Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şamaxıda pilot layihəyə start verildi

Şamaxıda pilot layihəyə start verildi

Şamaxıda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı pilot layihənin təqdimatı keçirilib. Tədbirdə Vergilər Nazirliyinin və Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbər vəzifəli şəxsləri, Kənd Təsərrüfatı Nazirliyinin, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarının, rayondakı qəsəbə, kənd icra nümayəndəliklərinin və bələdiyyələrin rəhbərləri, 4 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov açaraq ölkəmizin, eləcə də Şamaxı rayonunun iqtisadiyyatında kənd təsərrüfatı sahəsinin mühüm yer tutduğunu qeyd edərək, Prezident İlham Əliyev tərəfindən bu sahə başda olmaqla, ümumilikdə qeyri-neft sektorunun inkişafına göstərilən diqqətdən danışmışdır. Belə bir mühüm pilot layihəsinin Şamaxı rayonundan başlanmasına görə Vergilər Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Sonra çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılmasını zəruri edən səbəblər, bu sahədəki real vəziyyət, mövcud problemlərin aradan qaldırılması üçün vergi orqanları və aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı və digər vacib məsələlər barədə məlumat verib.
Qeyd olunub ki, kənd təsərrüfatında uçotun dürüstləşdirilməsində başlıca məqsəd bu sahədə fəaliyyət göstərən istehsalçıların vergiyə cəlb edilməsi yox, real vəziyyəti düzgün əks etdirən uçotun aparılmasıdır. Digər tərəfdən kənd təsərrüfatı məhsulları istehsalçıları uçot aparmamaqla və hesabat təqdim etməməklə, 3-cü şəxslərin vergidən yayınmasına şərait yaratmış olurlar ki, bu da yolverilməzdir. Vurğulanıb ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları 20 ildən çoxdur ki, torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunublar. 2019-cu ildən etibarən bu azadolunmanın müddəti daha 5 il müddətinə uzadılıb. Bu sahədə çalışanlara dövlət tərəfindən subsidiyalar verilir, onlar bir sıra əlavə güzəştlərdən və yardımlardan istifadə edirlər.
O da qeyd olunub ki, layihə çərçivəsində aparılacaq işlər yalnız kənd təsərrüfatı təyinatlı torpaqlarda satış üçün məhsul istehsalını əhatə edir və fərdi həyətyanı torpaq sahələrində istehsal olunan məhsullar bura aid deyil.
Bundan əlavə, kənd təsərrüfatı təyinatlı pay torpaqlarının mülkiyyətçiləri və ailə kəndli təsərrüfatlarının üzvləri məcburi sosial sığorta məqsədləri üçün uçota alınmadıqda, onlar gələcəkdə layiqli pensiya təminatı ala bilməyəcəklər.
Bildirilib ki, kənd təsərrüfatı sahəsində uçotun və hesabatlılığın səviyyəsi qaneedici hesab oluna bilməz və müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasındakı ciddi uyğunsuzluqlar mövcuddur. Həmin uyğunsuzluqların aradan qaldırılması üçün üçün digər aidiyyəti dövlət qurumları ilə birlikdə böyük layihə hazırlanıb və bu işlərə Şamaxı rayonunda başlanılması qərara alınıb. Tədbir iştirakçılarına görülməsi nəzərdə tutulan işlər barədə ətraflı məlumatlar verilib, vergi orqanlarına aidiyyəti dövlət orqanlarının yerli qurumları, qəsəbə, kənd icra nümayəndələri və bələdiyyələrlə əlaqəli şəkildə işləmək tövsiyə olunub.

 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

18 2019 22:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə