Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnfrastruktur layihələri əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edir

İnfrastruktur layihələri əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edir

Regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət proqramının icra olunduğu 2004–2018-ci illərdə dövlətimizin başçısı 1800-dən çox infrastruktur obyektinin açılış və təməlqoyma mərasimlərində iştirak edib, rayon və şəhərlərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində 650-dək sərəncam imzalayıb. 

Dövlət investisiyaları hesabına Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları, Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri infrastruktur layihələr reallaşdırılıb. Aqrar sektorun innovativ əsaslara keçirilməsi, o cümlədən aqroparkların yaradılması da bu hədəflər arasındadır. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, hazırda 33 rayon üzrə 258,3 min hektar ərazidə 51 aqroparkın, o cümlədən 17 müasir cins heyvandarlıq kompleksinin və 34 iri bitkiçilik təsərrüfatlarının yaradılması üzrə işlər sürətlə davam etdirilir.
Respublikada turizmin inkişafına xidmət edən infrastruktur obyektlərinin istifadəyə verilməsi də diqqət mərkəzində saxlanılıb. Belə ki, 2003-cü ildə ölkədə mehmanxana və mehmanxana tipli müəssisələrin sayı cəmi 96 ədəd idisə, regional dövlət proqramlarının icrası nəticəsində belə obyektlərin sayı artaraq 560-ı keçib. Bunun da 400-dən çoxu bölgələrdə fəaliyyət göstərir. Hazırda regionlarda yeni mehmanxanaların tikintisi istiqamətində işlər uğurla davam etdirilir. Bunun nəticəsidir ki, son 15 ildə turizmin inkişafı sahəsində böyük artım qeydə alınıb.
Son illərdə ölkənin tranzit potensialının reallaşdırılması istiqamətində bir sıra infrastruktur layihələri gerçəkləşdirilib. Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizinin fəaliyyəti gücləndirilib, Şimal–Cənub, Şərq–Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi uğurla davam etdirilib, Bakı–Tbilisi–Qars dəmir yolunun açılışı olub. Beləliklə, görülən işlər nəticəsində Azərbaycan ərazisindən keçməklə daşınacaq yüklərin həcmləri əhəmiyyətli dərəcədə artmağa başlayıb. Bu da, öz növbəsində, qeyri-neft sektorunun inkişafını sürətləndirib. 
Son 16 ildə regionlarda 6 hava limanı tikilib və yenidən qurulub, respublika və yerli əhəmiyyətli 15 min kilometr yolda təmir-tikinti işləri aparılıb, 436 ədəd körpü və tunel tikilib və təmir olunub. 
Bütün bunlarla bərabər, əhalinin elektrik enerjisinə olan tələbatını daha dolğun təmin etmək məqsədilə son 16 ildə regionlarda 28 elektrik stansiyası istifadəyə verilib, 45 min kilometrdən artıq elektrik xətti çəkilib, 1650-dən çox ­yarımstansiya quraşdırılıb və ya təmir olunub. Həmçinin bu dövrdə regionlarda 56,2 min kilometr qaz xətti çəkilib və ya əsaslı təmir olunub, 1800-dən çox yaşayış məntəqəsi təbii qazla təmin edilib, regionlar üzrə qazlaşdırma səviyyəsi 41 faizdən 95 faizə çatıb.
Elektrik enerjisi infrastrukturu ilə bağlı bir məqamı da qeyd etmək istərdik. Belə ki, hazırda Böyükşor gölü üzərində üzən günəş enerji sistemi reallaşdırılır. Bu, ölkənin ümumi enerji istehsalında müxtəlif bərpaolunan enerji mənbələrinin rolunu artırmağa, enerji təhlükəsizliyinin təminatına və ətraf mühitə atılan istixana qazlarının miqdarını azaltmağa töhfə verəcək. 
Qeyd edək ki, 100 kVt gücə malik üzən günəş panelinin quraşdırılmasını nəzərdə tutan pilot layihə AİB-in maliyyə dəstəyi ilə məsləhətçi qismində İspaniya şirkəti “EQO-NIXUS” və yerli Azərbaycan şirkəti “AEEK” MMC tərəfindən icra olunur. Layihənin icra qurumu qismində isə Energetika Nazirliyi çıxış edir.
Sözügedən dövrdə regionlarda 2980 məktəbdə, 360 məktəbəqədər təhsil müəssisəsində və 477 səhiyyə müəssisəsində tikinti, əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib, regionlarda 34 olimpiya idman kompleksi, 34 gənclər evi inşa olunub.
Əlbəttə, bütün bunlara dövlət proqramlarının uğurlu icrası sayəsində nail olunub. Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası isə yarımçıq qalmış işlərin başa çatdırılmasına, rayonlarda yaşayan insanların sosial rifahının daha da yaxşılaşmasına təkan verəcək, bütövlükdə ölkəmizin inkişafına xidmət edəcək.
Onu da qeyd edək ki, ­Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq istehlakçıların içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə ölkə miqyasında genişmiqyaslı infrastruktur layihələri reallaşdırılıb. Su və kanalizasiya layihələrinin icrasına başlanılan 50 şəhər və rayon mərkəzinin 38-də su şəbəkələrinin tikintisi artıq yekunlaşıb. Şəhər və rayon mərkəzləri ilə yanaşı, əhalisinin sayı 1 milyon 400 min nəfər olan 1050 kənddə içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər görülüb.
Dövlətimizin başçısı İlham Əliyevin növbəti dəfə Prezident seçilməsindən ötən dövr ərzində Azərbaycan iqtisadiyyatının dayanıqlığının təmin edilməsi, onun neftdən və qazdan asılılığının daha da azalması, qeyri-neft sektorunun inkişafı məqsədilə ardıcıl tədbirlər davam etdirilib. İqtisadi və maliyyə sektorlarında maksimum şəffaflığın təmin olunması istiqamətində mühüm addımlar atılıb. Şübhəsiz ki, bütün bunlar ölkə həyatının bütün istiqamətlərində, o cümlədən yol təsərrüfatında da köklü islahatların aparılmasını sürətləndirib. Ölkə rəhbərinin düşünülmüş, çevik və qətiyyətli iqtisadi siyasəti sayəsində bu sahədə qazanılan uğurlar daha da möhkəmləndirilib, avtomobil magistrallarının tikintisi və yenidən qurulmasına, regionlarda yol şəbəkəsinin bərpasına xüsusi önəm verilib. Bu isə ölkədə sərnişin və yükdaşımaların keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı, ­iqtisadiyyatın inkişafını sürətləndirib, turizm potensialından səmərəli istifadəni şərtləndirib. Bu baxımdan 2018-ci il ərzində respublikanın 54 rayonunda, Bakı və Sumqayıt şəhərlərində yol tikintisi ilə bağlı 90 layihə başa çatıb. Bura 10 respublika əhəmiyyətli, 64 kəndlərarası, 11 Bakı şəhərinin qəsəbələrarası və 2 ümumşəhər əhəmiyyətli avtomobil yolu layihələri, 2 körpü və bir avtomobil yolu tunelinin tikintisi daxildir. Həmin layihələr 2,2 milyon əhalinin yaşadığı 920 yaşayış məntəqəsini əhatə edən 2 min kilometrdən çox avtomobil yollarıdır. 

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

 

19 2019 22:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə