Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Terrorizm qorxunc bəşəri kabusdur

Terrorizm qorxunc bəşəri kabusdur

Terrorizm bir bəşəri kabus kimi dünyanın hər yerinə ayaq açır. Cinayətkarlığın ən təhlükəli formalarından biri olan bu kabus bütün ölkələrin başı üzərində dolaşır. İnsanları vahiməyə salan dəhşətli hadisələri törədənlərə heç bir halda haqq qazandırmaq mümkün deyil. Çünki bütün terror aktlarının qurbanları günahsız insanlar olur, şəhərlər, qəsəbələr dağıdılır, viran qoyulur, nəticədə ölkələrə və xalqlara külli miqdarda ziyan dəyir.
Azərbaycan daim terrorizmə qarşı mübarizədə fəallıq göstərib. Bunun da əsas səbəblərindən biri respublikamızın terrora ən çox məruz qalan ölkələr sırasında olmasıdır. Xatırladaq ki, 1988-ci ildən bəri Ermənistanın terror təşkilatları tərəfindən müxtəlif dövrlərdə ölkəmizdə 500-ə yaxın qanlı terror aktı törədilmiş, nəticədə 2500-dən artıq soydaşımız qətlə yetirilmiş, iki mindən çox insan həlak olmuş, 1808 nəfər yaralanmış, çoxlu sayda günahsız insan ömürlük şikəst olmuşdur. Terror aktları nəticəsində həlak olanların böyük əksəriyyətini qadın, uşaq və qocalar təşkil edir. Bu qanlı terror aktları zamanı maddi-mədəni abidələrimiz yer üzündən silinmiş, kəndlər və qəsəbələr viran qalmışdır. Məhz bu baxımdan Azərbaycan terrorizmə qarşı mübarizədə beynəlxalq alyansın çox fəal üzvü kimi, regional təhlükəsizliyin möhkəmləndirilməsinə böyük töhfələr verir.
Azərbaycan terrorizmlə mübarizədə beynəlxalq birliyin səylərini həmişə müdafiə etməklə siyasi, iqtisadi, dini və digər motivlərdən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərinə qarşı barışmaz mövqe tutub. Terrorizmin ən təhlükəli cəhəti ondan ibarətdir ki, o, yeni dünya müharibəsinə zəmin yaradır. Bu gün bəzi böyük dövlətlər “özgə əllərlə müharibə”yə üstünlük verirlər, bu isə terrorizmin daha geniş miqyas almasına və inkişafına səbəb olur.
Terrorizmin mahiyyəti 1999-cu ildə qəbul edilmiş “Terrorizmlə mübarizə haqqında” Qanunda da öz əksini tapıb. Qanunun 1-ci maddəsində qeyd olunur ki, terrorizm dedikdə, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq və ya dövlət hakimiyyəti orqanları tərəfindən terrorçuların maraqlarına cavab verən qərarların qəbul edilməsinə nail olmaq məqsədilə insanların kütləvi şəkildə qırılmasına, onlara bədən xəsarəti yetirilməsinə, yaxud səhhətinə başqa cür zərər vurulmasına, habelə, digər ağır nəticələrə səbəb olan əməllərin törədilməsi və ya bu cür əməllərin törədilməsinə yönələn hədə başa düşülür. Terrorizmə qarşı mübarizə haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, o cümlədən ölkəmizin tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən bu qanundan və qanunvericilik aktlarından ibarətdir.
Qanunda göstərildiyi kimi, terrorizmə qarşı mübarizənin məqsədi insan hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin edilməsi, terrorizmin aşkar edilməsi, qarşısının alınması və terrorizm nəticəsində gözlənilən zərərin minimuma endirilməsi, terrorizmin yaranması, həyata keçirilməsi səbəbinin və şəraitinin aşkar və ləğv edilməsidir.
Azərbaycan terrorizmlə mübarizədə beynəlxalq birliyin səylərini həmişə müdafiə etməklə siyasi, iqtisadi, dini və digər motivlərdən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərinə qarşı barışmaz mövqe tutub. Erməni terror təşkilatlarının bir- birinin ardınca törətdikləri terror aktları zamanı uşaqdan tutmuş ahıl insanlara, hamilə qadınlara qədər xeyli sayda soydaşımız qətlə yetirilmişdir. 
Respublikamz terrora məruz qalan bir ölkə kimi daim beynəlxalq terrorizmə qarşı mübarizədə fəal olmuş, bu təhlükəli kabusun qarşısının alınmasında beynəlxalq birliyə öz töhfəsini vermişdir. Prezident İlham Əliyev 2015-ci il noyabrın 17-də Parisdə UNESKO Baş Konfransının 38-ci sessiyasında Liderlər Forumundakı çıxışı zamanı baş vermiş terror aktlarını kəskin pisləyərək demişdir: “Beynəlxalq ictimaiyyət bu bəla ilə mübarizə aparmaq üçün səylərini birləşdirməlidir. Dünyada heç bir ölkə terror aktlarından sığorta olunmayıb. Ona görə də yalnız beynəlxalq ictimaiyyətin birləşmiş səyləri bizə bu bəla ilə mübarizədə yardım göstərə bilər. Azərbaycan keçmişdə müxtəlif terror aktlarından əziyyət çəkən ölkə kimi beynəlxalq terrora qarşı mübarizədə mühüm rol oynayır və bu rol beynəlxalq ictimaiyyət tərəfindən qiymətləndirilir”.
Terrorizmlə mübarizə dünya birliyinin daim diqqət mərkəzində saxladığı zəruri məsələlərdən olub. Çünki dünya ictimaiyyətinə də bəllidir ki, heç bir ölkə terrordan yan keçə bilməz. Bunu dünyanın ən qüdrətli ölkələrində baş vermiş terror aktları da təsdiqləyir. Məhz buna görə də BMT və digər beynəlxalq qurumlar, regional təşkilatlar – İnterpol, ATƏT, NATO, MDB, Ərəb Dövlətləri Liqası və digərləri beynəlxalq terrorizmə qarşı mübarizədə iştirak edirlər. Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərindən hesab edilən ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya və Rusiyanın terrorizmə qarşı birgə mübarizəsində əsas məqsəd bu qorxunc kabusun qarşısını almaqdır. 
Təəssüf ki, bu sahədə də ikili standartlar hələ mövcuddur. Belə ki, bu vaxta qədər nə beynəlxalq təşkilatlar, nə də dünyanın inkişaf etmiş dövlətləri Ermənistanda yuva salmış terror təşkilatlarının azərbaycanlılara qarşı törətdikləri terror aktlarına ciddi münasibət bildiriblər. Hətta Ermənistana bu barədə hər hansı bir cəza tətbiq olunmayıb. Görünür, özlərini görməzliyə vuran həmin ölkələrin rəhbərlərinə elə gəlirdi ki, terror aktları yalnız müstəqillik yolunda ilk addımlarını atan gənc, nisbətən zəif ölkələrdə törədilə bilər. Amma, 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror aktı, son dövrlərdə isə bir-birinin ardınca Rusiyada, Türkiyədə, Fransada və digər ölkələrdə baş verən qanlı hadisələr, insan tələfatı, dağıntılar göstərdi ki, artıq terror milli sərhədləri çoxdan aşaraq, Qərbə və Avropaya yönəlib.
2001-ci il 11 Sentyabr hadisələrindən sonra da beynəlxalq aləmdə baş verənlər təsdiqlədi ki, Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə həmişə barışmaz mövqe tutub. Həmin dəhşətli hadisədən sonra bir çox dövlətlər gözləmə mövqeyi tutduğu halda, ulu öndər Heydər Əliyev bu terror aktına dərhal münasibət bildirmiş, bunu bütövlükdə bəşəriyyətə, insanlığa qarşı ən dəhşətli cinayət kimi pisləmiş və Azərbaycanın terrorla mübarizədə hər zaman fəal mövqe tutacağını bəyan etmişdi. Həmin vaxt AŞPA-da Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri olan İlham Əliyev də assambleyanın sessiyasındakı çıxışında ABŞ-da törədilən terror aktlarını, ümumiyyətlə, beynəlxalq terrorizmi kəskin pisləmişdi.
Respublikamız qlobal və regional səviyyədə terrorçuluğa qarşı mübarizə məqsədilə qəbul edilən bütün konvensiyalara qoşulmuş, bu məzmunlu 13 ikitərəfli saziş, 15 protokol və 2 memoranduma imza atmış, BMT-nin antiterrorizmə dair 13 konvensiyasını ratifikasiya etmişdir. İndiyədək ölkəmizdə Avropa İttifaqının terrorizmə qarşı mübarizəni nəzərdə tutan 9 konvensiyası ratifikasiya edilib. Son illər ölkəmizin BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında terrorizmə qarşı aparılan mübarizədə fəal iştirakı da xüsusilə qeyd edilməlidir. 
Respublikamızın BMT Təhlükəsizlik Şurasının Terrorizmə Qarşı Komitəsi ilə sıx əməkdaşlıq etməsi təqdirəlayiq hal kimi dəyərləndirilir. Azərbaycanda terrorizmə qarşı mübarizədə görülən əməli tədbirlər haqqında bu ali quruma müvafiq hesabatlar təqdim edilib. Bütün bunlar Azərbaycanı beynəlxalq antiterror koalisiyasının fəal iştirakçılarından biri kimi tanıdıb. İraq, Əfqanıstan və Kosovoda sülhməramlı missiyanın yerinə yetirilməsində Milli Ordumuzun üzvlərinin fəal iştirakı da bunun bariz nümunəsidir. NATO-nun Xüsusi Əməliyyatlar Qərargahının komandanı, vitse-admiral Kolin Kilyerin dedikləri də ölkəmzin beynəlxalq terrorizmə qarşı fəal mübarizə aparmasından xəbər verir: “Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır. Azərbaycan terrorizmlə mübarizədə iştirak edir, sülhməramlı əməliyyatlar üçün yükdaşımalarına önəmli töhfələr verir. Əfqanıstanda həyata keçirilən əməliyyatlarda azərbaycanlı sülhməramlıların göstərdiyi peşəkarlıq yüksək qiymətləndirilməlidir”.
Azərbaycanın bu qorxunc kabusa qarşı apardığı məqsədyönlü mübarizəsinin beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməsi bir neçə il əvvəl ABŞ Dövlət Departamentinin terrorizmə qarşı mübarizə ilə bağlı yaydığı hesabatda da öz əksini tapıb. Bildirilir ki, Azərbaycan beynəlxalq terrorizmə qarşı ABŞ ilə sıx əməkdaşlığını davam etdirib və terrorçu təşkilatlara qarşı fəal şəkildə mübarizə aparıb. Azərbaycan bu istiqamətdə səylərini davam etdirməyə hazır olduğunu bildirib.
Hesabatda, həmçinin qeyd edilir ki, ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının və digər regional təşkilatların fəal üzvü olan Azərbaycan terrorizmə qarşı mübarizədə, həmçinin NATO ilə birgə fəaliyyətini davam etdirib. Bundan başqa, rəsmi Bakı terrorizmə, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə hüquq-mühafizə orqanlarının fəaliyyətini əlaqələndirmək üçün Xəzəryanı ölkələrin işçi qruplarının iclaslarında iştirak edib. Bununla yanaşı, Avropa Şurasının Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) üzvü olan Azərbaycanın terrorçuların maliyyələşdirilməsinə və çirkli pulların yuyulmasına qarşı mübarizə, qanunsuz silah və sursatın müsadirə edilməsi sahələrində gördüyü işlər və həyata keçirdiyi əməkdaşlıq yüksək qiymətləndirilir.

 

Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”

18 2019 22:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə