədiyi iddia edildi.

Məsələyə real yanaşsaq görərik ki, İncirlik heç də ABŞ-ın yox, məhz NATO-nun Türkiyədə yerləşən hərbi strateji bazasıdır. İncirlik bazasının protokol qaydalarında bu öz təsdiqini tapır. Sadəcə olaraq ABŞ bir çox əməliyyatlarda bu bazdan daha geniş istifadə etdiyi üçün İncirlik ABŞ hərbi bazası olaraq qeyri rəsmi olaraq qəbul edilir.

Yuxarıda qeyd etdiyimiz kimi 1954-cü ildə istifadəyə verilən hərbi baza 1955-ci ildə Adana Hərbi Hava Bazası adı ilə Türkiyə və ABŞ silahlı qüvvələrinin xidmətinə verildi. Türkiyənin NATO-ya üzv olmaq uğurunda mübarizə apardığı bir dövrdə qurulan İncirlik bazası, Birləşmiş Millətlər və NATO nizamnamələrinə uyğun şəkildə, ABŞ ordusunun xidmətinə verilmiş, Türk Silahlı Qüvvələrinə aid bir hərbi hava bazasıdır. Hazırda ABŞ ordusunun istifadəsində olan ən böyük on üç hərbi bazadan biridir.

Bazanın əsas ana qaydalarını hüquqi olaraq təsdiq edən sənəd Türkiyə-ABŞ arasında 29 mart 1980-ci ildə imzalanmış SEİA müqaviləsidir. İncirlik də daxil, müqavilədə adları keçən bir çox bazalar, ABŞ ordusunun xidmətinə yalnız NATO-nun təsbit etdiyi qaydalar çərçivəsində, NATO-nun strateji müdafiə planlarını həyata keçirtmək məqsədilə verildi.

Müqaviləyə əsasən ABŞ, Türkiyənin İncirlik bazasındakı bütün haqqlarını tanıyır, NATO əməliyyatları xaric digər əməliyyatlar zamanı bazada hər hansı bir təyyarələr yerləşdirməmək öhdəliyini də üzərinə alır.

Soyuq Müharibə dövründə İncirlik hərbi bazası Sovet İttifaqına qarşı, ABŞ Strateji Hava Komandanlığının ağır və orta borbardman təyyarələri üçün lazım olan vəzifələri yerinə yetirdi. Sovet İttifaqını izləmək üçün hazırlanan U-2 hərbi kəşfiyyat təyyarəsi məhz o dövrdə İncirlik bazasında yerləşdirilmişdi. 1960-cı ilin may ayında U-2 cəsus təyyarəsinin Sovet İttifaqı tərəfindən zenit raket sistemi ilə vurulmasından sonra bu fəaliyyətə son verildi.

İncirlik bazası ABŞ tərəfinin icra etdiyi bəzi əməliyyatlarda çox vacib rol oynadığı arxiv sənədlərdə yer almaqdadır. 1958-ci ildə Livanda vətəndaş müharibəsi zamanı şəhərlərin və strateji obyektlərin bombalanmasında, 1970-ci il Qara Sentyabr hadisələri zamanı İordaniyaya silahların çatdırılmasında, 1967-1973-cü il Ərəb-İsrail müharibəsində təcili enişlərdə, İran İnqilabı zamanı ABŞ vətəndaşlarının ölkədən çıxarılmasında İncirlik hərbi bazasının böyük rolu olmuşdur.

Həmçinin Türkiyə, 2014-cü ildə İraq-Şam İslam Dövlətinə (İŞİD) qarşı başlanılan hava hücumlarında dəstək üçün 2015-ci ilin iyul ayında ABŞ ordusunun İncirlikdən isitifadəsi üçün icazə vermişdi.

Qeyd edildiyi kimi İncirlik ABŞ-ın deyil, NATO alyansının hərbi hava bazasıdır.

Bazanın ABŞ ordusu tərəfindən geniş istifadə edilməsi, əlində olan geniş imtiyazlar və Türkiyə tərəfinin məhdud nəzarəti,  mətbuatda da bu haqqda geniş fikirlərin yer alması bu bazanın məhz ABŞ hərbi bazası olaraq adlanmasına səbəb olur. 1975-ci ildə Türkiyə tərəfi öz ölkəsində bütün ABŞ hərbi bazalarını bağlasa da? İncirlik bu məsələdən kənarda qaldı və bağlanmadı.

Hazırda S-400 sistemlərinə görə yaşanan Türkiyə-ABŞ gərginliyi 1974 Kipr Sülh Hərəkatıdan sonra da yaşanmış, Türkiyə, ABŞ-ın 1975-ci ilin fevralında Türkiyəyə qarşı hərbi yardımı kəsərək silah embarqosu tətbiq etməsinə cavab olaraq ABŞ bazaları ilə əlaqəli olan müqavilələrə təktərəfli olaraq xitam verdi. Həmin dövrdə ABŞ-a verilən notada:

“Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasında imzalanan 3 iyun 1969-cu il tarixli Müdafiə və Əməkdaşlıq, həmçinin bununla əlaqədar olan bütün müqavilələr hüquqi qüvvəsini itirmişdir. Bu vəziyyəti nəzərə alaraq Türkiyədə yerləşən bütün müdafiə təsislərinin fəaliyyəti, İncirlik birgə müdafiə təsisinin yalnız NATO xidməti fəaliyyəti qalmaqla, sabahdan, yəni 26 iyul 1975-ci il tarixindən dayandırılmışdır”.

İncirlik bazasının NATO fəaliyyətinə isə heç bir məhdudiyyət tətbiq edilməmişdir.

Bu ifadələrdən də görüldüyü kimi İncirlik bazası haqqında hər hansı qərarın verilməsi tək Türkiyə-ABŞ arasında olan bir məsələ deyil. Təbii ki, burada NATO üzvlüyü əsas götürülməli, üzvlük öhdəlikləri və vəzifələri nəzərə alınaraq müvafiq qərarlar verilməlidir.

ABŞ və Pentaqonun Türkiyəyə qarşı sanksiyaların tətbiqi məsələsində daha yumuşaq davranmasının əsas səbəbi də Türkiyənin Avrasiya Blokunda yer alma qorxusudur. S-400 sistemlərinin aktiv edilməməsi təklifləri bu fikirlərin necə real olduğuna bariz nümunədir.

Əlbəttə ki, Türkiyənin İncirlik bazasının bağlamaq tipli fikirləri, NATO-dan çıxmaq iddiaları NATO alyansını da narahat etməyə bilməz. Bu məqsədlə Fransanın SAMP-T zenit raket komplekslərinin Türkiyə ərazisində yerləşdirilməsi qərarını Avropa Birliyinin bir NATO krizinin yaranmasını istəmədiyi və Türkiyəni Qərb İttifaqında saxlamaq istədiklərinin arqumenti olaraq dəyərləndirə bilərik.

 

Elşən AĞALAR,
“Xalq qəzeti

 

 

 

29 2019 17:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə