Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Boymadərən bitkisinin müalicəvi xüsusiyyətləri

Boymadərən bitkisinin müalicəvi xüsusiyyətləri

Bu gün dünya alimlərinin daha dərindən və geniş bir şəkildə araşdırdığı bitkilərdən biri də boymadərəndir. Onun təsir sferası o qədər genişdir ki, aparılan araşdırmalar yeni-yeni təsiredici maddələrin aşkar olunması və boymadərənin tətbiq sahəsinin genişlənməsi ilə nəticələnir.

Avropada, Amerikada və eyni zamanda Azərbaycanda geniş yayılmışdır. Əsasən bağ, bostan sahələrinin ətraflarında daha çox bitir. Azərbaycanda ağ və sarı boymadərən növlərinə daha çox rast gəlinsə də, tibdə ağ boymadərən tətbiq olunur.

Boymadərən otunun tərkibində efirli birləşmələr, xüsusən də azulen, sineol, limonen, borneol, xamazulen daha çoxdur. Bunların sayəsində bitki bakterisid və iltihab əleyhinə təsir göstərir.

Qadın xəstəliklərində--  10%-li sulu dəmləməsi daxilə qəbul olunur. Menopauza dövründəki sıxıntıları aradan götürmək üçün dəmləməsi istifadə olunur. Qadın cinsiyyət sistemi ilə bağlı bütün iltihabi xəstəliklərdə dəmləməsi tətbiq edilir.

Dəri xəstəliklərində-- boymadərənin tərkibindəki acı maddələr dəridə parazitlik edən mikroorqanizmlərə qarşı öldürücü təsir göstərir. 50 qram boymadərən 500 ml litr suda dəmlənir və ilıq şəkildə tənziflə bütün bədənə sürtülür. Yaxud 200 qram bitki 3 litr suda dəmlənir, hamam vannasına doldurulmuş isti suya əlavə edilir və 20 dəqiqə vanna qəbul edilir. Belə prosedur dəridə olan parazitləri məhv edir, pis qoxuları aradan qaldırır və dərini təravətləndirir.

Qida borusu iltihabında-- qastrit, kolit, qeyri-spesifik bağırsaq xorası kimi xəstəliklərdə boymadərən çayının qəbulu iltihab əleyhinə vasitə kimi əla nəticələr verir. Xəstələri uzun sürən hormonal müalicədən uzaq tutmaq üçün çox effektiv, həm də yan təsirləri olmayan bir vasitədir. Qeyri-spesifik bağırsaq xoralarında bir hissə boymadərən, bir hissə gülümbahar, bir hissə quşəppəyi bitkilərinin qarışığından hazırlanmış çay daha yaxşı nəticə verir. Tərkibi efirlərlə zəngin olduğundan çox təsirli yelqovucu və köp əleyhinə vasitə hesab olunur.

Qurd xəstəliklərində - boymadərənin 10%-li dəmləməsi qurdqovucu kimi içilir. Bu məqsədlə bir həftə gündə üç dəfə yeməkdən əvvəl bir stəkan dəmləmə içilir.

Bronxitdə - 200 qram boymadərən otu üyüdülərək toz halına salınır, üzərinə yarım kiloqram bal əlavə olunub məcun hazırlanır. Bu məcundan gündə 3 dəfə, 1 çay qaşığı yeməkdən əvvəl yeyilir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

23 2019 15:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə