Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nəsimililər jurnalistlər sayğı və inamlarını bildirdilər

Nəsimililər jurnalistlər sayğı və inamlarını bildirdilər

Başlanğıcını 144 il əvvəl iyulun 22-də ilk milli qəzetimiz “Əkinçi”nin nəşrindən götürən Milli Mətbuat və Jurnalistika Günü ərəfəsində Nəsimi Rayon İcra Hakimiyyətində ölkə mediasının təmsilçiləri ilə ənənəvi görüş keçirildi. Mərasimdə milli mətbuat və jurnalistikamızın çətin və şərəfli inkişaf yoluna nəzər salındı, müstəqillik dövründə və demokratik cəmiyyətdə medianın misilsiz rolu vurğulandı.

Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin, nüfuzlu media qurumlarının rəhbərlərini və təmsilçilərini ölkəmizdə hər il ümumxalq bayramı kimi qeyd edilən milli mətbuat günü münasibətilə səmimi təbrik edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov jurnalistlərə məsul və şərəfli fəaliyyətlərində yeni uğurlar arzuladı. Rayon rəhbəri qeyd etdi ki, dövrünün görkəmli ziyalısı olmuş Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, mütərəqqi ideyaları əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. 
XX əsrin əvvəllərində mətbuat orqanları milli oyanış, özünüdərk proseslərinin əsas daşıyıcısı olmuşdur. Milli istiqlal düşüncəsini formalaşdıran anadilli mətbuatımız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bərpa olunmuş dövlətçiliyimizə də ləyaqətlə xidmət göstərmişdir. Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilmiş, respublikanın ictimai-siyasi həyatında fəal rol oynamışdır. O dövrdə qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana çıxmışdır. 1991-ci ildə dövlət müstəqilliyinin əldə edilməsi milli jurnalistikamızı həqiqi söz azadlığına, cəmiyyətə vətəndaşlıq mövqeyindən xidmət imkanlarına qovuşdurmuşdur.
Asif Əsgərov çıxışının sonunda bildirdi ki, bütün ölkəmizdə olduğu kimi, paytaxtın mərkəzi ərazisini əhatə edən Nəsimi rayonunda da aparılan genişmiqyaslı quruculuq işlərinə obyektiv və işgüzar informasiya dəstəyini təmin edən medianın icra qurumları ilə əlaqələrini məzmunca dolğunlaşdırmaq, formaca rəngarəngləşdirmək üçün səmərəli əməkdaşlıq bundan sonra da davam etdiriləcək. 
Görüşdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli söylədi ki, yaranmasının ildönümləri mütərəqqi ictimai fikir tariximizə dərin sayğı ilə qeyd edilən Azərbaycan milli mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olmuşdur. Milli jurnalistikamız zaman-zaman mütərəqqi ənənələr formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirmişdir. İcraçı direktor ümummilli lider Heydər Əliyevin demokratik cəmiyyət quruculuğunda azad medianın roluna və jurnalistlərin fədakar əməyinə verdiyi yüksək qiyməti xatırladaraq, Azərbaycan Prezidenti İlham Əliyevin KİV-ə dövlət dəstəyi siyasətinin uğurlu nəticələrindən danışdı. 
Vüqar Səfərli xatırlatdı ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv edilməsi, azad mətbuatın inkişafı üçün əsaslı tədbirlərin həyata keçirilməsi milli jurnalistikamızı bugünkü ahəngdar inkişaf yoluna çıxarmışdır. Medianın çağdaş problemləri, jurnalistlərin sosial problemlərinin aradan qaldırılması daim Prezident İlham Əliyevin diqqətindədir. Onun himayəsi ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılmış, Mətbuat Şurasının fəaliyyəti daha səmərəli və məhsuldar olmuşdur.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov kütləvi informasiya vasitələri ilə sıx və məzmunlu əlaqələr qurmaq sahəsində Nəsimi Rayon İcra Hakimiyyətinin təcrübəsinin önəmli olduğunu qeyd edərək, son illərdə ölkəmizdə medianın vətəndaşlıq mövqeyinin yüksəlməsini, onun milli birliyə və quruculuq prosesinə davamlı xidmətini milli jurnalistikamızın uğuru kimi dəyərləndirdi. O bildirdi ki, ötən illərdə Azərbaycanda KİV-in kəmiyyət və keyfiyyətində önəmli irəliləyiş baş vermişdir. Ölkədə informasiya texnologiyalarının inkişafı Azərbaycan jurnalistikasını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirmişdir. 
AMŞ-nin rəhbəri qeyd etdi ki, hazırda ölkəmizdə çoxtərəfli mətbuat və informasiya sistemi yaradılıb, hər kəsin və hamının azad sözünün cəmiyyətdə sərbəst yayılması imkanı təmin edilib. Cəmiyyətimizin etibarlı media şəbəkəsini yaradan yüzlərlə mətbuat orqanı, agentliklər, saytlar, teleradio şirkətləri fəaliyyət göstərir. KİV-in problemlərinin həlli və maddi bazasının gücləndirilməsi məsələləri daim dövlətin diqqət mərkəzindədir. Mətbuatın maneəsiz fəaliyyət göstərməsi, onun maddi və peşəkarlıq potensialının dünya təcrübəsi ilə zənginləşdirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi üçün ölkəmizdə lazım olan bütün addımlar atılıb. Dövlətimiz jurnalist əməyini həmişə yüksək qiymətləndirir, kütləvi informasiya vasitələrinin mövcud problemlərinin həlli üçün mümkün olan hər şeyi edir.
“Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənovun, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlunun, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin, “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin də iştirak etdiyi görüşdə milli mətbuatımızın dünənindən örnəklərə nəzər salındı, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan, dövlət orqanları ilə KİV qurumları arasında sıx əlaqələrin ümumi inkişafa göstərdiyi köməkdən ətraflı söz açıldı, jurnalistikamızın vətəndaşlıq mövqeyinin möhkəmləndirilməsi ilə bağlı zəruri məsələlər vurğulandı.
Görüşdə jurnalistləri maraqlandıran suallar da cavablandırıldı. Sonda Milli Mətbuat və Jurnalistika Günü münasibətilə KİV nümayəndələrinə Nəsimi Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olundu.

 

Tahir AYDINOĞLU, 
“Xalq qəzeti”

19 2019 17:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Avqust 2019 | 14:02
UEFA reytinqi

Köhnə versiyamızdan xəbərləri izlə