Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əbülfəs Qarayev: Mədəni zənginliyimizin tanınmasında kütləvi informasiya vasitələrinin rolu danılmazdır

Əbülfəs Qarayev: Mədəni zənginliyimizin tanınmasında kütləvi informasiya vasitələrinin rolu danılmazdır

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev 22 iyul – Milli Mətbuat Günü münasibətilə ölkəmizin jurnalist ictimaiyyətini təbrik edib.

Təbrikdə bildirilir ki, bu il 144 yaşını qeyd edən milli mətbuatımız zəngin və şərəfli inkişaf yolu keçib. 1875-ci ildə görkəmli maarifpərvər və mütəfəkkir Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başlanan bu yol sonrakı dövrlərdə vətənsevər ziyalılarımızın ərsəyə gətirdiyi digər mətbu nümunələrimiz tərəfindən davam etdirilərək xalqımızın milli oyanışında, XX əsrin əvvəllərində istiqlal arzularının gerçəkləşməsində dərin iz qoyub.

Azərbaycan mətbuatı tarixinin sonrakı mərhələlərində, eləcə də sovet dövrünün məlum ideoloji çərçivələrində belə özünün başlıca missiyasını yerinə yetirərək maarifçi düşüncənin genişlənməsinə, xalqımızın milli-mədəni inkişafına öz töhfələrini verib. Mətbuatımızın müstəqillik dövründə fəaliyyəti xüsusilə zəngindir və ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli həmrəyliyin möhkəmləndirilməsində, mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələri mühüm rol oynayır.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə, ölkənin çətin vəziyyətində hakimiyyətə qayıdışı ilə, cəmiyyət həyatının digər sahələri kimi, Azərbaycan mətbuatının da yeni inkişaf dövrü başlandı. Mövcud mətbu orqanların maddi-texniki bazası gücləndirildi, yeni qəzetlər, jurnallar, televiziya və radiolar yarandı. Ulu öndərin təşəbbüsü ilə mətbuatın üzərindən senzuranın götürülməsi isə azad sözün, fikir plüralizminin üfüqlərini genişləndirdi.

Təbrikdə vurğulanır ki, bu gün Prezident İlham Əliyev tərəfindən ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına hər cür şərait yaradılır. Mətbu orqanların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də böyük işlər görülür. Bütün bunlar Azərbaycan dövlətinin, şəxsən möhtərəm Prezident İlham Əliyevin mətbuatımıza göstərdiyi yüksək diqqət və qayğının gerçək ifadəsidir.

“Məmnunluqla qeyd edə bilərəm ki, Mədəniyyət Nazirliyi ilə mətbuat qurumlarının fəal əməkdaşlığı sayəsində mədəni irsimiz, incəsənətimiz geniş təbliğ edilir. Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında, mədəni zənginliyimizin tanınmasında kütləvi informasiya vasitələrinin rolu danılmazdır. Bundan sonra da nazirlik olaraq bu istiqamətdə səylərimizi davam etdirərək mətbuat orqanları ilə yaxından əməkdaşlıq edəcəyik”, – deyə təbrikdə qeyd olunur.

 

“Xalq qəzeti”

22 2019 12:49 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə