Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb

Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə investisiya mühitinin daha da yaxşılaşdırılması üçün vergi və gömrük islahatları davam etdirilib, onlayn vahid ixrac ərizəsi, “Yaşıl dəhliz”, elektron məhkəmə, elektron satınalma, tikintidə “bir pəncərə”, biznesə başlama, elektrik enerjisinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm tədbirlər həyata keçirilib. Bütün bu sistemli yeniliklər isə ölkəmizin Dünya Bankının “Doing Business 2019” hesabatında mövqeyinin daha da yaxşılaşdırmasına zəmin yaradıb. Həmin hesabatda Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunub.  

Dövlətimizin başçısı çıxışlarının birində ölkəmizin mövqeyinin yüksəlməsini belə qiymətləndirib: “Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb. Biz il ərzində 32 pillə irəliləmişik və ən islahatçı 10 ölkə sırasında yer almışıq. Əlbəttə, xarici investorlar, eyni zamanda, yerli sahibkarlar bunu görürlər, bilirlər və beləliklə, Azərbaycana sərmayə qoyuluşu prosesi əminəm ki, bundan sonra da təmin ediləcək”.
Azərbaycanın xarici investisiya üçün cəlbedici olması təsadüfi deyil. Çünki respublikamızda əcnəbi investorların səmərəli fəaliyyəti məqsədilə hər cür şərait, xüsusilə mükəmməl qanunvericilik bazası yaradılıb, “açıq qapı” siyasəti prioritet istiqamət kimi qəbul edilib. Bundan savayı, Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı çoxsayda saziş imzalanıb. Avropa İttifaqının 20-dən çox üzv ölkəsi ilə respublikamız arasında ikiqat vergitutma aradan qaldırılıb. 
Azərbaycana investisiya qoyuluşuna marağın getdikcə artması, həm də ölkəmizin siyasi cəhətdən sabit olması, milli, dini və irqi tolerantlığı baxımından seçilməsi ilə bağlıdır. Bununla bərabər, respublika hökuməti tərəfindən həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində ölkədə güclü iqtisadi potensial mövcuddur. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.  
Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi Azərbaycan dövlətinin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.   
Burada respublikamızın iqtisadiyyatına xarici investisiya qoyuluşunda etibarlı tərəfdaş amili də mühüm önəm daşıyır. Bunun nəticəsidir ki, Avropa İttifaqı (Aİ) tərəfindən Azərbaycan iqtisadiyyatına yatırılan investisiyalar xüsusilə diqqət çəkir. Bununla bağlı əvvəlcə onu qeyd edək ki, ölkəmizlə Aİ arasında sıx iqtisadi əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycanın xarici siyasətində Aİ ilə əməkdaşlığın inkişaf etdirilməsi mühüm istiqamətlərdəndir və qarşılıqlı əlaqələrin artan dinamikasında yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlər xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bu ilin mayında Brüsselə, ümumilikdə isə son 10 ildə Avropa İttifaqına 9 səfər edib, rəhbər şəxslərlə görüşlər keçirib və müzakirələr aparıb. Aİ-nin bir sıra qurumlarının rəhbər şəxsləri ölkəmizdə səfərdə olublar. Azərbaycan və Aİ arasında müxtəlif sahələri əhatə edən müqavilə-hüquq bazası yaradılıb.
Azərbaycan Aİ-nin Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır. Aİ-nin bu regionla ticarətinin 78 faizi Azərbaycanın payına düşür. 2018-ci ildə ölkəmizin xarici ticarətində Aİ-nin payı 42 faiz təşkil edib. Bununla belə, ticarətin genişləndirilməsi üçün ardıcıl tədbirlər görülür. Mütəmadi olaraq ixrac missiyaları təşkil olunur, sahibkarlarımız beynəlxalq sərgilərdə iştirak edirlər. Azərbaycanın Polşada 10 ölkəni əhatə edən ticarət nümayəndəliyi, Riqa və Varşavada ticarət evləri fəaliyyət göstərir. Ötən il Aİ ilə ticarət dövriyyəsində 30 faizlik artıma nail olunub.
İnvestisiya sahəsində də uğurlu əməkdaşlıq müşahidə olunur. Aİ ölkələri tərəfindən Azərbaycan iqtisadiyyatına 33,6 milyard dollar, respublikamız  tərəfindən  isə bu dövlətlərə 15 milyard dollaradək investisiya yatırılıb. Hazırda Azərbaycanda Aİ ölkələrinin 1600-dan çox şirkəti fəaliyyət göstərir.
Azərbaycanın Aİ-nin əsas enerji tərəfdaşlarından biridir. Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması nəticəsində bu sahədə əməkdaşlıq getdikcə genişlənir. Bu, nəhəng infrastruktur layihəsinə 40 milyard dollaradək sərmayə yatırılıb. Layihənin 3 komponenti – “Şahdəniz 2”, Cənubi Qafqaz Boru Kəməri və TANAP artıq istifadəyə verilib. TAP üzrə işlərin gələn il başa çatdırılması gözlənilir.
Azərbaycanın enerji siyasəti qarşılıqlı maraqlara əsaslanır və bu siyasət sayəsində indiyə kimi ölkəmizin neft-qaz sektoruna 100,6 milyard dollar investisiya yatırılıb ki, bunun da təxminən 85 milyard dolları xarici investisiyanın payına düşür.
Ümumiyyətlə, dünyada iqtisadi artım tempinin, ticarət və emal sektorunun zəifləməsinə, qlobal iqtisadiyyatdakı risklərə baxmayaraq, Azərbaycanda həyata keçirilən məqsədyönlü, qlobal çağırışlara cavab verən siyasət nəticəsində əlverişli biznes və investisiya mühiti hökm sürür. Məhz bunun nəticəsidir ki, cari ilin birinci rübündə Azərbaycanda ÜDM  3 faiz, qeyri-neft ÜDM-i 1,7 faiz,   qeyri-neft sənayesi 16,1 faiz artıb. Hesablamalara görə, 2019-cu ildə ÜDM 3,2 faiz, qeyri-neft ÜDM-i isə 3,4 faiz  artacaq.
Ötən il ölkə iqtisadiyyatına 8,2 milyard dolları xarici investisiyalar olmaqla, 15,3 milyard dollar investisiya yatırılıb. Ümumilikdə isə müstəqillik illərində investisiyaların həcmi 263 milyard dollar olub ki, bunun da 50 faizdən çoxu xarici sərmayələrdir. 

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

18 2019 22:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə