Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniyada Azərbaycan kamera orkestri yaradılıb

Almaniyada Azərbaycan kamera orkestri yaradılıb

Ölkəmizin Almaniyadakı fəxri konsulu Otto Hauzerin media nümayəndələri ilə görüşü keçirilib.

Diasporla Iş üzrə Dövlət Komitəsindən aldığımız məlumatda deyilir ki,  Otto Hauzerin təşəbbüsülə Almaniyadakı azərbaycanlı musiqiçilərdən ibarət kamera orkestri fəaliyyətə başlayıb. Bu təşəbbüsün Heydər Əliyev Fondu tərəfindən də bəyənildiyini vurğulayan fəxri konsul Azərbaycanın hərtərəfli dəstəyindən məmnun qaldığını söyləyib.

Fəxri konsulun fikrincə, musiqi Almaniya və Azərbaycan arasında gözəl, zərif, eyni zamanda möhtəşəm diplomatiya növüdür. Belə bir orkestrin formalaşması Almaniyada diasporumuzun fəaliyyətinin daha da güclənməsinə öz müsbət təsirini göstərəcək.

Otto Hauzer qeyd edib ki, skripkaçı və konsertmeyster Fəridə Rüstəmova (görkəmli bəstəkar Səid Rüstəmovun nəvəsi) ilə birlikdə 14 musiqiçini bir kamera orkestrində birləşdirməyə müvəffəq olub. İlk məşqlər musiqiçilər arasında böyük harmoniyanın olduğunu göstərib. Orkestrin repertuarı Vivaldidən tutmuş Azərbaycan kompozisiyalarına qədər geniş müstəvini əhatə edir. Məqsəd – gələcəkdə Almaniyada yaşayan sponsorların dəstəyilə müstəqil konsertlər təşkil etməkdir. Bundan başqa, orkestrin səfirlik və fəxri konsulluğun rəsmi tədbirlərində iştirakı da nəzərdə tutulub.

Diaspor Komitəsi və Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev layihəni ilk dövrdən dəstəkləyib. Komitə rəhbərliyi hesab edir ki, azərbaycanlıların milli ruhda yaşaması və Almaniya vətəndaşları arasında çoxsaylı dostlar qazanması üçün musiqi yaxşı vasitədir.

Qeyd edək ki, kamera orkestrinin tərkibinə Fəridə Rüstəmova (skripka), Ferhat Mehmet (skripka), Həsən Abasquliyev (skripka), Arzu Məmmədova (skripka), Elgün Ağazadə (skripka), İris İcellioğlu (alt), Nəriman Əkbərov (violonçel), Zeynep Akdil (violonçel), Tair Turqanov (kontrabas), Timur Osmanov (fleyta), Meltem Kandəmir (alt), Feliks Knarozovski (faqot), Fərəc Əkbərov (klarnet) kimi professional müsiqiçilər daxildir.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

22 2019 12:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə