Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tatarıstanın aparıcı səhiyyə mütəxəssisləri Azərbaycanda

Tatarıstanın aparıcı səhiyyə mütəxəssisləri Azərbaycanda

Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəliyində Rusiya Federasiyasının bu subyektinin uşaq kardiocərrahiyyəsi, neyrocərrahiyyəsi və oftalmologiyası sahəsində aparıcı mütəxəssislərinin Azərbaycanın tibb cəmiyyətinin nümayəndələri ilə görüşü olub.

Tədbirdə Tatarıstanın Azərbaycandakı daimi nümayəndəsi Alfred Zakirov çıxış edərək bildirib ki, Tatarıstanın uşaq sağlamlığı sahəsində aparıcı mütəxəssisləri ölkəmizə təcrübə mübadiləsi aparmağa və konsultasiya yardımı göstərməyə gəliblər. Belə tədbirlərin təşkili həm regionlararası əlaqələrin, həm də bütövlükdə Azərbaycan ilə Rusiya arasında humanitar əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verir.

Nümayəndə heyətinin tərkibinə Tatarıstan Respublikası Səhiyyə Nazirliyinin Respublika Uşaq Kliniki Xəstəxanasının (RUKX) mütəxəssisləri daxildir. A.Zakirovun sözlərinə görə, RUKX nümayəndələri K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və digər iri tibb mərkəzlərinin iş strukturu ilə tanış olub, neyrocərrahiyyə, oftalmologiya və urologiya sahəsində bir sıra konsultasiyalar aparıblar.

Tatarıstan Səhiyyə Nazirliyinin beynəlxalq münasibətlərin inkişafı üzrə layihə ofisinin rəhbəri Alla Qumeryova bildirib ki, Azərbaycan və Tatarıstan uzun illərdir uğurla qarşılıqlı fəaliyyət göstərir. “Kazan ilə Bakı arasında birbaşa aviareyslər həyata keçirilir. Əməkdaşlıq üçün, o cümlədən səhiyyə sahəsində əməkdaşlıq üçün böyük potensialımız var. Bizim vəzifəmiz qarşılıqlı fəaliyyətimizi inkişaf etdirmək üçün bütün imkanları səfərbərliyə almaqdır. Tatarıstanda tibbin prioritet istiqamətləri kardiocərrahiyyə, neyrocərrahiyyə, travmatologiya və ortopediya, onkologiya, plastik cərrahiyyə, pediatriya və s.-dir. Daha sərfəli qiymətlərlə tibbi xidmət göstərmək rəqabət üstünlüyümüzdür. Tatarıstanda tibbi turizmin inkişafı üzrə layihə ofisi yaradılıb. Başlıca məqsədimiz başqa ölkələrdən pasiyentlər cəlb etməkdir. Biz qabaqcıl təcrübəmizi bölüşməyə və şəksiz ki, özümüz də öyrənməyə hazırıq”.

Tatarıstan Səhiyyə Nazirliyinin baş ştatdankənar uşaq cərrahı, RUKX baş həkiminin cərrahiyyə məsələləri üzrə müavini, yüksək dərəcəli neyrocərrah Vladimir Filatov, Tatarıstan Səhiyyə Nazirliyinin baş ştatdankənar oftalmoloqu, RUKX-in oftalmologiya bölməsinin müdiri, yüksək dərəcəli həkim-oftalmoloq Aleksey Rasçeskov, RUKX baş həkiminin tibbi fəaliyyət üzrə müavini, yüksək dərəcəli uşaq kardioloqu Liliya Basanova və RUKX-in kardiocərrahiyyə bölməsinin müdiri, yüksək dərəcəli həkim-kardiocərrah Denis Petruşenko təqdimatlarla çıxış ediblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 2019 11:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə