Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 315    Bakı şəhəri, 16 iyul 2019-cu il


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda  dəyişikliklər edilməsi barədə

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1358-VQD nömrəli Qanununun tətbiqi və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 419 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:  
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 391; 2005, № 4, maddə 377, № 6, maddə 548; 2007, № 2, maddələr 197, 201; 2008, № 2, maddə 105, № 9, maddə 862; 2009, № 11, maddə 936; 2012, № 1, maddə 44; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955, № 9, maddə 1596; 2017, № 6, maddə 1237, № 10, maddə 1934, № 11, maddələr 2153, 2159; 2018, № 4, maddə 782, № 10, maddə 2181, № 12 (II kitab), maddə 2750; 2019, № 3, maddə 539; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 iyun tarixli 254 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2.10.1-ci, 2.10.2-ci, 2.10.3-cü və 2.10.4-cü yarımbəndlərdə “büdcə gəlirlərinin” sözləri “büdcə və büdcədənkənar gəlirlərin” sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 2.10.6-1-ci, 2.10.6-2-ci, 2.11.6-1-ci və 2.11.6-2-ci yarımbəndlər əlavə edilsin: 
“2.10.6-1. hesablanmış, ödənilmiş, artıq ödənilmiş vergilər və artıq ödənilmiş vergilərin büdcədən qaytarılan məbləğləri barədə əvvəlki iki il və cari ilin müvafiq hesabat dövrü üzrə məlumatlar;
2.10.6-2. Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalara dair məlumatlar;
2.11.6-1. hesablanmış, ödənilmiş, artıq ödənilmiş vergilər və artıq ödənilmiş vergilərin büdcədən qaytarılan məbləğləri barədə əvvəlki iki il və cari ilin müvafiq hesabat dövrü üzrə məlumatlar;
2.11.6-2. Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş güzəşt və azadolmalara dair məlumatlar;”.
3. 2.10.7-ci yarımbəndin altıncı abzasından “, vergi güzəştlərinin qiymətləndirilməsinə dair haqq-hesab cədvəlləri” və 2.11.7-ci yarımbəndin altıncı abzasından “, vergi və rüsumlar üzrə güzəştlərin qiymətləndirilməsinə dair haqq-hesab cədvəlləri” sözləri çıxarılsın.
4. 3.3-cü bənddə “yuxarı həddi də” sözləri “yuxarı həddi və Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar da” sözləri ilə əvəz edilsin.
5. 3.4.2.2-ci yarımbənd ləğv edilsin.
6. 5.3-cü bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Azərbaycan Respublikasının Vergilər Nazirliyi aylıq, rüblük və ilin əvvəlindən artan yekunla gəlirlərin təsnifatı üzrə hesabatlara müvafiq dövr üzrə hesablanmış, ödənilmiş, artıq ödənilmiş vergilər, artıq ödənilmiş vergilərin büdcədən qaytarılan məbləğləri və vergi borcları barədə məlumatları əlavə edir.”.
7. 5.9-cu bənd üzrə: 
7.1. “dövlət büdcəsinin” sözlərindən əvvəl vergül işarəsi əlavə edilsin; 
7.2. “dövlət zəmanəti ilə alınmış borclar üzrə əməliyyatlar” sözləri “dövlət borcalmaları üzrə əməliyyatlar (Azərbaycan Respublikasının adından imzalanmış kredit müqavilələrinin şərtləri nəzərə alınmaqla)” sözləri ilə əvəz edilsin; 
7.3. aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Azərbaycan Respublikasının adından imzalanmış kredit müqavilələrinin şərtlərinə uyğun olaraq xarici kredit təşkilatları tərəfindən ayrılan maliyyələşmələrin (ödənişlərin) dövlət xəzinədarlığının bank hesabları vasitəsilə deyil, layihələr üzrə icraçıların bank hesablarına birbaşa ödənilməsi nəzərdə tutulduğu halda, həmin maliyyələşmələr (ödənişlər) üzrə əməliyyatlar, bu əməliyyatların icrası barədə xarici kredit təşkilatlarının ödəniş bildirişləri əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsinin kəsirinin həmin məbləğdə bağlanılması hesabına təmin edilir.”.
8. 5.21-ci bəndin birinci və ikinci abzasları aşağıdakı redaksiyada verilsin:
“İlin sonuna bütün xəzinə hesablarının qalıqları vahid xəzinə hesabına köçürülür. Vahid xəzinə hesabının sərbəst qalığı dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və (və ya) növbəti ilin dövlət büdcəsi xərclərinin on ikidə bir hissəsi həmin il üzrə Qanunun 7-ci maddəsində göstərilən xərclərin ödənilməsinə yönəldilir, qalan vəsaitin dövlət büdcəsinin neft gəlirlərinin cari büdcə ili üçün dövlət büdcəsində nəzərdə tutulan məbləğindən artıq daxil olan hissəsindən çox olmayan məbləği Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürülür. Vahid xəzinə hesabının sərbəst qalığının yerdə qalan hissəsi bu Qaydaların 5.44-cü bəndində nəzərdə tutulmuş qaydada idarə edilir. Bu bənddə nəzərdə tutulan əməliyyatlar aparıldıqdan sonra vahid xəzinə hesabının sərbəst qalığının qalan hissəsi isə Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülür.”.
9. 5.33-cü bəndə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:
“Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən icrası təmin olunan gəlirlər üzrə bu Qaydaların 5.3-cü bəndinin ikinci cümləsində göstərilən məlumatlar da hesabata əlavə edilir.”. 
10. 5.44-cü bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən idarə olunur və (və ya) idarəetməyə verilir, yaxud dövlət borcuna xidmətlə əlaqədar xərclərin həmin ilin dövlət büdcəsində dövlət borcuna xidmət edilməsi ilə bağlı nəzərdə tutulan xərclərdən artıq olan hissəsinin maliyyələşdirilməsini təmin etmək üçün Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürülür.”.
11. 7.2-ci bənddə “Büdcə” sözü “Bu Qaydaların 7.2-1-ci bəndində nəzərdə tutulan hal istisna olmaqla, büdcə” sözləri ilə əvəz edilsin.
12. Aşağıdakı məzmunda 7.2-1-ci bənd əlavə edilsin:
“7.2-1. Dövlət borcuna xidmət, o cümlədən əsas məbləğin və faizin qaytarılması üzrə xərclər cari büdcə ilində həyata keçirilən yeni dövlət borcalması və (və ya) Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaiti hesabına ödənildikdə, bu xərclərin həmin ilin dövlət büdcəsində dövlət borcuna xidmət edilməsi ilə bağlı nəzərdə tutulan xərclərdən artıq olan hissəsi dövlət büdcəsinin xərclərinə aid edilmir.”.
13. 7.4-cü bəndə “borcunun” sözlərindən sonra “, habelə il ərzində veriləcək dövlət zəmanətinin” sözləri əlavə edilsin.

 

Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə