Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Virusunun yaratdığı “altıncı xəstəlik”

Virusunun yaratdığı “altıncı xəstəlik”

Uşaqlar arasında yayılan virus xəstəliklərindən biri də "Roseola infantum" adlanan, herpes virusunun ("Herpes virus tip 6") səbəb olduğu problemdir. "Altıncı xəstəlik" adlandırılan bu problem tənəffüs yolu ilə yoluxur.  Adətən 6 ay ilə 4 yaş arasında olan uşaqlarda, xüsusilə də, yaz və yay aylarında müşahidə olunur: "Bu xəstəliyin spesifik xüsusiyyəti ondan ibarətdir ki, burada adətən 3 gün 39-40 dərəcələrdə müşahidə olunan yüksək hərarətdən sonra uşaqda bütün bədənə yayılan səpkilər əmələ gəlir. Səpkilər adətən gövdədən başlayır və ətraflara yayılır və iz buraxmadan zamanla yox olub gedir. Bu xəstəliyin ağırlaşması ilk günlərdə müşahidə olunan yüksək hərarətə bağlı yarana biləcək qıcolmadır. Bu olmasın deyə, uşağı nəzarətdə saxlamaq lazımdır. Bütün virus xəstəliklərində olduğu kimi bu xəstəliyin də köklü, əsaslı müalicəsi yoxdur. Burada ancaq simptomatik müalicədən söz gedə bilər. Bu da xəstəlik zamanı əmələ gəlmiş əlamətləri azaltmağa yönəlmiş dərman müalicəsi qızdırma salıcı metodlar ola bilər. Bu xəstəliyin müalicə metodu bütün dünyada belədir ".

Pediatrlara görə, dünyanın heç bir yerində virus infeksiyasının müalicəsi yoxdur (nadir, özəl durumlar xaric). Müalicə ancaq və ancaq hərarət və s. kimi simptomları azaltmaq üçün verilə bilər: "Xəstənin hərarəti 40 dərəcə olsa da, boğazı şişsə də, bütün bədəni səpsə də, qussa və ya qarnı getsə də, yenə də ona ağır müalicə təyin olunmaz. Bu kimi hallarda xüsusilə antibiotiklər qətiyyən istifadə edilməz. Belə ki, heç bir antibiotik virusu öldürmə gücünə sahib deyildir. Bu hallarda ancaq simptomatik yüngül müalicələr (o da şikayətləri çox olarsa) verilməli və zamanla virusun öz-özünə bədəndən çıxması gözlənilməlidir. Virus xəstəliyinin özünün sağalma müddəti vardır. Biz nə etsək də, bu müddəti gözləməliyik. Necə deyərlər, qripi (bu da bir virus xəstəliyidir) müalicə etməsəniz 7 günə, müalicə etsəniz 1 həftəyə sağalar. Yəni siz nə etsəniz də nəticə dəyişməyəcək".

Bəzən 3 gün gözlədikdən sonra hərarət düşməzsə, uşağa antibiotik verilir: "Burada məqsəd virus xəstəliyinin üzərinə sonradan əlavə olunmuş mikrobları öldürməkdir. Antibiotik viruslar üçün deyil, bakteriyalar üçün verilir. Sonradan mikrobun əmələ gəlməməsi üçün həkimin əvvəlcədən antibiotik verməsi tibbi olaraq qətiyyən doğru deyildir. Çünki antibiotik versəniz belə, bu yenə də fəsadın qarşısını almayacaq. Bu elmi bir faktdır. Fəsadların yaranması sadəcə bir ehtimaldır. Tibb bu kimi hallarda ehtimallar üzərindən müalicələrin başlanmasını doğru bilmir. Antibiotiklərin özlərinin də fəsadları vardır. Ona görə zərurət olmadıqca, uşaqlara antibiotiklərin verilməsi doğru deyildir.Əgər körpədə hərarət varsa, ona hərarət salıcılar verilməlidir ".

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 2019 11:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə