Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zob xəstəliyində istifadə edilən təbii vasitələr

Zob xəstəliyində istifadə edilən təbii vasitələr

Zob geniş yayılmış xəstəlikdir, ölkəmizin ərazisi daha çox dağ çayları ilə zəngin olduğundan və əhalinin böyük əksəriyyəti həmin çayların suyunu içdiyindən endemik olaraq daha geniş yayılmışdır. Çünki dağ çaylarında minerallar azlıq təşkil edir. Əsasən də yod və flüor elementlərinin miqdarı az olur nəticədə də yod çatışmazlığı əmələ gəlir. Zoba şübhə olanda ilk növbədə qandan analiz verərək T3, T4, TSH anti Tg və anti-TPO hormonlarının miqdarını öyrənmək, yalnız bundan sonra müalicəyə başlamaq lazımdır. Qanda T3 və T4 miqdarı artıbsa və TSH azalıbsa, deməli, qalxanabənzər vəz həddindən çox işləyir, T3 və T4 miqdarı azalanda mütləq TSH artıq olacaq. T3 və T4 hormonlarının qanda miqdarı vəzin aktivlik dərəcəsini və orqanizmə daxil olan yodun miqdarını göstərir, TSH isə hipofiz vəzin nəzarətini göstərir. Qanda anti-TPO və anti -Tg səviyyəsi yüksələndə tərkibində yod olan bitkilərdən deyil, orqanizmin müqavimətini artıran və immunstimulyator təsir göstərən dərman bitkilərindən istifadə etmək lazımdır.

Reseptlər: Zəncəfil kökü - 50 qram, ud hindi kökü  - 50 qram, qarazirə toxumu - 50 qram, qatırquyruğu - 50 qram, Novruz şaxtagülü - 20 qram, çiçək tozu - 50 qram, bal - 1,5 kq.

Bitkilərin hamısı quru olmalı qəhvəüyüdəndə üyüdülüb toz formasına salınmalı, bal ilə qarışdırılmalı və gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı yeyilməlidir.  Bu resept anti -TPO yüksəkliyində istifadə oluna bilər. Anti TPO yüksəkliyi autoimmun prosesin pozulması səbəbindən olduğu üçün sağlamlaşdırıcı bədən tərbiyəsinə ciddi fikir verilməli, ət yeməklərini azaltmalı, canlı yeməkləri meyvə tərəvəzləri artırmalı, hər gün 1-2 saat sürətli gəzib evdə nəm dəsmalla bədəni silmək lazımdır.

Orqanizmdə yod azlığı yarananda qanda T3 və T4 hormonu azalır və belə hallarda tərkibində yod olan meyvələrlə, əsasən də xurma, feyxoa, üzüm, dəniz kələmi, gavalı ilə qidalanmaq lazımdır. Ən çox faydalı olan yodlu duzdur, bundan başqa salatların üzərinə duz əvəzi dəniz kələmi bitkisini səpib yemək olar. Dəniz kələmi yod çatışmazlığı üçün çox faydalı hesab edilir, çünki dəniz kələminin təkibindəki yodun çox hissəsi qana rahat keçə bilir.

Yod çatışmazlığı üçün spirtli dəmləmə. Bu dəmləmənin bəzi üstünlükləri ondan ibarətdir ki, dəmləmənin tərkibindəki spirt istifadə olunan bitkilərin daxilindəki yodu tam çıxara bilir və bu dəmləməni  uzun müddət saxlamaq olur. Spirtin orqanizmə ziyanlarını nəzərə alaraq spirti bərabər şəkildə alma sirkəsi qarışdırıb 2 həftə ağzı bağlı saxladıqdan sonra dəmləmənin ağzı açılmalı, 1 ay tempraturu 25-40 dərəcəli otaqda saxladıqdan sonra dəmləmənin təkibindəki spirtin yarısı uçacaq, qalanı isə sirkələşəcəkdir (xatırladım ki, sirkə halal olduğundan bu qarışım həmdə halal nemət sayılır).

Qarışımın tərkibi aşağıdakı kimidir: Öksəotu - 30 qram, yaşıl qoz - 50 qram, qaytarma otu kökləri - 40 qram, mayasarmaşığı qozaları - 30 qram, alma sirkəsi - 500 qram, spirt 96 faizli - 500 qram. Bunların hamısı  bir-birinə qarışdırılır, 15 gün hər gün çalxalamaq şərti ilə qaranlıq yerdə saxlanılır, süzüldükdən sonra  gündə iki dəfə yeməkdən əvvəl 1 çay qaşığı yarım stəkan suya qarışdırılaraq qəbul edilir. Dəmləmə  yod çatışmazlığını və zobun ağır fəsadlarını aradan qaldırır.

Zobun bütün növlərində həcəmət və zəli müalicəsi çox faydalıdır. Müalicədən sonra şişmiş zob düyünlərində kiçilmə baş verir. Düyünlərin kiçilməsi üçün təzə bağayarpağı ət maşınından keçirilərək onların üzərinə qoyulur. Bağayarpağı əvvəl günlər gündə 1 saat sonrakı vaxtlar isə yavaş-yavaş artırılaraq axşamdan səhərə qədər saxlamaq lazımdır. Müalicə müddəti 1 aydır.

Zob düyünlərini kiçiltmək üçün 1 xörək qaşığı çobanyastığı 1 stəkan suda dəmlənilir, süzülür, suyu ilə çovdar unu qarışdırılaraq xəmir formasına salınır və axşamdan səhərə qədər boğaz nahiyəsinə qoyulur.

Zobun bütün formalarında həm zəhərli zobda, həm də zəhərsiz zobda ud hindi kökləri ilə müalicə əvəzolunmazdır, faydalarını saymaqla bitməz olan bu bitki vəzinin fəaliyyətini tənzimləyir, hormonların qandakı miqdarını normallaşdırır, qalxanabənzər vəzi ətrafında böyümüş olan düyünləri balacalaşdırır, boğulmaları aradan qaldırır. Hər axşam qalxanabənzər vəzin üstünə və boyuna  ud hindi yağının sürtülməsi sağalma prosesini sürətləndirir.

 

Z.BƏŞİRQIZI,
"Xalq qəzeti”

20 2019 12:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə