Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət orqanlarının rəhbərləri üçün təlim

Dövlət orqanlarının rəhbərləri üçün təlim

Azərbaycan dövlət sektorunda müasir texnologiya və elektron xidmətlərin tətbiqi sahəsində dünyanın öncül ölkələri sırasındadır. Hazırda paytaxtda və bölgələrdə 15 “ASAN xidmət” mərkəzi fəaliyyətdədir və həmin mərkəzlərdə 12 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmət göstərilir. İndiyə qədər “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 30 milyonu ötüb, ­1 milyon 850 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib. Bu ilin mayında “ASAN xidmət” mobil tətbiqi istifadəyə verilib.

Mobil tətbiqin əsas məqsədi vətəndaşlar üçün çevikliyi təmin etməklə, onların əlavə vaxt itkisinin, məsrəflərinin qarşısını almaq və “ASAN xidmət” mərkəzlərinin idarəedilməsində səmərəliliyi  artırır. Bu ilin iyunundan  “myGov” portalı vətəndaşların istifadəsində verilib. “Qabaqlayıcı hökumət” konsepti əsasında hazırlanmış portal şəxsi kabinet əsaslıdır və vətəndaşlara proaktiv xidmətlər göstərilir. Hazırda 10-dan artıq ölkədə “ASAN xidmət” modelinin tətbiqi ilə əlaqədar işlər aparılır.
İyulun 19-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “PAŞA Bank”ın təşkilatçılığı ilə müxtəlif dövlət qurumları və müəssisələrin rəhbərləri üçün “Dövlət Sektorunda Rəqəmsal Transformasiya və İnnovasiyalar” proqramı çərçivəsində keçirilən təlimdə bu barədə ətraflı bəhs olunub.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “PAŞA Bank”ın Baş İcraçı direktoru və İdarə Heyətinin sədri Taleh Kazımov təlimin dövlət xidmətlərinin rəqəmsallaşması, eləcə də innovasiyaların idarə edilməsi istiqamətində əhəmiyyətini diqqətə çatdırıblar.   
 Rusiyanın “Skolkovo” İnnovasiya Mərkəzinin və İsveçrənin St.Gallen Universitetinin ekspertləri tərəfindən aparılan təlim iki gün davam edəcək. Təlimdə iştirak edən  dövlət qurumlarının innovativ inkişaf məsələləri üzrə məsul əlaqələndirici şəxslərinin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, rəqəmsallaşma ilə bağlı son proseslər və mütərəqqi texnologiyalar sahəsində, eləcə də rəqəmsal transformasiya və innovasiyaların idarə edilməsi istiqamətində məlumatlılıq səviyyəsinin yüksəldilməsi nəzərdə tutulub.   
Təlimin açılışından sonra  ölkəmizdə  dövlət xidmətlərinin rəqəmsallaşması, innovasiyalar və risk alma, innovasiya sistemləri və ölçülmələri, təşkilat daxilində sahibkarlıq mövzularında müzakirələr aparılıb.
Proqramın ikinci günü isə milli rəqəmsal strategiya, milli rəqəmsal transformasiya proqramları, dövlət və ictimai-özəl əməkdaşlığın rolu, rəqəmsal transformasiyadakı növbəti addımlar  mövzusunda təlimlər və müzakirələrlə davam edəcək.

 

AZƏRTAC

 

19 2019 22:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə