Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tatarıstanın Xalq şairi Bakıya gəlir

   Milli Məclisin deputatı, professor Qənirə Paşayevanın dəvəti ilə Tatarıstanın Xalq şairi Razil Vəliyev ölkəmizə gəlir. “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB), Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) təşkilatçılığı ilə baş tutacaq səfər çərçivəsində Bakıda və Sumqayıtda maraqlı görüşlər nəzərdə tutulub.

    Qardaş Tatarıstanın Xalq şairi, Tatarıstan Dövlət Şurasının Komitə başqanı, Dövlət Mükafatı laureatı, görkəmli dövlət və ictimai xadim Razil Vəliyev və xanımı, onları müşayiət edəcək rəsmi şəxslər və Azərbaycan yazarlarının müşayiəti ilə Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını ziyarət edəcək, muzeylərə baş çəkəcək, şəhərin görməli yerləri ilə tanış olacaq. 
   Azərbaycan Yazıçılar Birliyinin Natavan Klubunda (31 iyul, saat 14.00) qardaş ölkənin Xalq şairinin bu il Bakıda çıxmış “Payız yağmurları” kitabının təqdimat mərasimi keçiriləcək. Təqdimatda Milli Məclisin deputatlarının, türkoloqların, şair və yazıçıların, QHT və KİV təmsilçilərinin iştirakı nəzərdə tutulub. 
  Avqustun 1-də (saat 14.00) isə “Payız yağmurları”nın Sumqayıt Poeziya Evində “İmza günü” keçiriləcək. 
    Qardaş ölkənin Xalq şairinin uyğunprofilli dövlət və qeyri-hökumət qurumlarında, o cümlədən Milli Məclisdə, AMEA Nizamı adına Ədəbiyyat İnstitutunda, Nizami adına Ədəbiyyat Muzeyində, Tatarıstan Respublikasının Azərbaycandakı Nümayəndəliyində də görüşləri gözlənilir.
    Qeyd edək ki, “Payız yağmurları”nın bu il ərzində Tatarıstanda da təqdimatı nəzərdə tutulub.
     Xatırladaq ki, “Payız yağmurları” Xalq şairi Razil Vəliyevin Azərbaycanda nəşr edilənn ilk kitabıdır. Kitabda şeirlər iki dildə (Azərbaycanca və Tatarca) verilib. Şeirləri (rusca və tatarcadan) dilimizə tanınmış şair-publisist  Həyat Şəmi çevirib.
   “XAN” nəşriyyatında gün üzü görən şeirlər kitabının layihə rəhbəri və baş redaktoru Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalıdır.
“Payız yağmurları”nın məsləhətçiləri Milli Məclisin deputatı, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov və Tatarıstanda yaşayan soydaşımız İsmət Orucəliyev, rəyçiləri isə Milli Məclisin deputatları Cavanşir Feyziyev və Qənirə Paşayevadır. 
    Kitaba “USTAD” dərgisinin təsisçisi Şəmil Sadiq ön söz yazıb. Kitab Azərbaycanın aparıcı kitabxanalarının, tatar ədəbiyyatı üzrə tədqiqat aparan elm adamlarının ixtiyarına verilməklə yanaşı, Azərbaycanda və Tatarıstanda ustadın iştirakı ilə keçirilməsi nəzərdə tutulan təqdimatlarda oxuculara paylanacaq.

 

Z.BƏŞİRQIZI,
 “Xalq qəzeti”

29 2019 14:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə