Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası

Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası

İyulun 19-da Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın növbəti geniştərkibli iclası keçirilib. AZƏRTAC xəbər verir ki, Baş Nazirin müavini, komissiyanın sədri Əli Həsənovun yanında keçirilən iclasda yerlərdə əhalinin siyahıyaalınmasına yardım komissiyalarının sədrləri olan rayon, şəhər və şəhər rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, müvafiq dövlət qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Baş Nazirin müavini Əli Həsənov bildirib ki, əhalinin siyahıyaalınması Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərmana uyğun aparılır. Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli qərarı ilə yaradılan komissiyanın bugünkü geniş iclasının keçirilməsində əsas məqsəd siyahıyaalma prosesini ətraflı müzakirə etmək, hazırlıq işlərini nəzərdən keçirməkdir. Komissiya sədri əminliyini ifadə edib ki, ölkəmiz üçün vacib olan bu proses yüksək səviyyədə baş tutacaq. Bu proses əhalinin sayı, yerləşməsi, miqrasiyası və tərkibi, habelə müəyyən bir dövr üzrə vacib olan xüsusiyyətləri barədə ətraflı və müntəzəm məlumatlara olan ehtiyacla şərtlənir. Eyni zamanda, bu proses dövlətin vahid statistik metodologiyası əsasında həyata keçirilir və cəmiyyətdəki vəziyyət haqqında, onun iqtisadiyyatı, sosial sahəsi, mənəvi dəyərləri və sair barədə mühakimə yürütməyə imkan verir. Siyahıyaalma ölkənin həyatında mühüm bir tədbirdir və onun müvəffəqiyyətlə keçirilməsində bu prosesdə iştirak edən hər bir şəxsin üzərinə böyük məsuliyyət düşür. 
İclasda bildirilib ki, siyahıyaalma prosesinə 43 min insan cəlb olunacaq. Artıq siyahıyaalma materialları hazırdır. Əhalinin sayına uyğun sorğu vərəqələri çap edilib. 28 bənddən ibarət sorğu vərəqələrində 46 sual üzrə 280-ə yaxın göstərici yer alıb. Əhalinin bu sorğulara tam, dolğun cavab verməsi mühüm əhəmiyyət kəsb edir. Bu prosesin əhaliyə geniş şəkildə çatdırılması üçün KİV-lərin üzərinə böyük vəzifə düşür.
Sonra komissiyanın sədr müavini – Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, komissiyanın üzvləri – Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, xarici işlər nazirinin müavini Nadir Hüseynov və daxili işlər nazirinin müavini İsmət Əliyev hazırlıq prosesi ilə bağlı ətraflı məlumat veriblər. 
İclasın sonunda müvafiq dövlət qurumlarına aidiyyəti üzrə tapşırıqlar verilib.  
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə hər 10 ildən bir baş tutan əhalinin siyahıyaalınması prosesi növbəti dəfə 2019-cu ilin 1-10 oktyabr tarixlərində keçiriləcək.

 

19 2019 22:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə