Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qeyri-neft sənayesində yüksək göstəricilər qeydə alınır

Qeyri-neft sənayesində yüksək göstəricilər qeydə alınır

Son illərdə respublikamızda iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, qeyri-neft sənayesində yeni sahələrinin yaradılması istiqamətlərində mühüm tədbirlər həyata keçirilib və nəticədə müsbət göstəricilər əldə edilib. Məsələn, qeyri-neft sənaye istehsalı 2015-ci ildə 8,4 faiz, 2016-cı ildə 4,8 faiz, 2017-ci ildə 3,7 faiz, 2018-ci ildə 9,1 faiz, bu ilin yanvar-iyun aylarında isə 15,7 faiz artıb.


Qeyri-neft sənayesi istehsalı sahəsində iri müəssisələrin yaradılması prosesi yüksək göstəricilərlə müşahidə edilir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib ki, qeyri-neft sənayesində yeni obyektlərin işə salınması həm iş yerləridir, yerli istehsaldır, həm də idxaldan asılılığın aradan qaldırılmasıdır. Sənaye parklarının bu sahədə böyük əhəmiyyəti var.
Xatırladaq ki, cari ilin birinci rübündə ölkədə fəaliyyət göstərən sənaye parklarına 540 milyon manat investisiya yatırılıb. İndiyədək sənaye parklarına 60 rezident tərəfindən yatırılan investisiyanın həcmi 3 milyard dollar təşkil edib. Bu parklarda 9 minə yaxın daimi iş yeri yaradılıb. 
Növbəti mərhələdə sənaye parklarına 400 milyon dollaradək sərmayə qoyuluşu, 1600-dən artıq iş yerinin açılması nəzərdə tutulub. Onu da deyək ki, indiyədək sənaye parklarında 1,39 milyard manat dəyərində məhsul istehsal edilib ki, bunun da 267milyon manatlıq hissəsi ixrac olunub.
Sənayeləşmə siyasətinin uğurla həyata keçirilməsi, yeni sənaye müəssisələrinin yaradılması əhalinin məşğulluğunun artırılmasında, həyat səviyyəsinin yüksəlməsində önəmli rol oynayır. Bu ilin ilk rübündə ölkənin sənaye sahələrində çalışan işçilərin sayının 204 min nəfərdən çox, orta aylıq əməkhaqqının isə 1037 manat təşkil etməsi bunun bariz ifadəsidir.
Yuxarıda qeyd etdik ki, respublikada sənaye parklarının yaradılması yerli istehsalın artmasına, idxaldan asılılığın aradan qaldırılmasına müsbət təsir göstərir. Buna görə də sənayenin inkişafında yeni mexanizm kimi sənaye parklarının istifadəyə verilməsi daim diqqət mərkəzində saxlanılır. Artıq Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir. Bunlar Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parklarıdır.

Sənaye parklarında yüksək nəticələrə nail olmaq üçün rezidentlərin səmərəli fəaliyyəti məqsədilə hər cür şərait yaradılıb, vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər tətbiq edilib. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunublar. Bundan başqa, sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılıb, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri təmin edilib.
Sənayenin inkişafı kiçik və orta biznesin imkanlarını daha da genişləndirir. Buna misal olaraq, Azərbaycanda kimya sənayesinin inkişafı məqsədilə ötən il Sumqayıt Kimya Sənaye Parkında istismara verilən “SOCAR Polymer” MMC-ni qeyd etmək olar. Artıq sözügedən MMC-nin polipropilen, inşaat kimyəviləri, əlvan metallar və ferroərintilər zavodları, tütün məmulatları istehsalı fabriki istifadəyə verilib. Bundan başqa, parkın ərazisində elektron təhsil avadanlıqları, şüşə və saxsı məmulatların istehsalı müəssisələri fəaliyyətə başlayıb. 
Bu il sənaye parkının daha bir rezidenti – “SOCAR karbamid” zavodu da işə salınıb. Həmçinin “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen müəssisəsi də açılıb. 
“SOCAR Polymer” zavodlarının istismarı dövründə 6,6 milyard dollar məbləğində gəlir proqnozlaşdırılır ki, bunun 30 faizi şirkətin xalis mənfəəti olacaq. Bundan başqa, “SOCAR Polymer” tərəfindən dövlət büdcəsinə istismar müddəti ərzində ümumilikdə 600 milyon dollar məbləğində vergilərin ödənilməsi nəzərdə tutulur. Şübhəsiz ki, bu da ölkənin ümumi daxili məhsulunun artmasına öz müsbət təsirini göstərəcək. 
İlkin qiymətləndirmələrə görə, “SOCAR Polymer” zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 15 faiz, Abşeron iqtisadi regionunun ümumi daxili məhsulunun həcmini isə 14 faizdən çox artıracaq. Cari ildə yeni müəssisələrin istismara verilməsi də nəzərdə tutulur.
Burada diqqətçəkən bir məqamı da xatırlatmaq istərdik. “SOCAR Polymer” müəssisəsi artıq ölkənin aqrar sektorunun inkişafına da öz müsbət təsirini göstərməyə başlayıb. Belə ki, “Aqrolizinq” ilə “SOCAR Karbamid” MMC arasında 25 min ton karbamid gübrəsinin alınması üçün müqavilə imzalanıb. Müqavilənin imzalanması “Aqrolizinq” tərəfindən 2018-2019-cu əkin ili üzrə qeydə alınan və 2019-2020-ci əkin ilində proqnozlaşdırılan əkin sahələrinin karbamid gübrəsinə olan tələbatın hesablanması əsasında həyata keçirilib. İyulun 15-də karbamid məhsulunun ilk alqı-satqısı reallaşıb.
Artıq “Aqrolizinq” tərəfindən gübrələrin güzəştli satışa çıxarılmasını təmin etmək məqsədilə karbamid gübrəsinin bütün regional nümayəndəliklərə və rayon bölmələrinə daşınması həyata keçirilir. Fermer təsərrüfat subyektlərinin rəhbərləri və sahibkarlar bütün regional nümayəndəliklərə və rayon bölmələrinə müraciət edərək həmin gübrələri asanlıqla əldə edirlər. “Aqrolizinq” tərəfindən əlavə olaraq gübrələmə mövsümündə cəmiyyətin bölmələrindən uzaqda yerləşən kəndlərdə karbamid gübrəsinin səyyar satışı da həyata keçiriləcək.
Ölkədə ilk sənaye məhəlləsi 2017-ci ildə Neftçalada istifadəyə verilib. Keçən il açılan və sahibkarlığın inkişafında əhəmiyyətli rolu olan Masallı Sənaye Məhəlləsində hazırda 10 müəssisə fəaliyyət göstərir. Sənaye məhəlləsinə sahibkarlar tərəfindən 5,3 milyon manat investisiya yatırılıb və 200-dən çox iş yeri açılıb.
Hacıqabul Sənaye Məhəlləsində tikinti-quraşdırma işləri başa çatdırılıb, bu il “Azərmaş” ASC-nin Rusiyanın “QAZ Qrup” şirkəti ilə birgə reallaşdırdığı layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub. İstehsal gücü ildə 1000 ədəd avtomobil olan zavodda 100 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Layihənin dəyəri 14 milyon manatdır. 
Cari ildə, həmçinin bu sənaye məhəlləsində “Azərmaş” ASC-nin “Qartal” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə avtobus və yük avtomobilləri istehsalı zavodunun inşasına başlanılıb. Müəssisədə birinci mərhələdə 500 ədəd müxtəlif tutumlu avtobus, ikinci mərhələdə isə 1000 ədəd avtobus və yük avtomobili istehsal ediləcək. İlk mərhələdə 100, ikinci mərhələdə isə 200 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Layihənin ümumi dəyəri 10 milyon avrodur. Birinci mərhələdə 6 milyon avro, ikinci mərhələ üzrə isə 4 milyon avro yatırılması planlaşdırılır. Zavodun tikintisi Hacıqabul Sənaye Məhəlləsində 5 hektar ərazidə reallaşacaq. 
Sabirabad Sənaye Məhəlləsində isə tikinti işləri davam etdirilir. Ümumilikdə, istifadəyə verilən 2 sənaye məhəlləsinə 50 milyon manatdan çox özəl investisiya yatırılıb, 700-dək iş yeri yaradılıb. Digər 2 sənaye məhəlləsinin istifadəyə verilməsi ilə açılan iş yerlərinin sayı 1800-ə çatacaq, 77 milyon manat özəl investisiya yatırılacaq.

 

Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”

 

18 2019 22:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə