Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hulusi AKAR: ABŞ münasibətlərimizə xələl gətirəcək addımlardan çəkinməlidir

Hulusi AKAR: ABŞ münasibətlərimizə xələl gətirəcək addımlardan çəkinməlidir

Türkiyənin milli müdafiə naziri Hulusi Akar bəyan edib ki, ölkəsinin Amerikanın “F-35” qırıcılarının beşinci nəslinin yaradılması üzrə proqramdan uzaqlaşdırılması NATO-nun hərbi imkanlarını, xüsusən, onun cənub cinahını zəiflədəcək. Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

“Bizim ölkənin birtərəfli qaydada layihədən kənarlaşdırılması ədalətli və qanuni qərar deyil”, – deyə müdafiə naziri bildirib. Onun sözlərinə görə, Türkiyənin hakimiyyət orqanlarının təbii haqqıdır ki, ABŞ-ı Ankara və Vaşinqtonun ikitərəfli münasibətlərinə xələl gətirəcək addımlar barədə xəbərdar etsin. “Biz gözləyirik ki, ABŞ əməkdaşlığımızı poza biləcək addımlardan imtina edəcək. Bu, strateji tərəfdaş kimi, bizim təbii haqqımızdır”.
Bir neçə gün əvvəl ­ABŞ-da hesablamışdılar ki, “F-35” proqramında əməkdaşlıqdan uzaqlaşdırılması Türkiyəyə 9 milyard dollar ziyan vuracaq. Amerika tərəfinin istehsalı başqa ölkəyə köçürməsi isə Birləşmiş Ştatlara 500–600 milyon dollara başa gələcək. 
Bundan bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, Vaşinqton Rusiyadan “S-400” zenit-raket sistemləri aldığına görə Ankaraya “F-35” qırıcılarını satmayacaq. ABŞ və digər NATO ölkələri ehtiyat edirlər ki, Ankarada həm “S-400” sistemləri, həm də Amerikanın beşinci nəsil F-35 qırıcıları olsa, bu zaman Rusiya sistemlərinin radarları təyyarələri tanıya və izləyə bilər. 
Xatırladaq ki, Türkiyə F-35 qırıcılarının istehsalı üzrə ABŞ-ın əsas tərəfdaşlarından biridir. Türkiyənin müəssisələrində qırıcıların 400 detalı istehsal olunur. 
Bütün bunlarla yanaşı, ABŞ administrasiyasından bildirilib ki, “Birləşmiş Ştatlar Türkiyə ilə strateji əməkdaşlığa böyük əhəmiyyət verir”. Bununla bağlı yayılmış mətbuat xülasəsində deyilir: “Bizim NATO üzrə müttəfiq qismində əlaqələrimiz çoxtərəflidir və təkcə “F-35”-dən asılı deyil”.

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

19 2019 22:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə