Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BANM və Heriot-Vatt Universiteti arasında əlaqələr genişlənir

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Böyük Britaniyanın Heriot-Vatt Universitetinin Mühəndislik və Fizika Elmləri Məktəbinin rəhbəri Stefan MakLaflin və Beynəlxalq inkişaf üzrə menecer Biata Kristal ilə görüşüb.

Bakı Ali Neft Məktəbindən aldığımız məlumtada bildirilir ki, görüşdə Heriot-Vatt Universiteti ilə ikitərəfli əməkdaşlıq əlaqələri, bakalavriat və magistratura pillələri üzrə tələbə hazırlığı, məzunlara ikili diplomların verilməsi, tədris prosesində yeni standartların tətbiqi kimi məsələlər müzakirə olunub.

Rektor Elmar Qasımov Heriot-Vatt Universiteti ilə əməkdaşlığın əhəmiyyətindən danışaraq bildirib ki, yarandığı gündən etibarən BANM qəbul göstəricilərinə görə lider mövqeyini qoruyub saxlayıb: “Azərbaycan ali təhsil müəssisələri içərisində məzunlarının hər biri enerji sektorunda nüfuzlu yerli və beynəlxalaq şirkətlərdə dərhal işlə təmin olunan yeganə ali məktəbdir. Hesab edirəm ki, bu həm də Heriot-Vatt Universitetinin nüfuzudur. Digər tərəfdən isə, bu gün SOCAR, Star, Petkim, BP, Halliburton, Schumberger, Maire Tecnimont və s. kimi irimiqyaslı müəssisələrdə çalışan Heriot-Vattın da məzunlarının sayı artır ki, bu bizim birlikdə səmərəli əməkdaşlığımızın nəticəsidir. Düşünürəm ki, Ali Məktəbimizin dayanıqlı, strateji gələcək inkişafına və yüksək təhsil standartına nail olmaq üçün birgə əməkdaşlığı genişləndirməliyik”.

Stefan MakLaflin təmsil etdiyi ali təhsil müəssisəsinin BANM ilə əməkdaşlığa böyük önəm verdiyini bildirərək qeyd edib ki, qısa müddət ərzində düzgün idarəetmə və tədris metodologiyası sayəsində uğurlar əldə edilib. O vurğulayıb ki, birgə əməkdaşlığın nəticəsi olaraq, bu gün Heriot-Vatt Universiteti Azərbaycanda tanınır: “Biz sizin ali məktəbin tədris sistemini bəyənirik. Magistratura təhsilinin axşam növbəsinə keçirilməsi, tələbələrə funksional labaratoriyalarda işləmək imkanın yaradılması, praktik mühitdə onlara nəzəri biliklər verilməsi metodologiyasını təqdir edirik. Eyni zamanda, təklif edirik ki, Bakı Ali Neft Məktəbinin seçilmiş tələbələri müəyyən müddət ərzində Heriot-Vatt Universitetində təhsil alsınlar”.

Heriot-Vatt Universitetinin nümayəndəsinin təklifi rektor Elmar Qasımov tərəfindən yüksək qiymətləndirilib və Bakı Ali Neft Məktəbinin hər il 2 tələbəsinin təqaüd yolu ilə 1 semestr sözügedən Universitetdə təhsil alması qərara alınıb.

Görüşdə, növbəti tədris illərində də bakalavriat və magistratura pillələri üzrə seçim imtahanlarında və təhsil müddətində yüksək nəticələr göstərən tələbələrə Bakı Ali Neft Məktəbi ilə yanaşı Heriot-Vatt Universitetinin diplomlarının verilməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, 2012-ci ildən “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı Heriot-Vatt Universitetinin ikili diplom proqramı əsasında aparılır.

Sonda qonaqlar BANM-in kampusu ilə tanış olub. Onlara Ali Məktəbin təlim-tədris otaqları, çoxfunksiyalı labaratoriyaları, kitabxanası, konfrans və idman zalları barədə ətraflı məlumat verilib.

                     

  Samirə Əliyeva,
“Xalq qəzeti”

 

 

29 2019 12:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə