Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Diplomatiyamızın böyük uğuru

Diplomatiyamızın böyük uğuru

Ermənistan -- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrinin aradan qaldırılması və nizamlanması dövlət başçımızın həyata keçirdiyi daxili və xarici siyasətin prioritetini təşkil edir. Dövlətimizin başçısı  Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirərək, bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik maraqlarının üstün tutduğunu bəyan edir. Möhtərəm Prezidentimiz bu vaxta qədər bütün xarici səfərlərində, eləcə də Bakıda keçirdiyi çoxsaylı görüşlərdə, beynəlxalq tədbirlərdə  Ermənistanın işğalçı siyasətdən hələ də əl çəkmədiyini, təxribatlar törətdiyini, atəşkəş rejimini pozduğunu, dinc əhalini qətlə yetirdiyini  daim önə çəkir. Bununla yanaşı, dövlətimizin başçısı  Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə heç vaxt  barışmayacağını, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyini də bəyan edir. 

Artıq dünya birliyi də etiraf edir ki, Azərbaycan tərəfi münaqişənin dinc vasitələrlə nizama salınmasının tərəfdarıdır. Dövlətimizin başçısı bunu dəfələrlə bəyan edib və Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində öz prinsipial mövqeyində qaldığını bildirib: “Bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməlidir, işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır”.
Artıq nüfuzlu beynəlxalq təşkilatlar da Ermənistanın işğalçı dövlət olduğunu rəsmən təsdiqləyir, Azərbaycanın haqq səsini eşidir və əsl həqiqəti etiraf edirlər. Bunu son illər qəbul edilən qətnamələr də təsdiqləyir. 
Bir müddət əvvəl Lüksemburqda keçirilən ATƏT PA-nın 28-ci illik sessiyası çərçivəsində Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitəsinin iclasında qəbul edilən qətnamə də bunun təsdiqidir. Həmin qətnamə diplomatiyamızın tarixində növbəti uğur və nüfuzlu beynəlxaıq təşkilat tərəfindən Ermənistana daha bir zərbədir. Xatırladım ki, 2015 – ci il iyulun 7- də ATƏT PA-nın Helsinkidə keçirilən və Helsinki Yekun Aktının qəbul edilməsinin 40 illiyinə həsr olunan 24-cü yay sessiyası hər bir dövlət, xüsusilə də bu prinsiplərin pozulmasından əziyyət çəkən və işğala məruz qalan Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etmişdir. 
Dörd il əvvəl keçirilən sessiyada da ermənilər qətnamənin qəbul edilməməsi üçün çox canfəşanlıq etdilər , ancaq istəklərinə nail ola bilmədilər. Hətta onların irəli sürdükləri 14 dəyişiklikdən heç biri dəstəklənmədi və sənəd olduğu kimi qəbul edildi. ATƏT ­PA-nın plenar sessiyasında Ermənistan nümayəndə heyətinin qətnamənin Helsinki bəyannaməsi və sənədlərinə daxil edilməsinin qarşısını almaq cəhdi heç bir nəticə vermədi və qurum sözügedən qətnaməni özünün rəsmi sənədi elan etdi. Həmin qətnamənin 10 mühüm maddəsi Azərbaycan üçün çox əhəmiyyətli idi. 
Lüksemburqda keçirilən ATƏT PA-nın 28-ci illik sessiyasında qəbul edilən qətnamə də Ermənistanın bütün ümidlərini puç elədi. Artıq ATƏT ­PA-da Ermənistanın işğalçı siyasətindən təngə gəldiyiniu rəsmiləşdirdi. Məlum olduğu kimi, həmin sessiyada Azərbaycan üçün xüsusi əhəmiyyətli, olduqca vacib məsələ müzakirə edilib. İrlandiyalı deputat Alan Farrellin “Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusunda məruzəsində dondurulmuş münaqişələr məsələsinə toxunub. 
Məruzəçinin hazırladığı hesabat və qətnamədə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ATƏT regionunda davam edən digər münaqişələrin həlli prosesi haqqında vacib müddəalar yer alıb. Bununla yanaşı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, eləcə də Gürcüstan, Ukrayna və Moldovada davam edən münaqişələrin davamlı həlli yollarının hələ də tapılmaması ilə bağlı narahatlılıq bildirilib, eləcə də onların həllinin hüquqi bazasını təşkil edən sənədlərin siyahısı öz əksini tapıb.
Hüquqi bazaya gəlincə, bu , kifayət qədərdir. Fakt üçün diqqətə çatdıraq ki, Azərbaycan ərazisində davam edən münaqişəyə dair BMT Təhlükəsizlik Şurasının1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələri , BMT Baş Assambleyasının 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnaməsi, həmçinin ATƏT-in Minsk qrupunun fakt araşdırıcı missiyasının 2005-ci ildə hazırladığı hesabatı və ATƏT PA-nın 2015-ci il Helsinki illik sessiyasında “ATƏT ərazisində dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə bağlılıq” haqqında qətnaməsi Ermənistanın işğalçı dövlət olduğunu bir daha təsdiqləyir. 
Lüksemburqda irlandiyalı deputatın məruzəsindən sonra təklif olunmuş yekun qətnaməyə düzəlişlərlə bağlı kəskin debatlar olub. Erməni tərəfi bütün gücünü, lobbi fəaliyyətini, hətta havadarlarını da işə salaraq yekun qətnaməyə düzəlişlərdə öz variantlarını keçirməyə çalışıblar. Ancaq dörd il əvvəl olduğu kimi, bu dəfə də fiaskoya uğrayıblar. Çünki Azərbaycan nümayəndə heyəti beynəlxalq hüququn ali prinsiplərini əsas götürərək, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan məqamları müdafiə edib və istəyinə nail olub. 
Ərazisi 3 dəfə, əhalisi isə Dağlıq Qarabağdan təxminən 7 dəfə çox olan 7 ətraf rayonun bu sənəddə sadalanmasının əhəmiyyəti xalqımız və dövlətimiz üçün böyük əhəmiyyət kəsb edir. Bu müddəaları assambleyanın sənədlərinə daxil etməklə ölkəmiz tarixi ədalətin bərqərar olunmasına bir addım da yaxınlaşmış olur.
ATƏT PA-nın 28-ci illik sessiyasında qəbul olunmuş qətnamə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək göstərilməsinin öz üzərinə götürən ATƏT və onun Parlament Assambleyasının Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə tam sadiqliyinin göstəricisidir. Bu, Azərbaycanın diplomatiya tarixinə növbəti uğur kimi həkk olundu. 

 

Rüstəm XƏLİLOV,
Milli Məclisin deputatı

 

18 2019 22:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə