Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan növbəti dostluq və həmrəylik bayramını keçirməyə hazırdır

Azərbaycan növbəti dostluq və həmrəylik bayramını keçirməyə hazırdır

Dinamik templərlə hərtərəfli inkişaf edən Azərbaycan Respublikası növbəti mötəbər beynəlxalq tədbiri keçirməyə hazırdır. Belə ki, iyulun 21-dən ölkəmizdə XV Avropa Gənclər Olimpiya Festivalı başlanır.  Avropanın 48 ölkəsinin nümayəndələrinin iştirak edəcəyi beynəlxalq idman tədbirinin yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işləri artıq yekunlaşmışdır və Bakı mötəbər yarışı qəbul etməyə hazırdır. Beləliklə, qarşıdakı həftə ərzində dünya mətbuatının diqqət mərkəzində olacaq Azərbaycan bu beynəlxalq tədbiri yüksək səviyyədə keçirməklə özünün iqtisadi və təşkilati bacarığını bir daha nümayiş etdirməklə yanaşı, həm də ölkənin geniş miqyasda növbəti təbliğatını təmin edəcək və siyasi planda qazanacağı dividendləri artıracaq.

Ümumilikdə, Avropanın 48 ölkəsindən 3600 idmançının qatılacağı yarışın  açılış mərasimi iyulun 21-də  gerçəkləşəcək. 10 idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) keçiriləcək yarışlara, ümumilikdə, ­2500-dən çox könüllü cəlb olunacaq. 
Qeyd etmək yerinə düşər ki, Avropa Gənclər Olimpiya Festivalını keçirmək ideyası gənclərə Olimpiya hərəkatını tanıtmaq və Olimpiya dəyərləri və ideallarını öyrətmək məqsədilə Avropa Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roq tərəfindən 1990-cı ildə irəli sürülmüşdür. İlk dəfə 1991-ci ildə Belçikada keçirilmiş festival 14–18 yaşlılar arasında gənc Avropa atletləri üçün yüksək səviyyəli çoxnövlü  idman tədbiridir.  Bu tədbir iki ildə bir dəfə – tək illərdə keçirilir. Avropa Olimpiya Komitəsinə aid olan və Beynəlxalq Olimpiya Komitəsinin himayəsi ilə Avropa Olimpiya Komitəsi adından təşkil edilən Avropa Gənclər Olimpiya Festivalı digər qitələrdə keçirilən, məsələn  Asiya Gənclər Oyunları, yaxud Panama Gənclər Oyunları kimi ənənəni Avropada da davam etdirmək  məqsədini daşıyır. Xüsusilə qeyd etmək lazımdır ki, festivala evsahibliyi edən ölkə bütün yarışlarda əvvəlcədən kvalifikasiya raundu olmadan iştirak etmək hüququnu qazanır. Azərbaycan millisi Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında 122 idmançı ilə təmsil olunacaq. 
Burada bir məqama xüsusilə toxunmaq lazımdır. XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilk növbədə idmanın təbliği baxımından böyük əhəmiyyət daşıyır. Məlum olduğu kimi, festivalda iştirak aşağı yaş qrupundan olan gənc və yeniyetmələri daha çox maraqlandıracaq, onlarda peşəkar idmançı olmaq istəyini gücləndirəcək. Mühüm məramlardan biri də budur ki, təşkilatçı ölkənin uşaq və yeniyetmə vətəndaşlarının yarışı birbaşa arenalarda izləmək imkanı olacaq və bu da xüsusi əhəmiyyət daşıyır. Son araşdırmalar göstərir ki, hər belə beynəlxalq tədbirdən sonra idman bölmələrinə üz tutanların sayı kəskin şəkildə artır. Bu baxımdan festivalda gənc idmançıların həvəslə çıxış edəcəkləri gözlənilir. Nəzərə alsaq ki, belə beynəlxalq yarışlar təcrübə toplamaq baxımından da əhəmiyyətlidir, o zaman gənc atletlərin festivalda Azərbaycanı yüksək səviyyədə təmsil edəcəkləri şübhə doğurmur. 
Belə mötəbər turnirdə uğurla çıxış edən gənc atletlər gələcəkdə Avropa Oyunları, Olimpiya Oyunları kimi mötəbər yarışlara qatılırlar. Buna görə də, festival Azərbaycan idmançıları üçün də sınaq meydanı olacaq. Çünki bu yarışda idmançılarımıza öz bacarıqlarını göstərmək üçün hər cür şərait yaradılacaq. Bu baxımdan festival yarışda iştirak edən idmançıların, xüsusilə milli atletlərimizin yetişməsində əhəmiyyətli rol oynayacaq. Bundan başqa, sayca 15-ci dəfə keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalı gənc idmançıların dostluq və həmrəylik bayramı kimi də tarixə düşəcək. Bu mənada festivalın yüksək səviyyədə keçirilməsi Avropa idmançıları arasında dostluq münasibətlərini daha da möhkəmləndirəcək.  
Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalının 2019-cu ildə Bakıda keçirilməsinə hazırlıq işləri ilə əlaqədar Prezident İlham Əliyevin 2018-ci il 15 may tarixli sərəncamı ilə Təşkilat Komitəsi yaradılmışdır. Mötəbər yarışın başlanmasına bir il qalması münasibətilə ötən ilin iyulunda festivalın rəsmi loqosu təqdim edilmişdi. Loqo dostluq, ədalətli oyun və tolerantlıq ruhunu gücləndirən müasir, dinamik və çevik brendi əks etdirir. Bakının irs və mədəniyyətini (od və milli ornamentimiz olan butanı), birlik və dostluq konsepsiyalarını özündə əks etdirən loqo, eyni zamanda, Azərbaycan paytaxtının möhtəşəm müasir memarlıq nümunələrini (Alov qüllələri və Heydər Əliyev Mərkəzini) təsvir edir. Parlaq rəngləri canlandıran bu loqo yarışlara qatılacaq hər bir iştirakçının müsbət enerjisi və Bakının çoxşaxəli gözəlliyini təsvir etdirən əhatəli çalarlar palitrasından ibarətdir. Məlumat üçün bildirək ki, Avropa Olimpiya Komitəsinin rəsmiləri Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, Atletlər kəndi və bir sıra digər idman qurğularında da olacaqlar. İdmançılar 135 dəst medal uğrunda mübarizə aparacaqlar. 
Təbii ki, qitə səviyyəli belə kütləvi tədbirlərin və yarışların bütün istiqamətlərdə əhəmiyyəti olduqca böyükdür. İqtisadi yüksəlişə, siyasi sabitliyə malik ölkələrin bu cür tədbir və yarışlara evsahibliyi etməyə çalışması da məhz bu amildən irəli gəlir. Belə ki, beynəlxalq miqyaslı bu cür tədbirlərin keçirilməsi böyük məbləğdə maliyyə vəsaitləri tələb etsə də, sonda iqtisadi yüksəlişin daha da sürətlənməsinə və ümumi daxili məhsul (ÜDM) istehsalı həcminin artmasına gətirib çıxarır.  Burada xüsusilə qeyd etmək lazımdır ki, əsasən böyük xərc tələb edən idman infrastrukturu artıq Azərbaycanda mövcuddur və ötən illər ərzində keçirilmiş böyük və genişmiqyaslı idman tədbirlərində heç bir ciddi problem yaranmamışdır. Bu mənada Avropa Gənclər Olimpiya Festivalının keçirilməsi üçün zəruri infrastruktura hər hansı bir vəsait yönəldilməyəcək.  
Ən əsası, belə mötəbər idman tədbirlərinin paytaxtımızda təşkilinin ölkənin dünya miqyasında tanınması, iqtisadiyyatın, xüsusən də turizm sektorunun inkişaf etdirilməsi baxımından önəmi böyükdür. Mütəxəssislərin sözlərinə görə, bu kimi idman tədbirləri ölkədə turizm sektorunun inkişafı üçün təkan rolunu oynayır. Bundan başqa, turizmin inkişafı təkcə iqtisadi əhəmiyyət daşımır, bu, həm də bir təbliğat-təşviqat kampaniyasıdır. Diqqət yetirin: oyunlar 7 gün ərzində televiziya kanallarında nümayiş olunacaq, oyunlardan müxtəlif reportajlar, audio və videosüjetlər hazırlanaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq. Ekran qarşısındakı əcnəbilər ölkəmizdə hökm sürən sabitliyin şahidi olacaq və turistlər üçün yaradılmış gözəl şəraiti izləyəcəklər. Belə bir diqqət mərkəzinə düşməyin iqtisadi üstünlükləri də çox böyükdür. Azərbaycana gələn turistlər də hər cür şəraitin yaradıldığı ölkəmizdə insanlarımızın gülərüzlüyünün, qonaqpərvərliyinin və yüksək mədəniyyətinin şahidi olacaqlar ki, bu amilin də təkrar turist səfərlərinin sayına öz müsbət təsirini göstərməsi danılmaz faktdır. 
Paytaxtda və regionlarda yaradılmış turizm infrastrukturu, müxtəlif Olimpiya komplekslərinin inşası, muzeylərin, qoruqların yaradılması, ekskursiyaların təşkili,  bütün bunlar turizm sektorunu dirçəltməklə ölkə iqtisadiyyatının inkişafı baxımından çox müsbət haldır. 
Bununla yanaşı, mütəxəssislər vurğulayırlar ki, yarışlar zamanı iştirakçıların və turistlərin ölkəmizin xidmət sektoruna verdiyi iqtisadi fayda ilə yanaşı, Azərbaycanın beynəlxalq arenada daha çox təbliğ olunması ölkəmizə turist axınını gücləndirir və qeyri-neft sektorunda xarici investorlarda ölkəmizə olan marağı və etimadı artırır. Statistik rəqəmlər də məhz belə deməyə əsas verir. Məsələn, 2015-ci ildə keçirilmiş Avropa Oyunlarından və 2016-cı ildə keçirilmiş birinci “Formula”dan sonra Azərbaycana gələn turistlərin sayı 22 faiz artmışdır. 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçirilmişdir və bu dəfə müsəlman ölkələrindən gələn turistlərin sayı çoxalmışdır. 2017-ci ildə turistlərin sayı 20 faiz artmışdır. Bundan başqa, “Formula-1” yarışında xidmət sektoruna 300 milyon dollara yaxın vəsait daxil olmuşdur. 
Məlumdur ki, müasir iqtisadiyyat yeni ideyalar və yanaşmalar, etimad, informasiya və insan kapitalı üzərində formalaşdığından belə mötəbər idman yarışlarının ölkəmizdə keçirilməsi Azərbaycanın bugünkü və gələcək iqtisadi maraqlarına xidmət edir. İstər birinci Avropa və İslam oyunlarında, istərsə də digər beynəlxalq miqyaslı tədbirlərdə Azərbaycanın siyasi cəhətdən sabit ölkə olduğunu, iqtisadi cəhətdən inkişaf etdiyini bütün dünya görmüşdü. Bu mənada Avropa Gənclər Yay Olimpiya Festivalının Bakıda keçirilməsinin ölkəmizə həm iqtisadi, həm də siyasi  dividendlər gətirəcəyi şübhə doğurmur. 

 

Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”

19 2019 22:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə